')

Bu gün:


FutbolPress.Az | "Klublar diqqəti nəticəyə yox, uşağın düzgün inkişafına verməlidir"

"Klublar diqqəti nəticəyə yox, uşağın düzgün inkişafına verməlidir"


oxunma sayı: 1278 Paylaş:

FutbolPressAzərbaycan millisinin sabiq futbolçusu, hazırda "Araz-Naxçıvan"ın U-17 komandasında baş məşqçilik edən Ruslan Əmircanovun "FutbolPress"ə müsahibəsi:

- "Araz-Naxçıvan"da U-17-lərlə çalışsanız da, eyni zamanda aşağı yaş qrupları ilə də məşğul olursuz. İşləriniz necə gedir?
- Fərdi məktəbim var. Bütün yaş qrupları üzrə hazırlıq keçirəm. 4 yaşdan böyüklərə qədər uşaqlar var. Onların öz komandaları olsa da, çatışmayan cəhətləri üzərində işləyirəm. Eləsi də var ki, sıfırdan başlayırıq. Onları müəyyən səviyyəyə çatdırdıqdan sonra onları klublara yönəldirik. İndi çətinliklər çoxdur. Əvvəlki vaxtlarda potensiallı uşaqlar daha çox idi. Düzdür, indi də var. Görürsən ki, Allahdan o pay verilib. Eləsi də var ki, istedadı çox yoxdur, amma həvəsi var. Mənim Murad adlı tələbəm var, 4 yaşı var. İki ay əvvəl onu "Neftçi"yə yoxlanışa göndərdim. Burada bir ay məşq edəndən sonra artıq bu komandada qaldı. Sevindirici haldır ki, tələbəm "Neftçi" kimi komandaya qoşulub. Ümumiyyətlə, bütün komandalar çalışır ki, istedadlı uşaqları cəlb etsinlər. Uşaq futbolu əvvəldən 8-9 yaşdan başlayırdısa, indi klublar 4-5 yaşdan başlayır seçim etməyə.

- Artıq neçə müddətdir, bu işlə məşğul olursunuz. Azərbaycanda uşaq futbolunda hansı problemləri müşahidə etmisiniz?
- Problemlər odur ki, indiki uşaqların fikirləri tam məşqdə olmur. Onlara nəyisə izah edirsən, amma sonra görürsən ki, başa düşməyib. Amma əvvəldən deyir, bildim. Diqqətləri yayınır. İndiki uşaqların qavrama qabiliyyəti əvvəlki illərə nisbətən aşağıdır. Bunun nədən irəli gəldiyini bilmirəm.

- Əvvəlki uşaqlarla indikilər arasında əsas fərqlər nədir?
- O vaxt normal qidalanma, yuxu rejimi var idi. Bir də sosiallaşma uşaqlara təsir edir. Texnoloji yeniliklər uşaqların diqqət pozuğunluğuna səbəb olur. Bizim vaxtımızda belə şeylər yox idi deyə, bütün diqqətimiz topda, futbolda idi. Ancaq indikilər sosial şəbəkədə daha çox vaxt keçirmək istəyirlər. Bu tək aşağı yaş yox, digər qruplara da aiddir.

- Valideynlərin məşqlər zamanı davranışları necədir? İşinizə mane olmurlar?
- Valideynlər işimizə mane olmur. Məşqçi gərək özü o şəraiti yaratmasın. Əvvəldən danışmaq, bildirmək lazımdır. Layiq olan, daha yaxşı məşq edən oynamalıdır. Valideynin buna müdaxiləsi düzgün deyil.

