')

Bu gün:


FutbolPress.Az | Aqil Nəbiyev: "Kim deyirsə ki, Azərbaycanda futbolçu yoxdur, səhvdir" (MÜSAHİBƏ)

Aqil Nəbiyev: "Kim deyirsə ki, Azərbaycanda futbolçu yoxdur, səhvdir" (MÜSAHİBƏ)


oxunma sayı: 1491 Paylaş:

FutbolPressAzərbaycanın U-19 millisinin baş məşqçisi Aqil Nəbiyevin "FutbolPress"ə müsahibəsi:

- Uşaq futbolunun ümumi mənzərəsini necə ifadə edərdiniz?
- Vəziyyət ürəkaçan deyil. Belə deyim, bizdə istedadlı uşaqlar çoxdur. Kim deyirsə ki, Azərbaycanda futbolçu yoxdur, səhvdir. Kifayət qədər yaxşı uşaqlarımız var. Sadəcə bir yaşa çatandan sonra əksər futbolçuları itiririk. Uşaq futbolunda tək uşaqlara taktiki, texniki tərəfləri öyrətməli deyilik, onların qayğıları, problemləri ilə maraqlanmalı, həll yolları tapmalıyıq. Problemlər çoxdur, demək olar, əsas məsələ də klublardan qaynaqlanır. Komandalar aşağı yaş qrupları üçün lazımi diqqəti ayırmır. Belə deyim, uşaqlar milliyə klublardan gəlir. Bizimlə 10-15 gün birlikdə olur. O müddətdə onda hansı tərəfi inkişaf etdirmək olar? Ona görə uşaqlar klublardan hazırlıqlı gəlməlidir…

- Uşaqların bir yaşdan sonra hərbi xidmətə yollanması, təhsilə köklənməsi də əsas problemlərdəndir. Bu məsələni necə tənzimləmək lazımdır?
- Bu məsələdə ən çox əziyyət çəkən məşqçilərdənəm. U-19-la Avropa çempionatına getməyə bir neçə ay qalmış, əsas oyunçularımız hərbi xidmətə yollandı. Təsəvvür edin, 5 yaxşı uşağımız bizimlə olmadı. Məcburiyyətdən 13 nəfər yeni futbolçu dəvət edik, sonra da sənəd problemləri çıxdı və bizimlə gedə bilməyənlər oldu. Avropa çempionatında yaxşı oyunlarımız oldu, rəqiblərimizdən üstün futbol sərgilədik, sadəcə ustalıq, təcrübə çatışmazlığı oldu.

- Təcrübədən söz düşmüşkən, ən çox toxunulan problemli mövzulardan biri də aşağı yaş qrupların xaricə turnirlərə getməməsidir…
- Bəli, burada əsas iş klubların üzərinə düşür. Başa düşürəm, maliyyə durumu o deyil, ancaq çalışıb, nəsə etmək lazımdır. Biz Avropa çempionatında Niderlanda məğlub olduq, amma oyun cəhətdən onlardan üstün idik. Düşünün, onlar 4 epizodun 2-ni qola çevirir, amma biz 5-6 epizoddan yararlana bilmirik. Onların uşaqları güclü komandalarla əsas liqalarda, beynəlxalq turnirlər, Çempionlar Liqasında oynayır. Bu, onların əsas üstün tərəfidir. Amma bizdə elə deyil, uşaqlar əsas liqalarda şans qazana bilmir, təcrübə çatışmazlığı yaşayır.

- Tək məsələ təcrübədir?
- Xeyr, klublarda infrastruktur yaxşı olmalıdır. Hazırda əsas çatışmazlıq stadion problemidir. Bir meydança 3 yerə bölünür, uşaqlar orada məşq edir. Bu, düzgün deyil. Sən komandaya taktiki tapşırıqları başa salmaq, oyuna uyğunlaşdıra bilmək üçün tam stadionun olmalıdır. Yəni bir stadion, bir komandaya verilməlidir. Ancaq aşağı yaş qruplarının məşqlərinə baxın, eyni meydançada neçə kateqoriyada komanda hazırlaşır. Bu, effekt vermir. İlk növbədə yaxşı infrastruktur, maliyyə olmalıdır. Qonşu ölkələrdə aşağı yaş komandalarına baxın, məşqləri necə keçilir, stadionları nə durumdadır. İldə neçə dəfə uşaqlar xaricə turnirlərə gedirlər. Bizdə bu sarıdan problemlər var.

- Həll yolu nədir?
- Yol klublardan başlayır. Belə deyim, biz evi qurmaq üçün təməldən yox, damdan başlayırıq. 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü nə qədər yaxşı uşaq var. Lakin onların təhsil, stadion, hərbi xidmət və s. digər məsələləri onlara imkan vermir. Uşaq bir yaşa qədər yaxşı gəlir, amma ondan sonra inandırım sizi, 80-85 faiz uşaq yoxa çıxır. Sosial problemləri səbəbindən məşqlərə tam köklənə bilmirlər.

- Yeni liqaların yaradılması uşaqlar üçün komanda tapmaq imkanını artırır. Çempionatların artmasından sonra dəyişiklik müşahidə edilmir?
- Var, çox komanda çox uşaq deməkdir. Amma yenə də baxırsan, klublar futbolçu qıtlığından narazılıq edir. Uşaqlara düzgün məşq keçmək, onları yönləndirmək lazımdır. Eyni zamanda infrastrukturu düzəltmək vacib şərtdir.

- Məşqçilərlə bağlı narazılıqlar da var. Avropa ölkələrində aşağı yaş qruplarının oyunlarını çox sayda məşqçilər, seleksiyaçılar izləyir. Bizdə necədir? Siz özünüz aşağı yaş qruplarını izləyirsiz?
- Özümü tərifləmək kimi çıxmasın, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü uşaqları izləyirəm. Bütün futbolçuları tanıyıram. Onlara baxıram, izləyirəm. Bizdə problemlərdən biri də aşağı yaş komandalarının azlığıdır. Avropada bir klubun 19 yaş komandasının özünün də 3 komandası var. A, B və C. A-da olanlar ən yaxşılardır, B-dəkilər orta, C-dəkilər zəif. Amma onların hamısı liqalarda şans qazanır. Uşaqlarda rəqabət artır, pillə-pillə qalxmağı hədəfləyir və bir nöqtəyə çatırlar. Bizdə bu yoxdur.

- Müzakirələr illərdir, aparılır. Bəs problemi necə həll etmək lazımdır?
- Klublar bu işə daha çox diqqət ayırmalıdır. Uşaqlara şans vermək, sosial problemləri ilə maraqlanmaq lazımdır. Eynilə də məşqçilərin. Aşağı yaş qruplarındakı uşaqlarla bərabər, məşqçilər də xaricə yollanmalı, kurslarda iştirak etməlidirlər. Bu da vacib amillərdən biridir. Belə deyim, 150 minə legioner gətirməkdənsə, o pulu uşaqların, məşqçilərin xaricə səfərlərinə sərf etmək klub və Azərbaycan futbolu üçün daha faydalı olar.

- İndiki vəziyyət gələcəyə ümidlə baxmağa imkan verir?
- Həmişə pozitiv düşünürəm, problemlər aradan qaldırılsa, diqqət daha çox olarsa, bir neçə ilə bizim də istedadlı uşaqlarımız üzə çıxar, yığmalarda, klublarda inkişaf olar. Buna ümidliyəm və inanıram.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.



oxunma sayı: 1491 | Paylaş:




?>