')

Bu gün:


FutbolPress.Az | "Uşaq məşqdən həzz almırsa, məqsəd yoxdursa, inkişaf etməyəcək"

"Uşaq məşqdən həzz almırsa, məqsəd yoxdursa, inkişaf etməyəcək"


oxunma sayı: 733 Paylaş:

FutbolPressMahmud Әhmәdov uşaq futbolunda tanınan adlardandır. Mәşqçi kimi uğurları ilә yanaşı iş metodikası, peşәyә yanaşması ilә fәrqlәnir.

Hazırda "Neftçi"nin 11 yaşadәk komandasına futbolu öyrәdir. Onunla uşaq futbolundakı vәziyyәt, fiziki tәrbiyәnin anlamı әtrafında maraqlı müzakirәmiz oldu.

- Neçə ildir, uşaq futbolunda çalışırsınız. Mənzərəni necə dəyərləndirərdiniz?
- Aşağı yaş qruplarında  Avropa səviyyəsində potensiallı uşaqlar var. Sadəcə, bu uşaqlara düzgün istiqamət vermək və inkişaf etdirmək lazımdır. Bunun üçün akademiya olmalı, onlara nəzarət edilməlidir. Yaxşı baza olmalıdır. Düzdür, məşq prosesi də vacibdir, amma ondan əvvəl mühüm şeylər var - qidalanması, bərpa. Akademiya anlayışı qalmalıdır. Bilmirik ki, uşaqlar evdə necə qidalanır. Ona görə ilk növbədə akademiyalar çox olmalıdır.

- Uşaq futbolunda müəllim-uşaq-valideyn münasibətlərini necə tənzimləyirsiniz?
- Bu yaşlarda uşaqlara fərdi yanaşmaq lazımdır. Uşaq var, sakit təbiətlidir, eləsi var, çılğındır. Çalışıram ki, uşaqlara xarakterinә görә fərdi yanaşım. Onların futbol həyatı mənimçün ön plandadır, amma gündəlik sosial həyatına, məktəbdəki qiymətlərinə, sosial davranışlarına da nəzarət edirəm. Akademiyalar olmadığı üçün məcburuq ki, onların valideynləri ilə yaxın əlaqədə olaq. Çalışırıq ki, valideyn-uşaq-müəllim ücbuçağını yaradaq. Bu işlər nəzarətdə saxlanılsa, nəyəsə nail olmaq olar.

- Uşaq futbolunda müxtəlif predmetlər var. Bunlar arasında ən vacib edilməli olan nədir? Həm klub, həm məşqçi olaraq...
- Uşaq futbolunda 9-12 yaş arasında "qızıl dövr" adlanan period var. həmin dövrdə tematika, sürət və koordinasiya kimi amillәrin tәmәli qoyulmalıdır. Çünki bu dövr uşaqların ən çox mənimsəyən vaxtıdır, gələcək futbol həyatlarını bu yaş dövründəki bazaya yığırlar. Buna görə diqqət vacibdir. Top qəbulu, ötürmələr, driblinq, zərbələr daha çox önəmlidir. Bir də fərdi taktiki anlayış var - fərdi hücum, müdafiə davranışları. Koordinasiya isə davranış, mövqe, oyun oxuma sürətidir. Sürət deyəndə bizdə ancaq topla qaçmaq düşünülür, amma reaksiya, oyunu oxuma sürəti vacibdir. Çalışıram ki, uşaqlarla beyin məşqləri edək. 9-12 yaşda təməl texnika, sürət və koordinasiya öyrənilməlidir.

- Hazırda U-11 komandasında çalışırsınız. Buna qədər haralarda işləmisiniz?
- 2014-cü ildən baş məşqçiliyə başlamışam. Buna qədər U-9 və U-13 aralığında çalışmışam. Düzdür, təkliflərim də olub. 

- U-9-dan U-13 arasında 4 yaş fərqi var. 10 ildir, bu sahədə çalışırsınız. Valideyn 9 yaşda uşağını futbola gətirdi, o, 13 yaşa qәdәr əsas nəyə diqqət etməlidirlər?
- Gördüyüm problemlərdən əsası odur ki, valideynlər şəxsi ambisiyalara görə uşaqları futbola gətirir. Özünün nail olmadığı nədəsə uşağı görmək istəyirlər. Deyirlər ki, futbolçu olmalısan, çox pul qazanmalısan. Amma uşaq futbola həzz almaq üçün gəlir, öyrənməyə yox. Ona motivasiyalı məşqlər verməlisən. Uşaq məşqdən həzz almırsa, məqsəd yoxdursa, inkişaf etməyəcək. Tutaq ki, adi ötürmə kompleksi deyirik. Burada bir motivasiya olmasa, uşaq bunu etməyəcək.

