')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov: "Özümə də maraqlıdır, niyə yerli məşqçilərə inam yoxdur?" (MÜSAHİBƏ)

Ayxan Abbasov: "Özümə də maraqlıdır, niyə yerli məşqçilərə inam yoxdur?" (MÜSAHİBƏ)


oxunma sayı: 2285 Paylaş:

FutbolPress"Turan Tovuz" mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyədə davam etdirir. Antalyada məskunlaşan komandanın baş məşqçisi Ayxan Abbasovla hazırlıq, çempionat və digər məsələlər haqda söhbətləşdik:

- Toplanış necə keçir?
- Yanvarın 3-dən buradayıq. Sәmәrәli toplanış keçdiyimizi deyә bilәrәm. Mövsümün birinci yarısı ağır, stresli oldu. Futbolçulara  istirahət lazım idi, amma  bu dəfə әvvәlki illәrdәn az oldu - iki həftə. Sonra birbaşa Türkiyədə yığışdıq. Digər toplanışlardan əsas fərq odur ki, vaxtımız azdır. Bu müddətdə oyunçuların itirilmiş formalarını bərpa etmək, yoxlama oyunları keçirmək istədik. Çalışdıq ki, bu vaxtı səmərəli dəyərləndirək. Bəzi oyunçularda yüngül zədələr oldu, ümid edirəm, çempionata qədər hazır olarlar.

- Transferdə hərəkətlilik zəifdir. Bu məsələlərdə son durum nə yerdədir?
- Yayda çalışdıq ki, qışa çox transfer saxlamayaq. Lakin təəssüf ki, ehtiyacı olan bәzi mövqelərə oyunçuları gətirə bilmirik. Danışıqlar son mərhələdə dayanır. Bizi narahat edən Piruzinin zədələnməsi və yarımmüdafiədə problem yaranması oldu. Sərtan Taşkının gedişi də yeni transferə ehtiyac yaradıb. İndi bir hücumçu gətirmişik – Aleks Souza. Hәlә yaydan bu oyunçu ilə maraqlanırdıq. Ancaq son anda müəyyən səbəblərə görə bizə gələ bilməmişdi. İndi alındı vә bu transferin üstün cәhəti odur ki, gəncdir. Bu gənclər bizim komandada karyera qura bilərlər. “Neftçi”dən iki futbolçu istəmişdik və şükürlər olsun, alındı (İsmayıl Zülfüqarlı vә Fәrid Yusiflinin icarәsi). Dayaq yarımmüdafiəçi mövqeyinə dә bir neçə futbolçu ilə danışıqlar aparırıq.

- Real namizəd var?
- Bəli, 3-4-ü var. Lakin onların gəlməsi tam da bizdən asılı deyil. Bəzilərinin yaxşı karyeraları var. Azərbaycan haqda məlumat toplayırlar. Çalışacağıq ki, bir transfer edək.

- Sərtanın gedişi gözlənilməz oldu. Düşünmürsüz ki, riskli addım idi?
- Açığı, onu buraxmaq istəmirdim. Sağ cinahda Sərtanla Faiq Hacıyev çıxış edirdi. Sərtan son matçlarda yaxşı oynayırdı və daha yaxşı olacağına inanırdım. Transfer prosesi anidən oldu. Türkiyəyə gələndən iki gün sonra bizə təklif gəldi. Sərtan da legioner həyatı yaşamaq istəyirdi. Çalışdıq ki, onun qarşısını almayaq. İki klub arasında danışıqlar oldu və məsələ həll edildi.

- Komanda bir müddət uğursuz nəticələrlə yadda qaldı. Yaxşı oynasaz da, son anlarda qələbə əldən gedirdi...
- Oyunlara baxanda görürürük ki, xalımız oyunlarımıza görə olmayıb. Fərdi, hakim səhvlərindən qollar buraxmışıq. Ola bilər, yeni gələnlərin uyğunlaşması istədiyimiz kimi getmədi. Amma sonda onlar da bu atmosferi yaxalaya bildilər. Futbolda belə şeylər olur. Oyunumuzu daha da mükəmməlləşdirməliyik. Qarşıdakı dövrələr çox çətin keçəcək. Sәhvləri azaltmalıyıq.

