')

Bu gün:


FutbolPress.Az | Azərbaycanda yelkənli idman: mövcud durum və inkişaf perspektivləri

Azərbaycanda yelkənli idman: mövcud durum və inkişaf perspektivləri


oxunma sayı: 1639 Paylaş:

FutbolPressYelkənli idman – idmançıların xüsusi qayıq (yaxta) və gəmilərdən istifadə edərək mübarizə apardığı bir idman növüdür. Çox insan üçün yad idman olsa da, tarixi qədimdir. Bu növün yaranması XVII əsrə qədər çıxır. İlk dəfə Niderlandda idmançılar kiçik gəmilərlə dənizdə mübarizə aparıblar. Daha sonra İngiltərəyə və digər Avropa ölkələrinə yayılan yelkənli idmanda birinci rəsmi yarış da həmin əsrə təsadüf edir. 1670-ci ildə ingiltərənin Vulviç şəhərində II Karla məxsus yaxta ilə niderlandlı yaxtaçılar arasında ilk dəniz yarışı təşkil olunub.

Yelkənli idmanının inkişafı üçün coğrafi şərait önəmli rol oynayır. Yarışların təşkili üçün vacib amil külək və dənizdir. Yelkənli idman növü 1976-cı ildən olimpiya oyunlarında təmsil olunur və 10 sinifdən ibarətdir.

Yelkənli idman növü ilə məşğul olan şəxslər dənizə çıxarkən optimist adlı qayıqdan istifadə edir. Bu qayıqlar əsasən yeni yetmələr üçün nəzərdə tutulub. Təbii ki, dənizə çıxarkən ilk əvvəl idmançılar qoruyucu jiletlərdən geyinir. Azərbaycanda "Optimist" və "İlca" sinifləri var.

"Optimist" - 1974-cü ildə yaradılmış yelkən növüdür. Yelkən siniflərinin arasında ilk olan “Optimist”, 8 – 15 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub. Bu, Beynəlxalq Yelkənli İdman Federasiyasının “16 yaşdan aşağı sinifi” olaraq rəsmən təsdiq edilən yeganə sinifdir. "Optimist" uşaqların 15 yaşına qədər çempionata hazırlıqlarını artırmaq və yelkənə məhəbbət yaratmaqdan ibarətdir.

“İlca” - bu gün dünyada ən çox yayılan olimpik yelkənli yarış sinifidir. “İlca” bu gün 140-dan artıq ölkədə istifadə olunan yelkən növüdür. “İlca” yeganə yelkəndir ki, yalnız bir dəyişməyən dizayndan ibarətdir. Burada görünüşdən önəmli, idmançıların hərəkətliliyidir. Məhz bu da “İlca” sinfinin Olimpiya Oyunlarına daxil olmasına səbəb olub.

Adətən ilk sinif olan “Optimistdən sonra, yelkənçilər “İlca” sinfi ilə məşğul olmağa üstünlük verirlər. “İlca” ilə “Optimist”in ən yaxın oxşarlığı yelkənli qayığın bir nəfərdən ibarət olması və sürətli olmasıdır.



Azərbaycanda yelkənli idmanın inkişafı uzaq keçmişə aid deyil. Belə ki, Azərbaycan Yelkən Federasiyası 2000-ci ildə qeydiyyata alınsa da, uzun illər fəaliyyətsiz olub. 2014-cü ildə federasiyadakı struktur dəyişikliyindən sonra bu sahədə canlanma müşahidə edilib. Həmin ildən qurum Dünya Yelkəninin (World Sailing) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvü olub. Federasiyanın ilk işlərindən biri isə ölkəyə xaricdən mütəxəssislərin dəvət olunması, maddi texniki bazanın gücləndirilməsi və peşəkar kollektivin formalaşdırılması olub. Görülən işlərin məntiqi nəticəsində 2016-ci ildə Dünya Yelkəni Federasiyası tərəfindən Azərbaycan “Ən sürətlə inkişaf edən ölkə” olaraq göstərilib.

Yeniyetmə yelkənçilərimizin ilk beynəlxalq uğurları da məhz bu dövrə təsadüf edir. Həmin il Sloveniyanın Portoroz şəhərində "Easter Regatta 2016”-da 500 yelkənçi arasında Azərbaycanın 5 təmsilçisi yer alıb. 4 oğlan, 1 qızdan ibarət komanda yarışında idmançılarımız ilk “20-liy”ə daxil olub..

Federasiya tərəfindən yeniyetmələr arasında hər il yay məktəbləri həyata keçirilir. 2016-cı ildə Optimist sinfi üzrə Azərbaycanda ilk dəfə olaraq, “Federasiya Kuboku” təşkil edilib. Həmçinin, “Laser” sinfi üzrə də bu Kubok çərçivəsində yarış keçirilib. "SFA Federasiya Kuboku” 6 ildir ki, ənənəvi şəkildə həyata keçirilir.

Azərbaycanda yelkənli idman indi də inkişaf mərhələsindədir. Avropa Yelkən Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində idmançılar beynəlxalq turnirlərə qatılır, federasiya tərəfindən gücləndirilmiş təbliğat işləri aparılır.

