')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"dan "Neftçi"yə qədər - Samir Abasovla MÜSAHİBƏ

"Sumqayıt"dan "Neftçi"yə qədər - Samir Abasovla MÜSAHİBƏ


oxunma sayı: 1855 Paylaş:

FutbolPressSamir Abasovla ilk müsahibәmdir. Nadirәn belә sәmimi, açıqfikirli müsahib olur.

Özünüz baxın:

- Hazırlıq necə keçir?
- Gözlədiyimdәn daha yaxşı keçir. Səbəb futbolçuların toplanışa yaxşı vәziyyәtdә gəlməyidir. Çempionatda son oyundan sonra ciddi tapşırıq oldu ki, istirahәt edirsiniz, amma müәyyәnlәşdirilәn gündәn hamı məşqlərə başlayır. Xoş odur ki, tәlәblәri hamı yerinә yetirdi. Misal çəkim, elə ağır məşq olur, düşünürsən ki, ikincisindә futbolçular yorğun olacaq, mәşq çətin keçəcək. Ancaq ikinci məşqdə də həmin tempi, sürəti görürsən. Deməli, rejimә әmәl olunub vә bu, çox yaxşı әlamәtdir.

- Kompakt, optimal heyət var, məşq də ideal gedir.
- Bəli, idealdır.

- Heyəti gücləndirməyə ehtiyac var? Çünki turnir cədvəlindəki mövqeyiniz iştah artırandır...
- Var, ötən il qışa qədər zədəlilərə görə çox problem yaşadıq. 1-2 futbolçunun ciddi zədəsi, vinger Kristian Velinovskinin uzunmüddətə sıradan çıxması vә sair. İki vingerə ehtiyac yaranıb. Sağ və sol vinger istəyirik.

- Konkret namizədlər var?
- Desəm ki, kimlərsə yoldadır, gəlir - elә deyil. Real danışdığımız futbolçular var. Amma tam nәsә demәk dә olmur.   Ümumiyyətlə, hәlә  görməmişəm ki, legionerlә danışasan vә rahat gәlә. Hәr cür problem çıxa bilir. Ona görə danışdıqlarımız barәdә belә qәti fikir deyә bilmirәm.

- Yerli bazarda istədiyiniz oyunçu var?
- Ceyhun Nuriyevi istəyirdik, alınmadı. İsrarla istәdik, ancaq "Zirə"ni seçdi. Rəhman Daşdəmirovu istəyirdik, "Sabah" buraxmadı.

"Məni də ora qoysan, başım çıxmaz, niyә yalan danışım"

- "Sumqayıt" bu mövsümün ən gənc oyunçusunu - Nihad Əhmədzadəni meydana buraxmaqla rekordçulardandır. "Altyapı"nızda kifayət qədər oyunçu varmı əl-qolunuzu atmaq üçün?
- Yoxdur. Açıq deyirəm, yoxdur. Gәnclәrә şans veririk, mәsәlәn, bura toplanışa da gәtiririk, ancaq bilirik ki, yaxın illərdə bizə kömək etməyəcəklər. Oynayan Nihad Əhmədzadənin də necə olacağı bilinmir, inkişafı üçün çalışırıq, potensialı var, amma sonra necə olacağını dәqiq görəcəyik. Gənclərdən indi potensiallı oyunçunu götürüb, öz komandamıza yerləşdirmək, sistemə uyğunlaşdırmaq vallah, ağırdır. Özlәri haqda qәti inam yaratmalıdırlar.