- Dediklərinizdən belə başa düşülür ki, nəticələrə hakim səhvləri daha çox təsir edib… Qarşıdakı müddətdə necə olacaq? Hissiyatınız nə deyir?
- VAR sistemi gələndə ən çox sevinənlərdən idim. Əvvəl düşünürdük ki, bəzi epizodlarda VAR olsaydı, hər şey fərqli alınardı. Heyfsləndiyim odur ki, federasiya külli miqdarda pul xərcləyib, VAR gətirib, amma yenə səhvlər olur. Burada da yanlış edənlər az deyil. Ən çox etirazımız odur ki, bəzi matçlarda penalti epizodlarında hakimlər VAR-a baxmır. “Qarabağ”la oyunda top göydə olanda hakim matçı dayandırır. Belə hallarda artıq başqa şeylər düşünməyə başlayırıq. PFL, Hakimlər Komitəsi ilə danışırıq. Bu gün hakim səhvlərindən ən çox əziyyət çəkən 3 komandadan biriyik. Xırda səhvlərə qarışmamışıq. Amma penalti epizodları və qapımızda olan təhlükəli epizodlar vaxtı edilən səhvlər narahatlıq yaradır. Perspektivli, yaxşı hakimlərimiz çoxdur. Ümid edirəm ki, səhvlər azalar. Qarşıdakı dövrələr çox gərgin keçəcək və bu da hakimlərə təsir edə bilər.

- “Turan Tovuz”un azarkeşləri tələbkardır. Ən çox müdaxilə edən fanatlardır. Bir müddət ehtiyatlı futbol sərgiləyirdiniz, sonra açıq futbola keçdiniz. Sanki bir az da onların leyhinə oyunun dəsti-xətti dəyişdi. Gedişat belə oldu, ya fanatları nəzərə aldınız?
- Azarkeşin fikri həmişə dəyişəcək. İndi ən çox fanat bizdədir. Böyük kütlə var.  Biz oyunçuların bacarıqlarına uyğun oyun forması seçməyə çalışırıq. Ötən il əsas məqsədimiz çempionatda qalmaq idi. Liqadan düşmәyә  namizədlərdən idik, amma ilk oyunlarda qazandığımız xallara görə vәziyyətdәn çıxdıq. “Sumqayıt”ın, “Şamaxı”nın, “Səbail”in, “Kəpəz”in düşmə gərginliyi oldu, amma biz bunu yaşamadıq. Bunu komanda ruhu hesabına bacardıq. Gələcək üçün qarşımıza məqsəd qoyuruqsa, inkişaf etməliyik. İddialı olmaq istəyiriksə, gələcəkdə avrokuboklara oynamaq istəyiriksə, bu yolları keçməliyik. Futbolçularımızın potensialı var. Bu gün “Qarabağ”dan sonra ən çox qol vuran komandayıq, amma hәm dә çox buraxmışıq. Bunu nizamlasaq, daha yaxşı yerlərdə ola bilərik. Komanda yavaş-yavaş iddialı olur. Azarkeşlər səbirli olmalıdır, komandanı necə sevdiklərini bilirəm, amma reallıqlar var. “Turan Tovuz” son 9 ildə Premyer Liqada yox idi. 2004-dən sonra da ciddi iddiası olmayıb. Bu şeyləri yenidən yaşamamaq, köklü klub olmaqçün ciddi qərarlar vermәliyik, tələsməməliyik. Bu gün doğru və çətin yoldayıq. Səbirli olmalıyıq. Fanatlar çox qol görmək istəyir, görür, amma xal da toplamalıyıq.

