')

Bu gün:


FutbolPress.Az | Abbasovun ehtiyatı

Abbasovun ehtiyatı


oxunma sayı: 577 Paylaş:

FutbolPress"Turan Tovuz" Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü məğlubiyyətini aldı. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə "Qəbələ"yə böyük hesabla yenildi - 0:4.

Birinci beş turda 3 qələbə qazanan tovuzlular növbəti 9 oyunda cəmi bir dəfə 3 xala seviniblər. "Turan Tovuz" bu müddətdə "Kəpəz"ə qalib gəlib - 4:0.

"Qəbələ" ilə görüşə sürətli başlayan Ayxan Abbasovun komandası ikinci dəqiqədə qola yaxın oldu. Daha sonra bir dəfə də rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaradan tovuzlularda sanki sonradan eniş yaşandı. İlk hissənin sonlarına yaxın "Qəbələ"nin hesabı açması bütün planları pozdu.

Fasilədən sonra oyunu bərabərləşdirməyi düşünən "Turan Tovuz" "Qəbələ"nin birinci hücumundaca məyus oldu. Əks-hücumdan sonra Bilel Auşeriya fərqi artırdı. "Qırmızı-qaralar" bu mövsüm uğursuz çıxış etsə də, matçlarda sürətli hücumları ilə diqqət çəkirdi. "Turan Tovuz"u da məhz bu silahı - sürəti hesabına əks-hücumlarda yaxalayan "Qəbələ" inamlı qələbə qazandı.

4:0-lıq üç xal "Qəbələ"ni həm son sıradan qurtardı, həm də komanda üçün geridönüş ola biləcək məqama çevrildi. 5 turdan sonra qələbə qazanan Elmar Baxşıyevin komandası növbəti oyunlarçün də müsbət siqnallar verdi.

"Turan Tovuz"da isə işlərin qaydasında getmədiyi aşkardır. 0:4 hesablı məğlubiyyətdə müdafiəçilərin kobud fərdi səhvləri, düzgün mövqe tutmamaları komandaya baha başa gəldi. "Huner Group"un maliyyə dəstəyini artırmasından sonra nəticələrin düzələcəyinə ümid edən tovuzlular məyus olmaqdadır. 

Turnir cədvəlində geriləməkdə davam edən bölgə təmsilçisi qış fasiləsinə qədər yaxşı/pis orta mövqelərdə qərarlaşmağa çalışır. Mövsümöncəsi də baş məşqçi Ayxan Abbasov məqsədlərinin elitada qalmaq olduğunu deyən zaman bu heyətlə avrokubok üçün oynamaq lazımdır düşüncəsində olanlar təəccüblənmişdi. Görünür, Abbasov əvvəldən başa gələcəkləri bilir, ehtiyatlı davranırdı...

Şahin Cəfərov


oxunma sayı: 577 | Paylaş:




?>