- Məşq həm də əyləncəli olmalıdır...
- Bəli, motivasiya və əyləncə. Məşqin 9 kriteriyası var. Ora digər amillər də daxildir, amma əsas olan məqsəddir.



- Uşaq qarşısına məqsəd qoymalıdır?
- Xeyr, məşqin özündə məqsəd olmalıdır. Futbol oynayırsa, sonluq olmalıdır. Motivasiya olmadan inkişaf mümkün deyil. Uşaq bütün günü ötürmə kompleksi işləyir, amma məqsəd yoxdursa, inkişaf olmayacaq. Sanki valideynlər uşaqları işə gətirir, mütləq qol vurmalı, assist etməlidir. Deyirlər, niyə səhv etdin və s. Uşaqların bu yaşı ən çox səhv edən vaxtıdır. Səhvlərdən praktika qazanılır. Düşünürəm ki, burada valideynlərin ambisiyalarını zәrәrlidir.

- Mən də valideynəm. Bu proseslərin içində oluram və görürəm ki, bәzi valideynlərin məşqdəki davranışları dərin problemdir. Bunu necə həll etmək olar?
- Dediyim kimi, öyrənmə metodu odur ki, uşaq səhv etməlidir və bu təkrarlandıqca, öyrənir. Valideyn kənardan səhvlərə müdaxilə edir və bu, doğru deyil. Uşağın da diqqəti valideyndə qalır, səhv etməkdən qorxur. Ölkə çempionatlarında da bunu görürük. Məşqçilər də  tanınsın deyə, öyrənməni yox, nəticəni üstün tutur. Ümumilikdә bu davranışlar uşağın mәnimsәmә fantaziyasını inkişafdan saxlayır.

- Uşaq liqalarında nəticə ləğv olunub axı...
- Düzdür, amma məşqçilər nəticələr istəyir. Klublar da məşqçiyə azadlıq verməlidir. Məşqçi sərbəst olmalıdır, işini itirməkdən qorxmalı deyil. Hədəf uşağı inkişaf etdirməkdir, nəticə qazanmaq yox. Ümumi olaraq futbol psixologiyasını dəyişmək lazımdır. Bu da indiki reallıqda mümkün görünmür. Mən məşqdə uşağın valideynlə əlaqəsinə imkan vermirəm. Uşaq qərarı özü verməli, səhvi etməlidir. Sonra başa düşməlidir ki, bu səhvi etdim və təkrarlamamalıyam.

- Valideyn məşqçiyə mane olur?
- Bəli, uşaq gah müəllimə baxır, gah məşqçiyə. Bu da uşağın performansına təsir göstərir. Bilmir müəllimə baxsın, ya valideynә. Almaniyaya yarışa getmişdik. Orada valideynlər uşaqlar uduzanda da alqışlayır, udanda da. Səhv edir, onlara motivasiya verirlər. Belə valideyni niyə məşqə buraxmayasan? Mən də istərdim ki, valideyn kənardan sakit baxıb, uşağa motivasiya versin. Amma bizdə uşaqlara mane olurlar.

- Bu uşaqlar gələcəkdə gənc olacaqlar. Fiziki tərbiyə şəxsiyyətin əxlaqı və mədəni formalaşmasında nə dərəcə rol oynayır?
- Mən bir mәşqçi kimi ilk növbədə çalışıram ki, düzgün, savadlı vətəndaş yetişdirim. Onların gələcəkdə futbolçu olmağı qeyri-müəyyəndir. Bəlkə də, yüz uşaqdan üçü futbolçu olacaq. Ona görə ilk növbədə düzgün vətəndaş yetişdirməliyik. Uşaqların yaradıcı fikirləşmələrinə yol açmağı düşünürəm. Onlardan daha çox mütaliə etmələrini, yaradıcı düşünməyini, dərslərində yaxşı olmağı istəyirəm. Əsas olan uşağı cəmiyyət üçün düzgün yetişdirməkdir.