- Gənclərin böyüməyi üçün təcrübənizdәn nə bölüşə bilərsiniz?
- Fikirləşirəm ki, verdiyimin məsləhət, tövsiyə nә qәdәr faydalı ola bilәr.  Qorxuram ki, sonra deyərlər ki, həddindən artıq çox bilirsənmi... Bu, futbolumuzun bəlasıdır - 17-18 yaşa çatır, itir, "yoxa çıxır".  Oyunçunun qarşısına yüksək hədəf qoymaq, tələb etmək, demәk olar ki, mümkün deyil. İndiki uşaqlar böyük tələbin altından çıxa bilmir. "Dinamo"nun (Zaqreb) düşərgəsində oldum. Onlarda Yüksək Liqada məşqlər saatyarım olurdu, onları izləyirdik. İnandırım səni, onların 9, 10, 11 yaşlı uşaqlarına baxırdıq, deyirdik ki, bizim uşaqlar onlardan güclüdür. Ancaq U-15, U-17, U-19-ların turnirindә finallar oldu. Hәr üç oyun "Dinamo" vә "Hayduk"un komandaları arasında keçdi. Elçin, o nə futbol idi oynadılar?!  Tribunalar dolub, təsəvvür et, tribunalardakı 2000 nəfərdən1600-ü seleksiyaçıdır.  Yüksək Liqa klublarının baş məşqçiləri ilə oyunlara baxırdıq. Aura fantastika! Bir uşaq diqqәtimi çәkdi, sağ cinahda . Allah rəhmət etsin, Sabir müəllimin bir oyunçusu var idi, sağ cinahda - hәmişә  deyirdi, Ayaz, Ayaz. Hәmin sәfәrdә birlikdәydik, oyuna baxdı vә  dedi ki, bu, Ayazı "bulağa susuz aparıb, susuz gətirər". Oradakı futbolu bizimlə necә müqayisə edәsәn? Bu gün aşağı yaş qruplarından uşaq gətirirəm məşqə, komandaya ziyan verir, tempdən düşürük. Uşaqlar "bişmiş" formada gəlmir. Bilmirəm niyə, Azərbaycan futbolunun bəlasıdır bu.

- Nәdi bu "dәrdin dәrmanı"?
- Vallah, bilmirәm. Dәqiq bir şey demәk olmur. İstәmirәm şablon cavab verim. Məni də ora qoysan, başım çıxmaz, niyә yalan danışım. Futbolumuzun bəlası ordadır vә şәxsәn mәn etiraf edirәm, bilmirәm bunun sәbәbi nәdәdir, hardan başlamaq lazımdır ki, çözülsün.

- Həqiqətən, bu problemi tapan "Nobel"ә layiq olar. 13-14 yaşa qәdәr uşaqlarımız yaxşıdır, amma 15-16-17  әrәfәsindә sanki "tormozlanma" olur. Bu problemin çözümü psixoloji aspektdәn, yoxsa hansı yanaşmadan asılıdır - illәrdir formulu tapılmır.
- Məncə, bizdə keçid yaş dövründә idmançıyla işlәmәk metodumuzda çatışmazlıqlar var. Hәm dә düşüncә, xarakter problemlәri var. Adicә bizdәki Nihadı götürәk (Nihad Әhmәdzadә), arıq, çәlimsiz bәdәni vardı. İspan mәşqçi dostuma fotolarını göndәrdim, xahiş etdim ki, ona fiziki mәşq proqramı yazsın. İndi çağıraq onu, bir neçә ayda özündә necә böyük dәyişiklik hiss etdiyini deyәcәk. Adicә bu söhbәtdә nә çıxır ortaya - uşaqlara doğru mәşqlәr keçilmir, düzgün formalaşmırlar. Amma bir mәsәlә dә var, uşağı fiziki cәhәtdәn mәşqlәrlә güclәndirdin, bәs mental? Bunu ispan vә ya digәri, sәn-mәn edә bilmәrik. Sistem... Keyfiyyәtli futbolçu istәyiriksә, bünövrәdәn düzgün formalaşmalıdır.  Bunu da illәrdir hamımız deyirik, ancaq heç birimiz futbolçunun hormonal inkişafı dövründә onu necә mükəmməlləşdirəcəyimizi bilmirik. Ona görə indi əvəzedicilərdən bizə biri gələndə, baxıram ki, "o deyil"...

- İllәr əvvəl maddi-texniki baza, şərait o deyildi. Amma indi vəziyyət nisbәtәn düzəlib, yenə uşaq futbolunda keyfiyyәtli "material" çıxmır, lap az olur...
- Mәnim oynadığım dövrlә indiki futbol arasında fәrq çox böyükdür. Sürət çox artıb. Özümü yada salıram, mənə nə tələb qoyulurdu? Sәnә düşәn rәqibi "öldür", vəssalam. İndi tək oyun yox, düşüncə sürəti də artıb. O dövrün dayaq yarımmüdafiəçilərindən tələb olunurdu ki, 15 qol vursun?  Dövrümüzdə ən yaxşı dayaq yarımmüdafiә oyunçusu Emin Quliyev idi, onu da Bolqarıstana apardılar. Qardaş, indi mən Səbuhi Abdullazadəni öldürərəm, qol epizoduna, cərimə meydançasına girməsin, çünki zamanın tәlәbi budur, bacarmalısan. Bacarmadınsa, rәqib komanda edәcәk bu işi.  Vallah, tələblər çox artıb. Lakin biz o vaxtda qalmışıq. Cavanlara da elə yanaşırıq.