- Aşağı yaşlarda əsas problemlərdən biri də uşaqlardan nəticə tələb edilməsidir. Bu, nə dərəcə düzgündür?
- Aşağı yaş qruplarında nəticə tələb etmək düzgün deyil. Əksinə, nəticə nə olur olsun, uşağa dəstək olmaq lazımdır. Biz inkişafı düşünməliyik, nəticəni yox. Klublarda da problemlər var, uşaq komandası uduzur, məşqçini çıxarır ki, niyə belə oldu. Əsas uşağın inkişafı, onun düzgün istiqamətləndirilməsidir. Gələcəkdə yaxşı nəticə istəyirsənsə, aşağı yaş qruplarından başlamalısan. Sən bu yaşda uşaqdan nəticə istəsən, tələbin bu olsa, nə inkişaf olacaq? Bu, düzgün deyil. Bütün klublar aşağı yaş qruplarında diqqəti nəticəyə yox, uşağın düzgün inkişafına verməlidir.

- Bəzən görürük ki, aşağı yaşlarda istedadlı olan, seçilən uşaqlar bir müddət sonra "yoxa çıxır". Buna səbəb nədir?
- Futbola maraq artıb. Dünyanın bir nömrəli idman növüdür. Son illərdə görürük ki, demək olar, valideynlərin çoxu çalışır ki, uşağını futbola gətirsin. İstedadlı gənclər var, onlara dəstək olmaq, yanında durmaq lazımdır. Uşaq 18 yaşına gəlir, bilmir məşqə gəlsin, təhsilinə davam etsin, ya hərbi xidmətə yollansın. Bəzən istedadlı uşaqlar hərbi xidmət vaxtı gələndə getməli olurlar. Klublar bu işdə onlara dəstək olmur. Komandalarda problemlər çoxdur və buna görə perspektivli uşaqları itiririk. Uşağa 16, 17 yaşında kömək olmasan, o necə böyüyəcək, inkişaf edəcək? Uşağa dayaq olmaq lazımdır, bu da valideyn və məşqçilərin üstünə düşür.

- Gənclər üçün kritik yaş dönəmi hansıdır? Hansı ki, bu yaşda artıq onlar qərar verir, gələcəyini qurmağa başlayır?
- Klublarda istedadlı oyunçular çoxdur. Sadəcə olaraq, onları nəzarətdə saxlamalı, rejimlərinə, qidalanmalarına fikir vermək lazımdır. Gənclərə baxırsan, nə normal rejimim var, nə qidalanması. 17 yaş futbolçu üçün kritik dönəmdir. Ya yaxşı olursan, ya da artıq bu sahədən kənarlaşırsan. Gərək diqqətli olub, yolunu tutasan. Normal qidalanma vacibdir. Düzgün yemək yeməlidirlər, yoxsa gedib küncdə-bucaqda dönər yeyir, enerji içkisi içir. Bu, düzgün deyil. Düzdür, biz də o vaxt peraşki yeyirdik, kasıblıqdan idi. Lakin biz əziyyət çəkirdik, bütün fikrimiz futbolda idi. İndi hər bir şərait yaradılıb, amma uşaq inkişaf etmir. Burada problem fərdin özündədir. Bütün diqqətini futbola verə bilmədiyi üçün inkişaf da olmur.

- İnkişaf üçün nədən başlamaq lazımdır?
- İlk növbədə uşaqlara sərbəstlik vermək lazım deyil. İstədiyi kimi etməyə başlayanda, ona nəzarət etmək olmur. Yuxu rejimindən tutmuş qidalanmasına kimi diqqətdə saxlamaq lazımdır. Hər şeyin öz vaxtı var. Gənc futbolçular üçün ən önəmli iki şey var - yuxu və qidalanma. Bunlar xüsusi diqqətdə saxlanılmalıdır. Sonda nəticədə olur, uşaq inkişaf edir, yaxşı futbolçu olur. İnkişaf kompleks işlər nəticəsində baş verir.

- Fiziki tərbiyə uşaqların inkişafında hansı rolu oynayır?
- Fiziki tərbiyə uşaqlar üçün çox vacibdir. Güclü, sağlam yetişmək üçün fiziki tərbiyə, idman önəmlidir. Bu, gələcəkdə uşağın cəmiyyət üçün faydalı şəxsə çevrilməsində böyük rol oynayır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1278 | Paylaş:




?>