Yelkənli idmanın Azərbaycandakı durumu ilə bağlı qurumun vitse-prezidenti Burcu Algon Giorgiani ilə söhbətləşdik. Funksioner federasiyanın yelkənli idman növünün Azərbaycandakı inkişafı üçün görülən işlərdən və planlardan söz açdı:

“Yelkənli idman Azərbaycanda yeni idman növüdür. Birinci məqsədimiz bu idman növünü təbliğ etmək və mümkün qədər çox uşaq üçün imkan yaratmaqdır. Açılan təlimçi, hakim və məşqçilik kursları ilə vətəndaşlar üçün də iş imkanları yaradılır. Həmçinin yelkən idman növünü təbliğ etmək məqsədi ilə orta məktəblərdə və Gənclər Mərkəzlərində məşqçilərimiz tərəfindən təqdimatlarımız keçirilir. Hər il 4 dövr, hər dövr 2 həftə olmaqla yay məktəbləri keçirilir. Yay məktəbini uğurla bitirən idmançılar milli yığma komandaya seçilərək ölkəmizi beynəlxalq yarışlarda təmsil edirlər. Artıq 6 ildir ki, dünya və avropa çempionatlarında iştirak edir və ölkəmizi fəxrlə təmsil edirik. Azərbaycan Yelkən Federasiyası tərəfindən aparılan uğurlu fəaliyyətin nəticəsində, Dünya Yelkəni tərəfindən Azərbaycan 2016-cı ildə “Ən sürətlə inkişaf edən ölkə” olaraq göstərilib. Yeniyetmə yelkənçilərimizin ilk beynəlxalq uğurları da məhz bu dövrə təsadüf edir. 2017-ci ildə Bolqarıstanda keçirilən Optimist Avropa Çempionatının ən gənc idmançısı mükafatını idmançımız Kristina Kərimova alıb. Həmçinin gümüş qrupda keçirilən yarışlardan birində 6-cı olub. 2019-cu ildə Ummanda Mussanah həftəsində 23 dövlətin qatıldığı 156 peşəkar idmançının iştirak etdiyi yarışda 12 yaşlı qızlar arasında 68 nəfərin apardığı gərgin mübarizədə Optimist sinfi üzrə idmançımız Fidan Ağazadə 3-cü yerin qalibi olub. 2022-ci ildə Türkiyənin Tekirdağ şəhərində keçirilən “Süleymanpaşa Cup” beynəlxalq yelkən müsabiqəsində millimiz Nərgiz Məmmədova 2-ci yerə layiq görülərək gümüş medal qazanıb. Hər il keçirilən beynəlxalq yarışlarda (Süleymanpaşa Cup, Bodrum Bior və Easter Regatta) federasiya olaraq iştirak edirik”.



Burcu xanım müsbət məqamlarla yanaşı, üzləşdikləri çətinliklərdən, problemlərdən də danışdı:

“Federasiya olaraq əsas çətinlik maddi-texniki bazamızın zəif olmasıdır. Belə ki, beynəlxalq yarışlarda iştirak edərkən Azərbaycan uzaq olduğu üçün qayıqların icarəsinə federasiya olaraq öz büdcəmizdən ödəniş edirik həmçinin yelkən dərslərinin keçirilməsi üçün yerimiz olmadığından federasiyanın büdcəsinin böyük bir qismi icarə haqqına sərf olunur”.

Yelkənli idmanının gənclərin fiziki inkişafında xüsusi rol oynayır. Digər idman növlərindən təbitətlə vəhdətdə olması ilə seçilən yelkənli idmanın faydaları haqda Azərbaycan Yelkən Federasiyasının məşqçisi Seyhun Yıldızla danışdıq. Mütəxəssis yelkənli idmanın digər növlərdən əsas fərqlərindən söz açdı:

“Yelkən idman növünün əsas xüsusiyyəti təbiət idmanı olmasıdır. Küləyin təsiri ilə keçirilən bir yarışdır. Küləyə qarşı mübarizə, yelkənin istiqaməti müəyyən olunur. Burada idmançıların taktiki və texniki bilikləri önə çıxır. Yelkən idman növü həm fərdi, həm qrup şəklində olur. Qruplarda 4, 5, 10 idmançı olur. Yelkən qrupları dənizə açılmazdan əvvəl sahildə müəyyən hazırlıqlar görülür. Yelkən idmanı əsas dənizdə olur, amma bəzən kiçik göllərdə də bu yarışları təşkil etmək olur. İdmançı taktiki, texniki biliklə yanaşı, həm də zehni və fiziki güclü olmalıdır. Bu növ gənclərin fiziki inkişafında xüsusi rol oynayır. Onların əzələlərinin güclənməsinə kömək olur, idmançının hərəkət qabiliyyəti artır, zehni sağlamlıq əldə edir. Təbiətlə birlikdə olmaq stressi azaldır. Bu növ gənclərdə intizam və məsuliyyət yaradır. Komanda ilə iş bacarıqlarının da artmasına faydalıdır”.




Seyhun bəy bu idman növünün ölkəmizdə populyarlaşması üçün gördükləri işlərdən də danışdı:

“Yelkən idman növünün populyarlaşması üçün müxtəlif işlər görürük. Yay aylarında uşaqların bu idman növünə cəlb olunması üçün qışda məktəblərin açıq vaxtında uşaqları məlumatlandırır, onları qeydiyyata alırıq. Gənclər və idman nazirliyinin təşkil etdiyi idman festivallarına qatılır, bu idman növünü tanıdırıq. Daha əvvəl Bakıda, Qubada, Şəkidə festivallarda olmuşuq. Bundan əlavə, xüsusi dərslərimiz keçirilir. Şəhid ailələrinin övladlarına, kimsəsiz uşaqlara tanıdır, onları yoxlayırıq. Eyni zamanda beynəlxalq turnirlərdə medal qazanan idmançılarımızı tanıdırıq.
Yelkən Federasiyası qurulduğu vaxtdan bəri yerli məşqçilərin, hakimlərin, savadlı kadrların hazırlanması üçün çoxlu işlər görür. Əsas işimiz isə məktəblərdə uşaqlara bu idman növünü tanıtmaq, onlarda maraq oyatmaqdır”.


Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1639 | Paylaş:




?>