')

Bu gün:


FutbolPress.Az | "Milli və "Neftçi" ilə yüksək hədəflərim var" (MÜSAHİBƏ)

"Milli və "Neftçi" ilə yüksək hədəflərim var" (MÜSAHİBƏ)


oxunma sayı: 1044 Paylaş:

FutbolPress

"Neftçi" mövsümün ikinci yarısının Türkiyə hazırlığına yekun vurub. 4-14 yanvarda Antalyada məskunlaşan "ağ-qaralar" burada iki yoxlama oyunu keçirib və məğlub olub ("Erzurumspor" - 1:3, "Valdhof" - 0:3).

"Neftçi"nin müdafiəçisi Azər Salahlı ilə komandanın hazırlığı və digər məsələrlə bağlı söhbətləşdik:

- Azәr, mətbuata qapalısan, çox açıq deyilsən. Bunun səbəbi var? 
- Əlbəttə, var.

- Səbəbi nədir?
- Bir müddət mütәmadi oynamadım vә belә vәziyyәtdә mәtbuatda görünmәk istәmirdim. Nә danışardım? İstəyirdim ki, bütün diqqətimi məşqlərə və oyunlara yönəldim.

- Regekampf, Mutu, indi də Bojoviç - bir neçə məşqçi dəyişikliyi qısa müddәtdә oldu. Mütəxəssislərә uyğunlaşmağın necə oldu? Ümumiyyətlə, onları necə dəyərləndirirsən?
- Son iki məşqçi və Bojoviçi müqayisə etsəm, Bojoviçin üstün cəhəti odur ki, yaxşı kollektiv yaratmağa çalışır. Bütün oyunçulara eyni gözlə baxır. Bu, mənim üçün çox vacibdir. Digər məşqçilərlə müqayisədə bu, önəmlidir. Komanda ruhu yaratmağa çalışır.

- Oynamadığın dövrlərdə psixoloji cәhәtdәn özünü necә hiss edirdin?
- İlk oyunlarda pis təsir edirdi. Çünki nəyinsə üzərində əziyyət çəkəndə arzulayırsan ki, onun qarşılığını alasan. İlk vaxtlar mənimçün çətin idi, psixoloji çətinliklərim olurdu. Toparlana bildim və gördüm ki, artıq yaxşı təsir etməyə başladyır. Anladım ki, belә vәziyyәtdә hәvәsdәn düşmәk yalnız öz ziyanına olar.

- Təcrübəli oyunçulardansan. Mutunun uğursuzluğunun səbəbini nədə görürsən?
- Çәtindir dәqiq demәk, subyektiv fikrimcә, tam sabit sistemimiz olmadı və buna görə uğurlu ola bilmədik. Stabilliyimiz çatmırdı. Bunun əsas səbəbi oyun dəsti-xəttimizi olmaması idi.



- Bəzi oyunlarda sənə şans veriləcəyini düşünürdük, amma kənarda qalırdın. Bəzi məşqçilərin sənə dəyərindən az şans verdiyini düşünürsən?
- Hәr məşqçinin öz baxışı var.  Düşünürlər ki, daha çox hücum və ya müdafiə futbolu oynayacam, ona görə də heyət seçimi edirlər. Belә deyim, narazılıq etmәyim etik vә peşәkar cәhәtdәn doğru olmaz.

- "Neftçi" uzun müddətdir, sabit deyil. Düzdür, bayaq səbəb dedin, bəs başqa nə problem var?
- Nəsə görmürəm... Sabit heyət formalaşmalı, həm futbol, həm mehribanlıq cəhətdən yaxşı kollektiv yaradılmalıdır. Onda sistematik uğurlu olarıq.

- Milli haqda nə danışmaq istərdin?
- Milli ilə bağlı heç nə mәni narahat etmir. De Byazinin vaxtında debüt etdim, buna çox sevinirəm. Son toplanışlarda da dəvət almamağım normal idi. Çünki klubumda oynamırdım və dəvət almayacağımı bilirdim.

- Bundan sonra daha yaxşı olacağını düşünürsən?
- Əlbəttə, özüm də bunu istəyirəm. Millinin, klubumuzun uğurlu olmağını istərdim. Bunlar olsa, özümüz də inkişaf edəcəyik.

- Kubokda "Sumqayıt"la qarşılaşacaqsız. Son ev oyununda bu komandaya məğlub olduz. Revanş hissi var?
- Revanş deməzdim. Həm çempionat, həm kubokda eyni komandalarla qarşılaşırıq. Meydana çıxıb, turu keçməyə çalışacağıq.

- Kubokla bağlı hədəf çempionluqdur...
- Çətin olsa da, nail olmalıyıq.

- Buna maneə nədir?
- Qələbə. Hər oyun bir maneədir. Qələbələr qazansaq, uğurlu olacağıq.

- Azərbaycan yığmasında sol cinah mövqeyində ciddi rəqabət var. Oradan sağlam çıxmaq səninçün çətin olmaz?
- Futbol rəqabət oyunudur. Rəqabət olmazsa, inkişaf olmaz. Onlar da öz komandalarında yaxşı oynayır. Rəqabət aparıb, şans qazanmağa çalışarıq. Kim layiqdirsә, o da çağırılsın milliyә.

- Karyeranda istədiklərinə hansı dərəcədə nail olmusan?
- İdmanda daim inkişaf, hədəflər lazımdır. Düşünürəm ki, hədəflərim irəlidədir. Milli və "Neftçi" ilə yüksək hədəflərim var. Düşünürәm ki, karyeram pis deyil, daha yaxşısını etməyə çalışacam. "Neftçi" kimi komandadasansa və millinin də formasını geyinirsənsə, deməli nələrəsə nail olmusan.

- "Neftçi" daxilində ab-hava necədir?
- Hər şey yaxşıdır. Yeni baş məşqçi komanda daxili atmosferə çox önəm verir. Psixoloji cəhətdən hər oyunçu hazır olsa, meydançada məşqçinin istədiklərini yerinə yetirərik.

- Dəyişiklik var?
- Daha çox toplu çalışmalara üstünlük veririk. Fiziki çalışmaları da bununla edirik.

- Bojoviç hücum futbolu oynadacağını deyib. Sizinlə danışıb bu haqda?
- Daha çox pressinq sevən, rəqibi irəlidə qarşılamağı sevən məşqçidir. Düşünürəm ki, getdikcə daha yaxşı olacaq.


oxunma sayı: 1044 | Paylaş:




?>