- “Turan Tovuz”un bu mövsüm hədəfi Premyer Liqada qalmaqdır?
-  İddialı olmaq istəyiriksə, elitada qalmalıyıq. Bu alınmasa, hədəflərə çata bilmərik.

- Bəzi komandalar ötən il düşmə həyacanı yaşadı, amma siz yox. Əvvəlki işlədiyiniz yerlərə baxanda da komandalarınız sabit olub. “Turan Tovuz”un iddialı olması üçün nə lazımdır?
- Əlbəttə, heyət güclənməlidir. Bu, әn vacib amildir. Futbolçuların bir neçə il birlikdə oynaması, sistemə uyğunlaşması vacibdir. Biri var 4-5 ay, biri də var 3-4 il birlikdә oynamaq. Bunun ciddi fərqi var. Futbolçuların fərdi səhvlərinin əsas səbəbi onların bir-birilərini yaxşı başa düşməməsidir. Müdafiəçilər qapıçı və digər oyunçularla yaxşı uyğunlaşsa, sığortalanır. Fərdi səhvlər burdan qaynaqlanır. Komandada rəqabət olmalı, məsuliyyət artmalıdır. Biz ötən il bəzi mövqelərdə rəqabət görmədik. Bəzi oyunçuların nazı ilə oynayırdıq ki, oyuna çıxsın. Bu gün isә bizdə rəqabət var. Biz həm də klub olaraq böyüməliyik. Bunlar olsa, iddialı olacağıq.

- “Turan Tovuz”un indiki potensialına görə bunu edə bilәrsiniz?
- Rəhbərliyin bu yanaşması ilə etmək olar. Bundan da yaxşı olacağıq. Klubun ən böyük fiquru rəhbəridir. Məşqçi güclü ola bilər, amma bir yerə qədər. Onu dəstəkləyən rəhbərlik olmalıdır.

- Bәli, rəhbərliyin, kollektivin bir olması önəmlidir. Kənardan necə görünür, sizcə, millidə rahatlıq var?
- Xeyr, düşünürəm ki, millidә rahatlıq bir yana, sabit  sistem dә yoxdur. Sistem deyәndә idarәçiliyi daha çox nәzәrdә tuturam. Həqiqətən, çox müzakirələr gedir, ağıllı və gözəl fikirlər olur. Amma hamımız, sadәcә, danışırıq. Әməl yoxdur. Hamı deyir ki, məşqçi gəlsin və vaxt verilsin. Amma məğlubiyyət olanda deyirik ki, bundan nəsə olmayacaq. Sabitlik, sistem yoxdur. Hansısa ölkənin inkişaf modelini götürməliyik. Ancaq böyük ölkələrlə müqayisə aparmalı deyilik. Belçikaya niyə uduzduq deyirik, bu söhbəti etməməliyik. Onlarla mübarizə aparmaq gücündə deyilik. Kiçik, bizim kimi ölkələrin tez zamanda Avropa çempionatına vəsiqə qazanmasının sәbәblәrini bilmәliyik. Onların işinə, şəraitinə baxmalıyıq. Bizdә hər yaş qrupu millimiz fərqli sistemlə oynayır. Millinin bir rəhbəri və bir ideoloji xətti olmalıdır.

- Milli ilә bağlı mәtbuatda ən çox adı hallananlardan biri sizsiniz. Bu gün müraciət olsa, reaksiyanız necə olar?
- Təəccüblənərəm, düzü, heç inanmıram…