- İdmançıda nəyi xoşlayırsız?
- İntizamı. İdmandan möhkəm yapışmalıdır. Bu, onun həyatı olmalıdır.

- Sizi fərdi olaraq çox tanımıram. Amma idmançı və məşqçi kimi bilirəm, böyük hörmətim var. Deyirlər ki, Samir Abasov kaprizlidir. Bu fikir niyә yaranıb?
- Həyatda yox, işdә kaprizim var. Hərdən elə futbolçu olur ki, potensialını bilirəm, amma imkanlarından artıq tәlәbim olur.

- Mövsümün əvvəlində uğursuzluq oldu, sonra vəziyyət yaxşıya doğru dəyişdi. Maraqlıdır, nəyi dəyişdiz?
- Heç nəyi. Mövsümün əvvəlində qurulan hazırlıq әsasında davam etdik.  Belə deyim, prinsipial olaraq bir şeyin düz olduğunu düşünürsənsə, bundan yapışmalısan. Bir oyun alınmadı, sistemi dəyişim -  yox.

- Samir Abasovun futbol təfəkküründə texniki futbol, yoxsa güc futbolu üstündür?
- Bunların qarışığını xoşlayıram. İzahını verim. .Top saxlaya-saxlaya sənin “opornuların” rəqibin cərimə meydançasına qәdәr gedib epizodu bitirmirsə, deməli, "fizikası" yoxdur, topu özündә  saxlaya bilmirsə, texnikası çatmır. Hәr iki keyfiyyәt olmalıdır.

"Futbolçular bu durumdan çıxa biləcəksə, yaxşı olacaq, alınmayacaqsa, "təmizlәmә" olacaq"

- Turnir cədvəlində yaxşı yerdəsiz…
- Çox təhlükəli, təzyiqli yerdəyik. Düşünürәm, komanda özünü necə hiss edәcәk - bu təzyiqin altından çıxa biləcəklәrmi. Futbolçular bu durumdan çıxa biləcəksə, yaxşı olacaq, alınmayacaqsa, "təmizlәmә" olacaq; çatdırmayanlar gedəcək, yenilər gәtirilәcәk.

-  Vaxt var idi, deyirdiz ki, mətbuatı oxumuram. Amma sonra komandanın vəziyyəti nisbәtәn düzələndə tәnqidi fikirlәri tәnqid etmәyә başladınız...
- Konkret hansısa mәtbuat orqanında tәnqidi nәzәrdә tutmuram heç vaxt. Çünki mәtbuatı o mәqsәdlә oxumuram, mәsәlә sosial şәbәkәlәrdә yazılan fikirlәrdәdir. Elə olub ki, sosial şəbəkələrdә rastıma absurd fikirlәr çıxıb. Hәmin әrәfәdә mәnә çatmayan məqamlar var idi. Bilirsən, necədir, mən daha çox təhlillərə nəzər yetirirdim. Düşünürdüm ki, “Sumqayıt” üzərindən aparılan təhlillər düzgün deyil. Komanda elə qələmə verilirdi ki, sanki bu yerlәrә tәsadüfәn gәlib.

- Kubok yolu da var, liqa da. Paralanacaqsız, ya iki yolu da tutacaqsız?
- Bizim yolda “Neftçi”, “Qarabağ”, “Sabah” kimi komandalar var. Oyunlar bir matçdan ibarətdir. “Sumqayıt” kimi komandanın nə ixtiyarı var ki, kuboku, ya liqanı seçsin. Liqada bütün oyunları uduz, gəlib “Neftçi”ni ud, baş məşqçi və futbolçuları azarkeşlər ulduzlaşdırır. Xüsusi motivasiya yaranır. Buna görə, nə üçün kuboku, liqanı qurban verim? Qardaş, mən kubokdan da, çempionatdan da asılıyam.

- Avrokuboklara düşməsəz, sizinçün uğursuzluq olacaq?
- Nə qədər uğursuz hesab eləməsəm də, bir müddət sonra reallığı qəbul edirsən. Amma üzüləcəm, ora çıxmasam, hansısa klubda bunu bacarmasam, üzüləcəm.

