')

Bu gün:


FutbolPress.Az | Dünya çempionu: "Azərbaycan güləşinin gələcəyi parlaqdır" (MÜSAHİBƏ)

Dünya çempionu: "Azərbaycan güləşinin gələcəyi parlaqdır" (MÜSAHİBƏ)


oxunma sayı: 629 Paylaş:

FutbolPressAzərbaycan yunan-Roma güləşinin ən təcrübəli adlarından biri Eldəniz Əzizlidir. 55 kq-da mübarizə aparan 2 qat Avropa və 3 qat dünya çempionu ilə ilin yekunları, Azərbaycan güləşinin perspektivləri və s. mövzular barədə söhbətləşdik:

- Öncəliklə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə sizi təbrik edirəm. Sizin üçün 2023 hansı xatirələrlə yadda qaldı?
- Təşəkkür edirəm. Öz növbəmdə Sizin və oxucularınızın bayramını təbrik edirəm. 2023-cü il mənim üçün həqiqətən də önəmli il oldu. Bu il üçüncü dəfə dünya çempionu oldum. Həmçinin, ilin sonunda cənab İlham Əliyev mənə fərdi təqaüdünü layiq gördü. Bütün bunları nəzərə alanda il mənim üçün yaddaqalan olacaq.

- Mükafata layiq görülmənizi gözləyirdiniz?
- Prezidentin məni mükafatlandıracağını gözləyirdim. Daha öncə Hacı Əliyev və boksçu Məhəmmədrəsul Məcidov üçüncü dəfə dünya çempionu olduqdan sonra prezident bu addımı atmışdı. Həmçinin, düşünürdüm ki, istisna olmayacam və cənab prezident məni də mükafatlandıracaq. Burdan cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.

- Xankəndidəki təəssüratlarınınızdan danışardınız. Prezidentlə görüşünüz oldu...
- Xankəndidəki hisləri sözlə ifadə etmək çətindir. Tarixi əhəmiyyətə malik matç izlədik. Daha sonra prezident şəxsən təbrik etdi və mükafatlandırdı. Düşünürəm ki, karyeramda önəmli və vacib hadisə idi. Ən böyük mükafat İlham Əliyevə düşür. Çünki Ali Baş Komandanın sayəsində bu gün tarixi torpaqlarda matçlar keçirilir.



- İndi də güləşdən danışaq. Ümumiyyətlə, kənardan idmançı kimi Azərbaycan güləşinə baxdıqda necə görünür?
- Azərbaycan güləşinin gələcəyi parlaqdır. Ümidverici idmançılarımız çoxdur. Hər biri istedadlıdır. Gənclərimiz yetərincə yaxşı nəticələr göstəriblər. Ümid edirəm ki, bundan sonra da Azərbaycan xalqını hər zaman sevindirəcəklər.

- Hazırda Olimpiya Oyunlarında sizin üçün əsas medal ümidləri kimlərdir?
- Hadisələri çox qabaqlamaq istəmərəm. Çünki heyət formalaşmayıb, lisenziyalar tam qazanılmayıb. Lakin hazırda yunan-Roma güləşində Həsrət Cəfərov və Sənan Süleymanov Olimpiya Oyunlarına vəsiqə qazanıb. Hər ikisi çempion ola biləcək gücdədirlər. Düşünürəm ki, onlar medal qazanmağa çox yaxındırlar.

- Milli komandanın ən təcrübəli üzvlərindənsiniz, məşqlər zamanı idmançılara hansı tövsiyələr və məsləhətlər verirsiniz?
- Məşqlər zamanı hər bir idmançıya tövsiyələr veririk. Gördüyümüz səhvəri aradan qadırmağa çalışırıq. Sağ olsunlar ki, onlar tövsiyələrimizi pis qəbul etmirlər. Nəticə çıxarıb, daha yaxşı olmağa çalışırlar.

- Yetərincə titul qazanan güləşçilərdənsiniz. Düşünürəm ki, hər bir idmançı üçün xüsusi olan titulu var. Bəs sizin üçün hansıdır?
- Karyeramda ən önəmli medallar hansılardır, dəqiqə deyə bilmərəm. Amma bu il dünya çempionu olduğuma görə, İlham Əliyevin mənə mükafatı təqdim etməsi hər zaman yaddaşımda qalacaq. Buna görə də dünya çempionluğu mənim üçün daha doğmadır.

- Karyeranızı bitirməyi düşünürsünüz?
- Düzü, hazırda bu barədə düşünmürəm. Növbəti il bu haqda düşünmək olar.

Məlik Məlikov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 629 | Paylaş:




?>