- Bu inamsızlıq nədəndir?
- Bizdə yerli məşqçilərə inam ancaq media nümayəndələrindә və azarkeşlərdәdir... Bu, az fikir deyil. Gəlin, real danışaq. Mediada böyük fikir ayrılığı var, amma 99 faiz yerli məşqçi tərəfindədir. Bu fikir necə yaranır? Bu, klublardan, onların nəticələrindən, yanaşmasından irəli gəlir. Heç kim boşuna nəsə demir. İctimaiyyətdə də rəy yaranıb. Deyirlər ki, millidə işləmiş biri lazımdır, təcrübəsi olsun. Amma bu, absurddur. Və ya deyirlər ki, Avropada nəticəsi olsun. Məsələ bu deyil, bu, müzakirə mövzusu belə olmalı deyil. Rəhbərlik hansı sistemə uyğun məşqçi istəyirsə, onu gətirməli və vaxt verməlidir. Bizdə yerli məşqçilərə böyük komandalarda, böyük işlərdə inam yoxdur. Bu günə kimi avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan 3 komandamızdan 2-ni yerli məşqçi çıxarıb. Pley-off mərhələsinə yüksələn də yerlidir. Məşqçilərə inanmaq lazımdır, amma mәsәlә tək bu da deyil. Mәşqçiyә dəstək olmazsa, işi də çox çəkməyəcək.

- Masaya oturulsa, milli üçün ilk istəyiniz/tәlәbiniz nə olar?
- Yanaşma dəyişilməlidir. Bu gün milli komandaların ümumi baza sistemini düzəltmək lazımdır. Bizim millinin bir bazası var, o da “Dalğa Arena”. Ən yaxın ölkələrin milli bazaları ilə müqayisədə çox aşağıdır. Rumıniya yığmasının bazasında olmuşdum, әla...   Gənclərimizin tez zamanda Avropaya getməsinə şərait yaratmaq lazımdır. Bəzi klublarla dialoqlar vacibdir. Əlbəttə, bunlarçün də kifayət qədər vaxt lazımdır.



- Milliyə israrla əcnəbi axtarılır. Sizcə, səbəb nədir?
- Yenə deyirəm, orada absurd fikirlər çox var. Yerli mütәxәssislәrin yükü götürmək gücündə olmadığı, çətinlik çəkəcəyini düşünürlər. Özümə də maraqlıdır, niyə yerli məşqçilərə inam yoxdur? Bir çox ölkələrdə millini yerli məşqçilər çalışdırır. Makedoniyaya baxın, Avropa Çempionatına çıxdı - bu heyətdә 10 il əvvəl aşağı yaş qruplarında U-19, U-21-dək sistemlә yüksәlәn, әn yaxşı çıxış edən oyunçular var. Amma bizdә heç kifayәt qәdәr məşq meydançaları yoxdur. Akademiyamızda 16, 17 yaşlı uşaqlar əməliyyata gedir, bu da süni örtüklü meydançaya görədir. Digər ölkәlәrdә süni örtüklü meydança yoxdur? - var, ancaq yüksәk standartlara cavab verir. Bizdə bir meydançada səhərdən axşama qədər futbol oynanılır, mәşq keçirilir, keyfiyyәt qalarmı o meydançada? Çox şeylər var. Bu gün bizdə akademiyalar azdır. Ən böyük problemimiz budur. Akademiyalar yığma səviyyəsində olmalı, futbol ənənəsi olan bölgələrdə açılmalıdır. Belarusda iki baza var. U-15-lər U-17 liqasında  oynayır, U-17 U-19 ilə oynayır və milliyә oradan seçimlәr edilir. Bizdə şəraitsizlik var. Aşağı yaş qruplarında məşqçilərin sәviyyәsi də o deyil. Kateqoriya almaqla iş bitmir. “Portu”, “Benfika”da hər il 10-12 məşqçi ölkə xaricinə gedir, öyrənir. Amma təəssüf ki, bizim aşağı yaş qruplarımız xaricə gedə bilmir. Onların təcrübə qazanmasını təşkil etmək lazımdır. Biz qısa müddətli işlər düşünürük, amma bu, düzgün deyil. Əcnəbi məşqçilər gəlib, nəyi dəyişiblər?