- Futbolçuların fərdi keyfiyyətləri ilə bağlı ən çox narazılıq edənlərdənsiz. Düşünmürsüz ki, bu, oyunçulara pis təsir edər?
- Futbolçular onsuz da mətbuat konfransına baxırlar. Demişəm ki, fikirlәrimi açıq deyirәm,  nəsə sözünüz varsa, gəlin deyin. Düzdür, bəzi məqamlar var, sakitləşdirə bilərəm. Amma oyunçularıma deyirəm ki, həmişə düz sözә açıq olun. Bundan sonra da deyəcəm. Şablon fikirlәr mәnlik deyil, gәrәk fikrimi açıq deyim.

"Bu, sırf mənə qarşı hörmətsizlik idi"

- Mətbuat konfransında ən çox danışdığınız məsələlərdən biri də “Neftçi”dir...
- Mənə ən çox sualı bu haqda verirlər.

- Sizin bu suallara cavab vermәmәk ixtiyarınız da var. Azarkeşlərin marağına görə soruşuram, siz anti-“Neftçi”lisiz?
- Sualı düz başa düşmədim, yәni “Neftçi” düşməni?

- “Neftçi”nin əleyhinə düşünәn…
- Hə, çox maraqlı sualdır. Əleyhinə…  “Sumqayıt”a  gәlәndә  “Neftçi” haqda bir daha düşünmәli oldum. Düşünürdüm, nələri düz etmədim, kimlər yanımda idi, sonra olmadı...

- Bu mövzulara gələcəyik, sualım kritik yanaşmalarınız barәdә idi.
-  Açığı deyim, mən özümə qarşı belə şeyi gözləmirdim. Bunu həddindən artıq hörmətsizlik kimi qəbul etdim, sırf özümə qarşı. Oturmuşdum evdə, video qarşıma çıxdı, əsəbdən hәtta gözlərim doldu. Düşünürdüm ki, niyə mənə qarşı belə hərəkət etsinlər, nә pisliyim olub? Ona görə belə reaksiya verdim. Bu, sırf mənə qarşı hörmətsizlik idi. Dərhal belə reaksiya verdim.

- “Neftçi”ni çempion etmiş məşqçisiz. Qədrinizi bildilər?
- Yox.

- Azarkeşlər narazı oldu, ya klub?
- Azarkeşlər narazı olmadı. Bilinən tərəf odur ki, Samir və azarkeşlər arasında problem var idi. Bilinməyən o idi ki, Samirlə azarkeşin arası əla idi, düzəlmişdi. “Neftçi”də mənim qədər fanatlarla əlaqədə olan baş məşqçi olmayıb. Nə vaxt çağırıblar, gedib söhbət etmişik. Samirә görә klub rəhbəri çıxıb azarkeşlә nəsə danışdımı? Mən bunu görmədim. “Neftçi”də işlədiyim vaxtda qabağa mən verildim, sona qədər də tək oldum.  Qlobal problemlər deyildi, lakin bu, Samiri işdәn çıxarmaq üçün yaxşı şans idi kimlərçünsə…

- "Neftçi"nin "işıqları söndürün" replikasından motivasiya kimi uğurlu istifadə etdiyiniz hiss olundu...
- Әlbәttә, belә dә olmalı idi. Heç komandaya nәsә demәyә ehtiyac yox idi, videonu görәn hәr oyunçuda o hiss yaranmışdı.

- “Neftçi” məsələsinə nöqtə qoyulmayıb da, yəqin, vergüldür…
- Necə?

- Bu komandada nə vaxtsa yenə işləyəcəksiz?
-  Belә deyim, tәklif gәlsә, әvvəlkindən daha kaprizli olacağam.

"Bu sözlər gələcəkdə işləməyimə xələl gətirəcəksə..."

- Milliyə namizədlər arasında da adı çəkilənlərdənsiz. Maraqlıdır, Samir Abasov bu məsələyə necə yanaşır? Milli haqda fikirlərinizi bilmək istərdim.
- Düşünürəm ki, azərbaycanlı məşqçilər milli haqda unutmalıdır. Azərbaycan məşqçisinin yığmanı çalışdırması hansısa top klubda işləməsi kimidir...

- Bu, ironiyadır...
- Yox, reallığı deyirәm. Yerli məşqçilərə inam yoxdur. Artıq bunu belә qәbul edirәm. Yəni, bu gün sənin adın və filankəsin adı var. Sən seçilmədiyin halda dilxor olarsan. Amma mən rahat olaram, adımız verilsə də, verilməsə də. Bizim millidə işləməyimiz üçün bilmirəm, nə olmalıdır...

