')

Bu gün:


FutbolPress.Az | İsgəndər Əsgərov: "Məqsədimiz həndbolun Azərbaycanda inkişafıdır" (MÜSAHİBƏ)

İsgəndər Əsgərov: "Məqsədimiz həndbolun Azərbaycanda inkişafıdır" (MÜSAHİBƏ)


oxunma sayı: 1152 Paylaş:

FutbolPressAzərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərovla söhbətləşdik. Federasiya rəsmisi ilə həndbolumuzun dünəni, bu günü, gələcəyi haqda müzakirə aparıb, planlardan danışdıq.

- Ötən il Azərbaycan həndbolu üçün nə ilə yadda qaldı?
- Ötən ilin avqust ayında Azərbaycanda mötəbər turnir keçirildi. Yeniyetmələr arasında Avropa çempionatının zona yarışı Bakıda baş tutdu. Milli komandamız da yarışda çıxış edirdi. Düzdür, uğursuz olduq. Yarışın təçkilatşılığı bizə aid idi. Yüksək səviyyədə təşkilatçılıq etdik. Təşkilatçılığa görə Avropa Həndbol Federasiyasından (AHF) təşəkkür məktubu aldıq. Çoxdandır Bakıda yarış keçirmirdik. Bir sözlə, nəticə baxımından uğurlu olmasaq da, təşkilatçılıq baxımından yaxşı işlədik.

- Bu il üçün belə yarışların Azərbaycanda keçirilməsi nəzərdə tutulub?
- Hazırda beynəlxalq yarışların keçirilməsini nəzərdə tutmuruq.

- Bəs 2023 sizin üçün nə ilə yadda qaldı? Ötən il beynəlxalq oyunlara AHF-nin nümayəndəsi kimi təyinatlarınız çox olurdu...
- Doğru qeyd etdiniz. Avropa çempionatının seçmə oyunlarına, avrokubok matçlarına təyinat almışam. Keçən il 10-dan çox turnirdə nümayəndə kimi iştirak etmişəm. Əksər təyinatlar Azərbaycana yaxın ölkələrə verilir. Avropa Həndbol Federasiyası istəmir ki, çox pul xərclənsin. Ümumilikdə baxdıqda ötən il də mənim üçün uğurlu oldu.

- Azərbaycan həndbolundan danışaq. İşlər necə gedir?
- Azərbaycan çempionatı mayda bitəcək. Həmin ay istəyirik ki, Heydər Əliyevin xatirəsində turnir təşkil edək. Bundan əlavə maydan ölkə kubokunda oyunlara start veriləcək. Yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışlarını keçiririk. İlk zona yarışı Lənkəranda baş tutdu. Bundan başqa apreldə Şirvanda, daha sonra isə Qusarda sözügedən turnirdən keçirəcəyik. İyunda Bakıda zona yarışında ilk iki yeri tutan komandalar arasında final oyunu olacaq. Amma problemlərimiz çoxdur.

- Məsələn...
- Keçmişdə Bakıda azı 20 idman məktəbində həndbol kursları var idi. Hazırda bu say 3-dür. Say çox azdır. Hardasa 18-20 rayonda komandalar yaratmışıq. İtəyirik ki, aşağıdan başlayaq. Məşqçilər azdır. Mütəxəssislərin sayını artırmaq lazımdır. Məşqçi axtarırıq ki, rayon uşqlaırını inkişaf etdirsinlər. Bundan başqa, karyerasını başa vuran idmançılarımızdan federasiya xahiş edir ki, fəaliyyətlərinə məşqçi kimi davam etsinlər. Federasiya maliyyə ayırıb, rayondakı məşqçilərə formalar verir, toplar paylayır. Problemi həll etməyə çalışırıq. Türkiyə modeli Azərbaycanda tətbiq olmalıdır. Onlarda hər regionda klubların bələdiyyələrlə müqaviləsi var. Yarışlara da özləri hazırlaşır, məktəbləri də özləri saxlayır. Qeyd etdiyim kimi, bizim iki məktəbimiz var. Bununla nə edə bilərik? Heç nə. Məktəblər hamısı pulsuzdur. Amma yenə də marağın az olduğunu görürük. Legionlerləri ölkəyə gətirmək o qədər yaxşı hal deyil. Bu gün pul var, gətiririk, sabah pul bitəndə necə olacaq? Bizə lazımdır ki, yerli məşqçi və idmançı olsun.

- Problemlərdən danışdınız. Bəs yaxşı, bütün bunların kökündə nə durur?
- Həndbolun nüfuzu aşağı düşmüşdü. Nəticə yox idi. Buna görə maraq azalıb. Baxın, hər hansı komandamız böyük yarışların birində qalib olsa, ölkədə bu yarışa maraq artacaq və yüzlərlə uşaq sözügedən idman növünə yazılacaq. Avropa miqyasında heç bir naliyyətimiz yoxdur. Aropa səviyyəsində nəticələr və çıxışımız çox aşağıdır. Ona görə məcbur olub legionləri cəlb edirik. Komandalar az idi. İkinci ildir ki, böyük çempionat keçiririk. İstəyərdik çempionatdakı komandaların say 10 olsun. Azərbaycanda həndbolun orta yaşı 30-32-dirsə, Avropada bu yaş 20-22-dir. 30 yaşdan yuxarı az oyunçu olur. Bizdə isə əkisinə. Çünki yeni idmançılar yoxdur. Federasiya prezidenti Saleh Məmmədov qarşımıza məqsəd qoyub ki, inkişaf olmalıdır. Biz də bunu istəyirik.