- Bu şәraitlә super ad da gəlsə, alınmaz…
- Super adda birinin gələcəyini dә düşünmürəm.

- Qurban Qurbanovu o vaxt millidən vaxtsız göndərilməsi sizdə inamsızlıq yaratmır?
- Xeyr, daha da motivasiya verir. Deməli, daha yaxşı olmalıyıq. Yerli məşqçilərə inamı yaradan Qurban Qurbanov olub. “Simurq”, “İnter”, “Standard” və digərlərində baş mәşqçi  əcnəbilər idi. O vaxt Gürcüstandan idman müəllimini baş mәşqçi gətirmişdilər. Baxın, “Qəbələ”yə, “Xəzər Lənkəran”a nə qədər uğursuz əcnəbilər gəlib? Çox az nümunә istisna olmaqla, nә verdilәr futbolumuza? Amma indi komandaların böyük hissəsini yerli məşqçilər çalışdırır.

- Bәli, Qurbanov yerli mәşqçilәrә etimad göstәrilmәsindә mayak rolunu oynadı. Məşqçi yetişirsə, deməli, futbolçu potensialı da var.  Sizcə, yaxın illərdə ölkə futbolunu irəli aparacaq oyunçu potensialı var?
- Məncə, bundan daha yaxşı ola bilər. Yaxşı futbolçular var, son illər onların digər çempionatlara getmәsi buna sübutdur. Deməli, bizim futbolçulara maraq var. Bu zaman oyunçulara da məsuliyyət düşür. Onlar millidə nə qədər yaxşı oynasalar, o qədər diqqət çəkəcəklər.

- Deməli, "Azərbaycanda futbol yoxdur" fikri yanlışdır…
- Azərbaycanda futbol var. Ancaq özümüzü elə komandalarla müqayisə edirik ki...  Bu gün bəzi səviyyəli oyunçular Azərbaycana gəlməkdə maraqlıdır, amma əvvəl belə deyildi. Bu gün bir çox oyunçunun arzusu “Qarabağ”, “Sabah”, “Neftçi”də oynamaqdır. Belə komandaların sayı artmalıdır.  Bu gün millidə kifayət qədər potensiallı oyunçular var. Elvin Cəfərquliyev, Toral Bayramov Avropanın Top-5 çempionatlarında oynaya bilərlər. Bundan yaxşısı da ola bilər. Bütün yaxşı nümunәlәrimizi inkişaf etdirmәk üçün uğurlu idarәetmә sistemi olmalıdır, hәr şeyin başında bu durur.  Azərbaycan futbolunun inkişafı üçün fədakarlıq edilmәlidir. Bir işin üzərində peşәkar  fikir mübadiləsi aparsaq, inkişaf olacaq.

-  Azәrbaycan futbolunda beyinlər də dəyişməlidir…
- Müşahidə edirəm, bəzi futbol idarəçiləri, məşqçiləri işsiz olanda çıxıb problemlərdən, inkişaf yollarından danışırlar. Amma sonra ona iş veriləndə, fərqli fikirlər səsləndirirlər. Baxırsan ki, bu adam axı 6 ay əvvəl başqa söhbət edirdi. Belələri var. Mən “Turan Tovuz”dayamsa, klubun bütün komandalarına nəzarət etməliyəm, fikir sahibi olmalıyam, problemlәri mәn bildirmәliyәm. İşin xatirinә susmaqla futbolun inkişafına zәrbә vururlar. Baxın, indi klublarda mərkəz müdafiəçiləri legionerdir, keyfiyyәtli yerli  hücumçular yoxdur, Musa, Ramil, Mahir legioner həyatı yaşayır. 20, 21 yaşlı yerli hücumçu yoxdur. Olan da xaricdədir. Potensial zәiflәyib, belә getsә, tükәnә bilәr.