- Son illərdə klublarda məşqçilərin sistemləşdirilməsi işləri başlanılıb. "Neftçi"də buna cəhd var. Uşaq futbolunda təməl necə qoyulursa, gələcəyi bundan asılı olur. Mәşqçinin dünyagörüşü vacib amildir. Uşaq mәşqçilәrindә bu baxımdan vәziyyәt necәdir?
- Azərbaycanda bir uşağın peşәkar futbolçu olmağı məşqçinin vicdanına qalır. Təəssüf hissi ilə deyirəm ki, Azərbaycanda sistem, struktur baxımından düzgün forma yoxdur. Çox təəssüf, valideynlər də baxır ki, hansı məşqçi harda işləyir - ada, populyarlığa üstünlük verir. Mahmud "Neftçi"də işləyir, ona aparım və ya digəri "Sabah"da işləyir. Halbuki klubun sistemi, uşaq futboluna yanaşmasına baxıb seçim edilmәlidir.  Məsələn, "Ayaks"da, mәşhur "La Masia"da, "Ayntraxt"da məşqçiyə baxmırlar mәşqçinin adı deyil,  sistem işləyir. Çox təəssüf ki, Azərbaycanda bu olmadığı üçün iş məşqçinin vicdanına qalır. Məşqçi nə qədər işinə fikir verir, mütaliə edir, yenilikləri öyrənir və tətbiq edir? - әhәmiyyәt verәn azdır.  "Neftçi"də hazırda bu amillәrә önәm verilir. Sistematik iş görülür. Bu klubda son illərdə uşaq futbolunda nəyəsə nail olmağa çalışılır.

- 2014-cü ildən bu sahədəsiz. Məşqçi keyfiyyətlərini, dünyagörüşünü artırmaq üçün xaricdə təlimlərdə olmusunuzmu?
- Xeyr, ödәnişli proqramlardan kitablar әldә edib oxuyuram. Mәsәlәn, son olaraq "Ayaks" məktəbinin koordinatorunun kitabını әldә etmişәm.



- Siz özünüz hansı metoddan istifadə edirsiniz?
- Fərdi inkişafıma önəm verirəm. Qeyd etdiyim kimi, kitab alıram və "Ayaks" akademiyasında 9-12 yaş üzrə hansı metodlardan istifadə edir, psixoloji və kənar amillər necə olur, koordinasiyada nəyə fikir verirlər, onları öyrәnirәm. Belə deyək, onlar sənə balıq vermir, tutmağı öyrədir. İtaliyanların, almanların və niderlandlıların kitablarını almışam. Hər ölkəyə xas sistemlər var. Belə deyək, futbolun doğruları var və bu istiqamət üzrə işlər görülür.

- Belə başa düşdüm ki, siz öyrəndiklərinizlə bizim formatı miks edirsiniz...
- Bəli, Azərbaycan reallığı ilə müasir futbolun tələblərini qarşılaşdırıb, uyğun metod seçirəm. "Neftçi"nin akademiyasının istədiyi müəyyən bir sistem, struktur var və onu hazırlamağa çalışıram.

- Xaricə getmək istərdiniz?
- Əlbəttə. Hesab edirəm ki, pəncərələrin açılması üçün dünyagörüşü vacibdir. Ötən il "Neftçi" bizi Almaniyaya, Türkiyəyə turnirlərə göndərdi.

- Bunlar sizə nə qatdı?
- Çox şey. Dərk etdim ki, çox çalışmalı, öyrənməliyəm. Biz futbolda Avropadan çox geri qalırıq. Bir dəfə getmək yox, davamlı olmaq lazımdır. Getməli, öyrənməlisən. Niderlandın, İtaliyanın, Almaniyanın sistemini, detalları görməlisən. Biz turnirə gedirik, amma bu, detalları görüb mәnimsәmәk üçün kifayәt etmir.  İstərdim, akademiyalarda olub, detalları görüm.

- Mәşqlәrinizdә böyük futbolla uşaq futbolunu miks etdiyinizi görürәm - fərdi keyfiyyətlə yanaşı, komanda oyununa da çox diqqət edirsiz. Gələcəkdə böyük komandalarda işləmək planınız var?
- Əvvəl digər klublardan təkliflər olub. Bilirsiz, hər məşqçinin özünün rahat olduğu, həzz aldığı şeylər var. Mən 10, 11 yaşlı uşağa nəsə öyrədib, onu məşqdə görəndə həzz alıram. Bizdə böyümək anlayışı deyəndə 14, 15, 16 yaş, dubl komandası kimi fikirləşirik. Amma məncə, aşağı yaş qruplarında da böyümək olur. Yəni, aşağıda problem varsa, niyə yuxarı qalxım? 10 ildir 10 yaşlılarla işləyirəm, amma hələ çox şeyi bilmirəm. Biliklərimi daha təkmilləşdirmək istəyirәm. Gәlir baxımından hamı istəyər ki, əsas komandada işləsin, yaxşı pulu olsun. Bilirsiz ki, aşağı yaş qruplarında maaşlar çox azdır. Ancaq işimi çox sevirәm.  O adam xoşbəxtdir ki, səhər işə tələsir, axşam da evə.

Elçin Cәlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 733 | Paylaş:




?>