- O zaman belə başa düşdüm ki, hazırda görülən işlər indiyə yox gələcəyə hesablanıb. 5-10 ildən sonra nəticə gözləyək?
- İstəyirik ki, xaricdən məşqçi gətirək. Kütləni çoxaltmaq lazımdır. Bu məsələ 1-2 ilə həll olunası deyil. Hazırda federasiya bütün klublara kömək edir. Amma istəyimiz odur ki, klublar müstəqil olsunlar. Kimdənsə asılı olmaslar. O zaman federasiyanın pulları da başqa yerlərə sərf olunacaq. Əvvəlki federasiya iki komandaya pul ayırırdı. Keçmiş rəhbərlik həndbolumuzu məhv etdi. İdman məktəbləri bağlandı və sair problemlər. Həndbolun səviyyəsi çox aşağı düşdü. Çalışırıq ki, səviyyəni qaldıraq.

- Müsahibənin əvvəlində Türkiyə modelindən danışdınız. Bu məsələ fonunda beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etmək nə qədər real görünür?
- Bu gün Gənclər və İdman Nazırliyi ilə federasiyamız birlikdə çalışır. Amma hər şey bizim üzərimizə düşməməlidir. Qeyd etdiyim kimi, klublar müstəqil olmalıdır. Federasiyadan aslılıq azalmalıdır. Hazırda "Kür"ün sponsoru var. Digər komandalar isə... Bütün klublar ABU Arenada məşq edirlər. Oranın da icarə haqqını federasiya ödəyir. Hər klubun zalı olmalıdır. Müstəqillik olsa, inkişaf da olar. Aslılıq olmasa, federasiyanın gücü digər xərcləri qarşılamağa çatar. Xaricdən məşqçilər gətirərik, bazalar yaradarıq, digər xərcləri qarşılayarıq.  SSRİ vaxtı nəticələr çox yaxşı idi. Onda federasiya 2 komandaya pul ayırırdı. İndi isə bu rəqəm 20-dir.

- Ötən illərə nisbətdə çempionatın səviyyəsi Sizi qane edir?
- Hazırda səviyyə yüksək deyilik. Qane etmir.  Amma ötən illərə nəzərən yaxşıdır. Ancaq klublarımız avrokuboklarda ilk oyunda məğlub olurlar. Türkiyə klublarına baxın, bütün beynəlxalq yarışlarda favorit kimi çıxış edirlər.

- Milli komandanın zəif çıxış etməsi də çempionatın səviyyəsi ilə əlaqədardır. Razısınız?
- Hazırda milli komanda üzvlərinin demək olar hamısı bizim çempionatda çıxış edirlər. Onlar heç klub səviyyəsində avrokuboklarda çıxış etməyiblər. Milli komanda ötən il İspaniyaya böyük hesabla məğlub oldu. Xaricdə həndbola 10-12 yaşından başlayırlar. Bizdə isə bu rəqəm 16-17-dir. İnkişaf üçün turnirlər, məşqlər lazımdır. Bu olmadıqdan sonra nəticə gözləmək yersizdir.

- Bəs komandaların sayını artırmaq necə, planda var?
- Ona doğru gedirik. Bizim üçün ən vacib olan komandaların və məşqçilərin sayını artırmaqdır.  Komanda sayı nə qədər çox olsa, o qədər yaxşı olacaq. Çalışacağıq ki, maliyyə baxımından da onlara kömək edək.

- Bu federasiyaya maliyyə baxımından yük olmayacaq?
- Çətindir. İndiyə qədər kiməsə yox deməmişik. Azərbaycan həndbolunda inqilab yox, amma ona yaxın nəsə etmək lazımdır ki, səviyyə artsın. Bütün regionlarda komandalarımızın olmağını istəyirik. Olimpiya idman növündür, amma indiyə qədər Avropa və dünya çempionatlarında iştirak etməmişik.

- Bir məqam indi yadıma düşdü. Siz müsahibənin əvvəlində qeyd etdiniz ki, ötən il Avropa çempionatınız seçmə mərhələsinin zona yarışı Bakıda baş tutdu. Həmin oyunları azarkeş kimi tribunadan izləyirdim. Ən ciddi problem qapıçı sarıdan idi...
- Bəli doğru vurğuladınız. Bu sarıdan problemimiz çox idi. Bizim komanda zəif çıxış etdi. Hazır deyildilər yarışa. Onları turnirə buraxmaq düzgün deyildi. Hazırlıq 1-2 il olmalıdır ki, belə yarışda iştirak edəsən. Komandanı yarışa buraxmaqla səhv etdik. Hazırlaşmaq lazım idi. Səviyyəni artırmaq, işləmək lazımdır. Aşağı yaş qruplarına diqqət yetirməliyik. Bizim gələcəyimiz onlardır.

- Bir neçə legioner həyatı yaşayan azərbaycanlı həndbolçular var. Onlar milliyə dəvət olunmur?
- Bir nəfər oyunçumuz Oleq Gorgiyevski Türkiyə çempionatında çıxış edir. Qadınlardan biri Bundesliqada oyanyır. Onların millidə oynamağı çətindir. Həmin idmançıların bura gəlməyi maliyyə tələb edir. Voleybolda bir oyunçu yaxşı olanda komandanın səviyyəsi qalxır, amma bizim idman növündə bu belə deyil. Hamı çox yaxşı çıxış etməlidir. Yəni onlar komandaya gəlsələr belə, biz güclü olmayacağıq.

- Görünür qarşınızda çətin və məsuliyyətli iş var...
- Bəli, illərlə əziyyət çəkməliyik. Arzumuz odur ki, çempionat güclənsin. Gənclərin bu idman növü ilə məşğul olmasını diləyirik.

Məlik Məlikov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.



oxunma sayı: 1152 | Paylaş:




?>