- Yerli məşqçilər imiclərini düzəltdilər, çalışdılar, hamısını nəzərdə tutmuram, 5-6 ad çox əziyyət çəkdi. Ancaq yenə də qayğı dövranı yaranıb. Bəlkə, öz adları olan məşqçilər özləri məktəb açsın? Bu, avantüradır, yoxsa reallıq? Mövqelər üzrə oyunçu tapılmaması məsələsi var, bəlkə həmin adlar özləri məktəb açıb, güclü futbolçu yetişdirsin?
- Əla mövzudur. Təəssüf ki, bizdə hәlә  bu әnәnә başlamayıb. Düzdür, minifutbolda nəsə ola bilər, amma bu, kommersiya məqsədlidir. Böyük komandaların nəzdində məktəb yaratmaq olar. Avropaya, Gürcüstana baxsaq, böyük sahə alıb, akademiya tikirlәr və pul yatırırlar. Bunu hәmin ölkәlәrin tanınmış futbolçuları edir. Rumıniyada Giorgi Hacinin məktəbi var, amma bizdə belə şey yoxdur. Bu da ondan irəli gəlir ki, futbol biznesini, mühitini yarada bilməmişik. Bu gün “Fənərbağça”, “Qalatasaray” niyə bizdə futbol məktəbi açır? Kommersiya mәqsәdli layihәlәrdir, bu gedişatla lazımi sәviyyәdә futbolçu yetişmәz. Amma Azərbaycan futbolunda adlı-sanlı birinin məktəbi yoxdur - bu sahədə bizim futbola baxışımız digər kiçik ölkələrlə müqayisədə zəifdir.

- “Qarabağ” kimi komanda baza qurmaq üçün torpaq sahəsi tapa bilmir…
- Bәli. Uşaq futbolu deyirik, amma meydança yoxdur. Sentyabr, oktyabr, noyabrda elə soyuq, külәk olur ki, Hövsandakı meydançada  uşaqlar topla davrana bilmir. Butün aşağ yaş liqaları o meydançada tәşkil olunur. Yalnız  danışırıq, iş görmürük...

- Gələcək haqda müsbət nəsə fikirləşməyə əsasınız var?
- Çempionatda komandalara baxanda şərait yaxşıdır. Bəlkə 10 il əvvəl desəydilər ki, geniş məşqçilər korpusu, adlı oyunçular olacaq, inanmazdıq. Amma gördük ki, olur. Peşəkar çalışanlar var, məşqçilər az büdcə ilə də yaxşı işləməyə çalışır. Ona görə pozitivəm ki, alınacaq. Bizdә futbol daha da inkişaf edәcәk. Amma illərimizi itiririk, bəzi gənclərin vaxtı gedir. Bizdə futbolçu yoxdur demək düz deyil. Sevindirici haldır, I və II liqa yaradıldı. Bundan əvvəl cəmi 2 liqa var idi. Çempionat sayı artsa, futbolçulara da ehtiyac olacaq. Akademiyanın ən zəif oyunçusu belə özünə komanda tapacaq, inkişaf edәcәk. Bizə lazımdır ki, rəhbərlik futbola baxışı dəyişsin, şərait düzəlsin, akademiyalar olsun. Futbolu sevsinlər, pul kimi baxmasınlar.

-  Bu mövzuda rәhbәrlik deyәrkәn AFFA-nı nәzәrdә tutursunuz?
- Xeyr, klub rəhbərliyi. Gerçək danışaq, hər şeyi AFFA-nın üzərinə yıxmaq olmaz. Klub akademiya qurmur, uşaq futboluna diqqət etmirsə, AFFA buna nə etsin?

- Bu sualı verəcəyim az sayda mütәxәssislәrdәnsiniz - millini kimin çalışdırmağını istərdiniz?
- Layiq olanlar çoxdur. Ad çəkmək düzgün olmaz.  Yaşlılardan və gənclərdən milliyə layiq olanlar var.

Elçin Cəlilov


oxunma sayı: 2285 | Paylaş:




?>