- Belə düşünməyinizə səbəb nədir?
- Baş verənlər. Millidə Yurçeviç kimi birisi işləyibsə, nə bilim... Nə olmalıdır ki, o, Azərbaycan məşqçisindən üstün hesab edilsin? Bizdәn biri yox, Yurçeviç işlədisə... Nә isә...

- Hamının narazı olduğu vəziyyətlə bağlı dəyişikliyin olacağına inanırsız?
- Sizin də, hamının da narazı olmağına baxmayaraq, proseslər belə baş verirsə, heç bir dəyişikliyə ümid etmirəm. Bu sözlər gələcəkdə işləməyimə xələl gətirəcəksə - bilirəm, gətirəcək - amma budur fikrim.

- Xaricdə işləmək istərdiz?
- Ooo… Bu, mənim arzumdur.

- Real tәkliflәr olub?
- İşıq yeri yayda görünmüşdü. Rumıniyada “Mioveni” variantı var idi. Adrian Skarlatake orada oynayırdı. Mənə yazdı ki, burada işləyərsənmi, üslubunuza uyğun heyәt var. Həmin vaxt baş məşqçi istefaya getmişdi. Skarlatake klubun prezidentinə adımı vermişdi, amma seçim başqa olmuşdu.

- Başqa belə variantlar olub?
- Agentlər “Şerif”ə demişdilər. Futbolda reytinqimiz pisdir, belә mәqamlarda böyük tәsiri olur.  Açıq deyim, klubum icazə versə, sabah gedərəm xaricdә işlәmәyә - istәnilәn komandaya.

- 5-li müdafiəni Azərbaycanda ən yaxşı oynadan məşqçilərdənsiniz. Sizdən sonra da bu xətlə davam edənlər var. “Neftçi”də rotasiyalarınız, dəyişləriniz olub. Bu, özünüzü әn rahat hesab etdiyiniz sistemdi?
- Vacib olan futbolçuların bunu oynayıb, oynaya bilməməsidir. “Neftçi”də gördüm ki, Yusuf Laval kimi cinah oyunçum var... Nominal hücumçum yox idi deyə, Namiq Ələsgərovu öndə oynatdım. Oyunçular bu sistemə uyğun idi. Sonda da Namiq bombardir oldu. Mənimçün önəmli olan әlimdәki heyәtin hansı sistemə uyğun olmasıdır. Öz sistemin üçün vaxt lazımdır. Lakin gəlib bir yerə çıxırsan və görürsən ki, 18-19 oyunçun var və bir sistemə oturtmalısan. İndi “Sumqayıt”da 4-3-3 oynadıram və buna uyğun oyunçular seçirəm. Yәni 5-li müdafiәdәn çox, 4-3-3 sistemini sevirәm.

- İlin futbolçusu məsələsinə də toxunaq. Fikirləriniz maraqlıdır, nəticələr reallığı əks etdirir?
- Həmkarın Allah şahididir. Ötən il Emin Mahmudov seçiləndə səsi ona verdim. Millidə, “Neftçi”də iş görürdü. Onu rahat tanıyırdım, könüllə səs verdim. Bu il isə verilən siyahıdan oyunçu seçmişəm. Hələ Zaura (red-Zaur Xudiyev “Sumqayıt”ın mətbuat katibi) dedim ki, olarmı deməyim. Dedi ad verməlisən. Formal olaraq birini seçdim. Mənə görə, bu il ilin oyunçusu yoxdur.

- Məşqçilər xarakterinə görə fərqlənir. Eləsi var ki, paltardəyişmə otağında kral olur, eləsi də var bir az açıq olur. Bәs siz?
- Bilirsiz, mənim bəzi prinsiplərim var. O vaxt Kamran Quliyev və Ceyhun Sultanovu komandadan ayırmışdım.  Ümumiyyәtlә, indi bu mәsәlәdә prinsipim dәyişib. Әsas odur, futbolçularım bilsin ki, komandanın baş məşqçisi var, son söz onundur. Kim olur olsun, fərqi yoxdur, baş məşqçi amili bilinməlidir, baş rolda olmalıdır.

"Azərbaycanda isә mənə rəqib yox, məndən yaxşı məşqçilər var"

- Samir Abasov futbolçu kimi daha emosional idi, yoxsa məşqçi kimi?
- Məşqçi.

