')

Bu gün:


FutbolPress.Az | "Sabah"ın kapitanı: " Gələn il bu səhvlərdən nəticə çıxaracağıq"

"Sabah"ın kapitanı: "Gələn il bu səhvlərdən nəticə çıxaracağıq"


oxunma sayı: 407 Paylaş:

FutbolPressAzərbaycan Basketbol Liqasında 9 tur geridə qalıb. Hazırda aktivində 17 xalı olan "Sabah" liderdir. İkinci yerdə isə "Sabah"dan əlavə göstəricilərə görə geri qalan NTD-INDIGO qərarlaşıb.

"Sabah"ın kapitanı Endər Poladxanlı "FutbolPress"in suallarını cavablandırdı:

- Geridə qalan 9 turu neçə qiymətləndirirsiniz?
- Turnir cədvəlində hazıda ilk pillədə qərarlaşmışıq. Geridə qalan oyunları dəyərləndirsək, çıxışımız əla oldu. İndi üzərimizdə daha çox işləməliyik. Bundan sonra daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas məsələ liderliyi qorumaqdır.

- Hazırda turnir cədvəlində ikihakimiyyətlilik hökm sürür. İkinci dövrədə vahid lider olmaq üçün nələri etmək lazımdır?
- Hazırlıq prossesini daha yaxşı keçməliyik, eyni zamanda məşqçinin tapşırıqlarına xüsusi diqqət etmək lazımdır. Heç bir rəqibi zəif görməməliyik. Birinci yer olduğumuz üçün hamı bizi məğlub etmək istəyir. Əsas məsələ budur ki, məğlub olmayaq. Arxayınlıq olmamalıdır. Hər oyuna ciddi yanaşmalıyıq.

- Məşqçi məsələsinə toxundunuz, artıq bir neçə aydır ki, komanda baş məşqçisiz qalıb. Boban Mitevin komandadan gedişi oyununuza təsir etdi?
- Hazırda komandaya Nikola Bozinovski rəhbərlik edir. O, mövsümün əvvəlindən komandada Mitevin köməkçisi işlədiyinə görə, kollektivə asanlıqla uyğunlaşdı. Adaptasiya müddəti olmadı. Təbii ki, bu da müsbət təsir etdi. Çətinlik çəkmədən yolumuza davam etdik.

- Bu il Azərbaycanı avrokuboklarda təmsil etdiniz. Avropa sizin üçün təcrübə meydanı oldu. Bu təcrübə komandada hansı dəyişikliklərə səbəb oldu?
- Avrokuboklarda çıxış etmək hər bir idmançı üçün böyük uğurdur. Əsasən də yerli basketbolçular üçün. Azərbaycan klubları neçə ildir avrokuboklarda çıxış etmirdi. Bu il yerli idmançılar olaraq böyük təcrübə qazandıq. Çünki səviyyəli oyunçular və komandalara qarşı çıxış edirsən və özünü onlara uyğunlaşdırmağa çalışırsan. İnanıram ki, növbəti il ölkəmizi avrokuboklarda daha yaxşı təmsil edəcəyik.

- Yenidən avrokuboklarda çıxış etsəniz, öncəlikdə hansı səhvləri və ya boşluqları aradan qaldıracaqsınız? Və ya sualı belə qoyaq, uğur qazanmanıza nələr mane oldu?
- Fikrimcə, pis oyun göstərmədik. Qrupda üçüncü yeri tutduq. Bir az iddialı səslənsə də, bir neçə oyunda qələbə qazana bilərdik. Sadəcə son dəqiqələrdə səhvlərimiz oldu. Təcrübəsizlik özünü göstərdi. Ona görə rəqib bizi cəzalandırdı. Gələn il bu səhvlərdən nəticə çıxaracağıq. Bu il təcrübəsizlik bizi uduzdurdu.

- Hazırda komanda kapitanı kimi necə düşünürsünüz, ölkə çempionatının səviyyəsi necədir?
- Son illərin ən maraqlı çempionatı keçirilir. 4 komanda başabaş mübarizə aparır. Digər komandalar da yaxşı çıxış edir, sadəcə ola bilsin bəxtləri gətirmir. Komandalara vaxt lazımdır. Oyunçular bir-birilərinə uyğunlaşdıqdan sonra liqamız daha maraqlı olacaq. İnanıram ki, pley-ofda bizi gərgin oyunlar gözləyəcək.

- Belə fikirlər səslənir ki, çempionatda 10 klubun iştirak etməyindənsə, 6 eyni səviyyədə komanda çxış etsə, daha yaxşı olar. Bu barədə siz nə düşünürsünüz?
- Əslində bu barədə düşünməmişdim. Amma düzünü desəm, eyni komandalarla bir neçə dəfə qarşılaşmaq yorucu olar. Ötən il 8 komanda idi, 4 dövrə oynadıq. Bu komandalardan 5-i pley-off üçün mübarizə aparırdı. Hazırda 8-10 komanda olmağı normaldı. Demək olar hazırda çempionatda 4 komanda eyni səviyyədədir. Digər 2 komanda isə pley-off uğrunda sona qədər mübarizə aparacaq.

- İndi isə Azərbaycan basketboluna geniş çərçivədən baxaq. Gələcək üçün nəyəsə ümid etmək olar?
- Düşünürəm ki, ölkə basketbolu daha yüksəklərə qalxa bilər. Bizim klubların avrokuboklarda iştirak etməsi daha çox səviyyəli legionerin ölkəyə gətirilməsi deməkdir. Səviyyəli legionerlərlə çıxış etmək yerli idmançılar üçün inkişaf deməkdir. İstər-istəməz məşqdə daha çox çalışırsan, bu da komandanın daha yaxşı çıxış etməsinə səbəb olur və rəqabətlilik artır. Və ya rəqibdən nəsə öyrənirsən. Əgər belə davam etsək, 5-6 ilə çempionatın səviyyəsi daha yüksək olacaq. Həmçinin, mlli komanda daha yaxşı çıxış edəcək.

Məlik Məlikov


oxunma sayı: 407 | Paylaş:




?>