')

Bu gün:


FutbolPress.Az | Kamal Bayramov: "Oğlumun 12 yaşı var, deyir ki..." (MÜSAHİBƏ)

Kamal Bayramov: "Oğlumun 12 yaşı var, deyir ki..." (MÜSAHİBƏ)


oxunma sayı: 792 Paylaş:

FutbolPress

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Turan Tovuz" toplanışı başa vurub. Bölgə təmsilçisi Antalyada keçirdiyi 3 yoxlama oyununu da məğlubiyyətlə başa vurub. Komanda Rumıniyanın "Voluntari" (0:2), Macarıstanın "Şiofok" (0:2) və Özbəkistanın "Nasaf" komandalarına məğlub olub (2:4).

"Turan Tovuz"un qapıçısı Kamal Bayramovla hazırlıq və digər məsələlər haqda danışdıq:

- Tәlim-mәşq toplanışı bitdi. Hazırlığı necә dәyәrlәndirәrdiniz?
- Düşünürəm ki,  böyük faydası olacaq. İlk günlər məşqlərimiz ağır keçdi. Әvvəllәr Bakıda toplaşıb, ilkin hazırlıq keçib, sonra Antalyaya gəlirdik. Bu dəfə qıs fasilәsi qısa olduğu üçün komanda birbaşa Türkiyәdә toplaşdı. Bu səbəbdən yorğunluq da var idi, ağırlıq da. Bu, yoxlama oyunlarda da hiss edildi. Ancaq düşünürəm ki, keyfiyyətli hazırlıq oldu, bunun faydasını çempionatda görəcəyik.

- Üç yoxlama oyunu vә hamısında mәğlubiyyәt. Bu, komandaya necә tәsir edәcәk?
- Son iki oyun eyni gündə oldu. Birinci matç da yorğunluq fonunda keçdi. Gənc və yeni oyunçular sınandı. Hamıya şans verildi. Bu yorğunluq fonunda maksimum keyfiyyət ortaya qoymaq olmur. Bakıya qayıdandan sonra iki günlük istirahətlә yorğunluğu atacağıq. Yeni oyunçularla normal məşq etməmişdik, amma yoxlama oyunlarında əsas heyətdə meydana çıxdılar. Bu kimi mәsәlәlәr oyunların nәticәsinә tәsir etdi, ancaq toplanışda nәticәdәn çox komandadakı boşluqları tapmaq vacibdir. Məşqçilər üçün əsas olan nəticə deyildi. Yorğunluq, fiziki yüklənmə fonunda oyunçuların durumu önəmlidir. Belə şəraitdə oynamaq həqiqətən, çətin olur. Bərpa prosesindən sonra bunların faydasını görəcəyik.

- "Turan Tovuz"un mövsümün ikinci yarısında daha da yaxşı nәticәlәr qazanmasına әsaslar var?
-  Əlimizdən gələni edəcəyik ki, yaxşı oyunlar sərgiləyək, nəticələr qazanaq. Hədəf olaraq danışmaq istəmirəm, məqsədimiz rəhbərlik səviyyəsində açıqlanıb. Futbolçu olaraq istəyirik ki, hər matça qələbə üçün çıxaq, maksimum nəticə göstərək.

- Tovuzlusunuz və komandanın ən qocaman oyunçususunuz. Statistika göstərir ki, ən çox və ən aktiv azarkeş sizindir. Komandanın nəticələri yaxşı olmayanda fanatların narazılığı olurdu, deyirdilər, baxımlı oyun göstərilsin. Baxımlı oyun düzəldi, amma nəticə ürəkaçan olmadı. Bu haqda və azarkeşlərlə bağlı fikirləriniz nədir?
- Azarkeşlərimizi sevirəm, çox sağ olsunlar, bizi tam dəstəkləyirlər. İradlarında da  haqlıdırlar, onların qələbə istəklərini reallaşdırmaq istəyirik. Çalışırıq ki, qələbələr qazanaq, onlar buna layiqdir. Həm evdə, həm səfərdə bizi tək qoymurlar. Premyer Liqada yeni komandayıq. Komandanı formalaşdırmaq üçün vaxta ehtiyac var. Həqiqətən, azarkeşlər Premyer Liqa üçün darıxmışdılar, amma onlara yaxşı futbol göstərmək üçün zamana ehtiyac var. Mərhələli şəkildə Tovuz futbolu layiq olduğu yerə gələcək.

- Birdən nəticələr pis olsa, indidən azarkeşlərə nə demək istərdiniz?
- İnanıram ki, azarkeşlər komandanı hər vəziyyətdə sevәcәklər, dәstәklәyәcәklәr.  Bir tovuzlu kimi buna inanıram. 6-7 oyun qələbə qazana bilmədiyimiz vaxt da belə bizi dəstəkləyiblər.

- Necə düşünürsünüz, tribunadan komandaya təzyiq azalıb?
- Bir çox futbolçumuz təzyiq altında oynaya bilmədi. Çünki çempionatda belə azarkeşi olan komanda yox idi. Oyunçular rahat oynamağa öyrəşmişdilər. Digər komandaların 10-15 minlik stadionunda 50, 60, 70 azarkeş olur. Bir çox futbolçunun böyük kütlə qarşısında oynamağı çətin oldu. Düşünürəm ki, biz inkişaf etdikcə, azarkeşlərimizin sayı daha da artacaq, bizi dəstəkləyəcəklər. Ara qarışdırmaq istәyәnlәr yoxdur vә olmayacaq.

- Təklif gəlsə, gedərsiniz?
- Hazırda "Turan Tovuz"un futbolçusuyam. Bura gələndə maksimum əlimdən gələni edəcəyimə söz vermişəm. Peşəkar kimi yanaşıram, yaşım 38-dir və özümü narahat hiss etmirəm. Psixoloji və fiziki durumum yerindədir. Yeni müqavilə təklifi olarsa, uzatmağa hazıram. Müqavilə təklif olmadığı halda, klub üçün xeyirlisi nədirsə, onu edəcəm.

- Karyeranızı "Turan Tovuz"da bitirmək sizinçün xoşbəxtlik olar?
- Qismət olsa, әlbәttә, xoşbәxtlik olar. Amma hələ bu haqda düşünmürəm.

- Buffonun rekordunu qırmağı hədəfləyirsiniz?
- (Gülür) Allah hamının balasını saxlasın, oğlumun 12 yaşı var, deyir ki, 3-4 il səbr et, qarşı-qarşıya bir oyun oynayaq, sonra karyeranı bitirərsən.

Elçin Cəlilov


oxunma sayı: 792 | Paylaş:




?>