')

Bu gün:


FutbolPress.Az | Məktəblərdə Fiziki tərbiyə fənninin tədrisi - bu məsələyə ciddi yanaşılırmı?

Məktəblərdə Fiziki tərbiyə fənninin tədrisi - bu məsələyə ciddi yanaşılırmı?


oxunma sayı: 1434 Paylaş:

FutbolPressOrta məktəblərdə keçilən Fiziki tərbiyə dərsləri yeniyetmə və gənclərin sağlamlığında əhəmiyyətli rol oynayır. Fənnə dərin maraq oyatmaq üçün ilk növbədə, çalışmaq lazımdır ki, uşaqlar bu hərəkətlərin onların sağlamlığında xüsusi əhəmiyyət kəsb etdiyini anlasınlar. Şagirdlərdə sözügedən fənnə maraq oyadılması müəllimlərin üzərinə düşən məsuliyyətdir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əksər məktəblərdə bu fənnə ciddi yanaşılmır. Müəllimlər 45 dəqiqəlik zaman dilimini uşaqların futbol, voleybol və ya başqa idmanla məşğul olmasına sərf edirlər.

Validenlər bu məsələdən heç də razı deyillər. Müsahibim Tağı Tağıyev bir çox müəllimin bu işə məsuliyyətlə yanaşmadığını dedi:

"İki övladım hazırda məktəblidir. Biri 6-cı, digəri isə 8-ci sinifdə təhsil alır. Bir çox hallarda müəllimlər bu fənni şagirdlərə futbol oynatmaqla tədris edirlər. İsti-soyuq demədən. Düşünmürlər ki, şagird bundan sonra növbəti dərsə girəcək. Həmçinin sağlamlıq burada önəmli yer tutur. Dəfələrlə olub ki, oğlum futbol oyunu zamanı xəsarət alıb. Müəllimin bundan xəbəri mən deyəndən sonra olub. Lakin bildiyim qədər fiziki tərbiyə olduqca ciddi və məsuliyyət tələb edən fənndir".

Bakı şəhər 20 nömrəli məktəbin Fiziki tərbiyə müəllimi Sahib Mustafayev bu məsələdə valideynlərə haqq verdiyini qeyd etdi:

"Bəzən müəllim olur ki, işinə məsuliyyətsiz yanaşır. Uşaqların təhlükəsizliyi ilə maraqlanmır. Fəaliyyətim dövründə görmüşəm ki, müəllim idman formasını belə geyinmir. Onun öncəliklə məsuliyyəti şagirdə təhlükəsizlik qaydalarını öyrətməkdir. Həmçinin, diqqət etməlidir ki, şagirdlərin məşq zamanı həyatına hər hansı təhlükə olmasın. Fiziki tərbiyə fənni mənim üçün digər dərslərdən üstündür. Çünki yeganə fənndir ki, burada ölüm halı hər an ola bilər. Həmçinin, digər fənnlərdə şagird aktiv olmur. Hamısı oturaq fəaliyyətdədir".

Mustafayev Fiziki tərbiyə dərsinin tədrisində 6 istiqamətin olduğunu dedi:

"Bu fənn 6 hərəki qabiliyyət üzərində qurulub: sürət, sürət-güc, ərgənlik, qüvvə, çeviklik, dözümlülük. Dərsin proqramı bu qabiliyyətlər üzərində qurulmalıdır. Bu adların hərəsinə görə öz istiqaməti var. Elə müəllimlər var ki, bunlara diqqət etmək nədir, heç dərsi normal tədris etmir. Topu uşaqlara verir ki, gedib futbol oynasınlar. Amma bu, bizim məktəbdə belə deyil. Ötən il müxtəlif istiqamətlər üzrə 3 uğur əldə etmişik. Bakı məktəbləri arasında keçirilən futbol yarışda qalib olmuşuq. Həmçinin, şagirdlərimiz estafet qaçışı üzrə ilk yeri tutub. OCEP layihəsi üzrə isə gümüş medal əldə etmişik. Şagirdləri dərs zamanı müşahidə edirəm və görürəm ki, həmin şəxs futbolda daha inkişaf edə bilər və ya başqa idman növündə. İndi 2 şagirdim AFFA-nın müvafiq yaş kateqoriyası üzrə yarışlarda çıxış edir. Zamanında onları düzgün yönləndirmişdim. Ümumilikdə isə şagirdin fiziki gücünün aşağı olmasını məktəblərlə əlaqələndirmək olar. Əgər onlar Fiziki tərbiyə dərslərində lazım olan normativləri yerinə yetirsələr, nəticələr daha da yaxşı olar. Ən azı şagirdlər turnik və digər hərəkətləri uğurla yetinə yetirməyi bacarmalıdırlar".



Yunan-Roma güləşi üzrə U-15 milli komandasının məşqçisi Əbilfət Məmmədov ümumən uşaqlarda fiziki durumun aşağı olduğunu qeyd etdi:

"Hazırda gənclərin fiziki hazırlıqları olduqca aşağıdır. Öncəliklə buna səbəb kimi internet və sosial medianı görürəm. Baxın, əvvəllər vaxt olan kimi uşaqlar futbol, voleybol və digər idman növləri ilə məşğul olurdular. Həyətə qaçırdılar. Hərəkətlilik və çeviklik var idi. Qan dövranı yaxşı inkişaf edirdi. Sağlam nəsil yetişirdi. Amma indi bu belə deyil. Hamısının başı qarışıb sosial mediayaya. Düzdür, məktəbdə də fiziki hazırlıq üzrə inkişaf etmək olar. Amma bu konkret həll deyil. Çünki orada fəaliyyət bir neçə istiqamət üzrə olur. Lakin yenə də turnik, qaçış və digər fiziki hərəkətlər yerinə yetirilməlidir".

Məmmədov yaşayış yerinin fiziki göstəriciyə təsir etdiyini bildirdi:

"Yaşayış yerinin fiziki göstəricilərə ciddi təsiri var. Şəhərdə böyüyən gənclə, rayon yerində yaşayanlar arasında ciddi fərq var. Həmçinin, bina evində yaşayan şəxsin fiziki göstəricisi aşağı olur. Çünki hərəkətsiz olur. Evlərinə belə liftlə qalxırlar. Amma həyət evində yaşayan biri daim hərəkətdə olur, qan dövranı daha yaxşı inkişaf edir. Lakin qeyd etmək lazımdır ki, şəhər yerində yaşayan birinin qavrama qabiliyyəti daha yaxşı olur. Hər iki kompanenti özündə birləşdirən şəxs uğur qazana bilər".

Məlik Məlikov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.



oxunma sayı: 1434 | Paylaş:




?>