- Bu, fayda verir, ya ziyan?
- Fayda verir. Ötən il 7-ci olanda yaxınlar irad tuturdular ki, futbolçular səndən çox hәrәkәtlilik görmürlər, əvvəl emosional idin, indi yox. Razılaşdım. Mәn sakit oyun izlәyә bilmirәm.

- Gənc məşqçilər təriflənir. Mühiti әlә alıblar sanki. Qocaman məşqçilər dövrü bitdimi, ya meydan verilsə, sözünü deyə bilən var?
-  Bizim məşqçilik məktəbimiz mükəmməldir. Aslan Kәrimov və Osmanın keçdiyi metodik dərslər əladır.  Müxtəlif kurslarda – Serbiyada, Türkiyədə, Finlandiyada olmuşam. Bizim seminar keçənlər yenilikləri daim çatdırmağa çalışır. Köhnə məşqçilər bunu görməyiblər, onların bir üsulu var idi, yeniliklәrә meyl etmirdilәr. Köhnələrin bizdən üstün cəhəti odur ki, adları var. Bu gün uşaqlara məşq verirsən, futbolçu gəlib sənə deyir ki, bunu niyə çox etdin və ya başqa nəyi etmək olardı? Hәmin vәziyyәtdә sәn izah vermәlisәn. Amma köhnə məşqçiyə yaxınlaşıb belә irad tipli sual versәn, deyəcək ki, “ə, cəhənnəm ol”.

"Kaş onlar indi olardı, Avropa çempionatlarına vəsiqə qazanardıq"

- Pro kateqoriyası üzrə kurslarda ən fəal siz və Rəşad Sadıqovun adı çəkilib. Şablon səslənir, ancaq soruşmaq istəyirəm: özünüzə rəqib kimi görürsünüz? Yerli də olar, xarici də. Və ya kimdən bəhrələnirsiz?
- Soruşsaz ki, baş məşqçi kimi kimin yanına getmək istərdin, әlimdәki bütün maddi imkanları xәrclәyib Yurgen Kloppun yanına gedərdim. Həqiqətən, bu, mənimçün arzudur. Amma düşünürəm ki, arzu kimi qalacaq elə. Görün, nə qədər komanda dəyişdi, amma eyni ruhda oynadır. Azərbaycanda isә mənə rəqib yox, məndən yaxşı məşqçilər var.

- Fikirlər var ki, hazırkı heyət millinin ən yaxşı heyətidir. Bu fikirlərə münasibətiniz nədir?
- Razı deyiləm. Azərbaycan tarixinin ən yaxşı qapıçısı kimdir? Kamran Ağayev. Ən yaxşı mәrkәz müdafiəçi? Rəşad Sadıqov.  Siz də deyin… Ən yaxşı dayaq yarımmüdafiəçi? Emin Quliyev. Ən yaxşı sağ cinah müdafiəçi? Mahir Şükürov. Ən yaxşı sol cinah müdafiəçi? Elvin Cəfərquliyev. Ən yaxşı “10 nömrə” Mahmud Qurbanov. Ən yaxşı sağ vinger Zaur Tağızadə. Ən yaxşı hücumçu mənimçün Zaur Ramazanovdur. Mənimçün ən yaxşı milli Vidadi Rzayev, Yunis Hüseynov, Vəli Qasımovun vaxtında idi. Kaş onlar indi olardı, Avropa çempionatlarına vəsiqə qazanardıq. İndiki heyət də yaxşıdır, amma tarixin әn yaxşısı deyil. Bununla razılaşmıram, bu fikri yaxın buraxmıram.

- Maraqlıdır...
- Bәli, mənimçün millidә әn vacib amil ruhdur. İndiki heyәt  tarixin ən ruhsuz komandasıdır.

- İndiki heyət sizə verilsə, nə edərdiz?
- İlk növbədə onların ruhunu dəyişərdim. 14 nəfərim olsun, ölkәdәn kәnarda oynayan daha güclü 4 futbolçu olsun, ancaq ruhsuz görünsün, onları rədd edərəm. Mən ruhlularla oynayaram, onlara bunu aşılayaram. İndiki futbolçular məndən qat-qat güclüdürlər, amma heç biri mənim ruhumda deyil. Milli komandanın, hәr şeydәn әvvәl, ruhu yüksәk olmalıdır.

Elçin Cəlilov


oxunma sayı: 1855 | Paylaş:




?>