')

Bu gün:


FutbolPress.Az | De Byazi nəyi, niyə qabardır?!

De Byazi nəyi, niyə qabardır?!


oxunma sayı: 471 Paylaş:

FutbolPressAzərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində Avstriyaya məğlub olub - 0:1. Bakıda baş tutan görüşdə yeganə qolu yarımmüdafiəçi Marsel Sabitser penaltidən vurub.

Qrup mərhələsində 6-cı oyununda 4-cü məğlubiyyətini yaşayan yığma 4 xalla 4-cü pillədə qərarlaşıb. Uğursuz nəticələr fonunda baş məşqçi Canni De Byaziyə tənqidlər çoxdur. İtaliyalı mütəxəssis narazılıqlara baxmayaraq, hər oyundan sonra demək olar, öz nüfuzunu qaldırmaq, işini böyük göstərmək üçün müxtəlif fikirlər səsləndirir. Oyunlara qədər İtaliya mətbuatına verdiyi açıqlamalarda "Azərbaycan yığması inkişaf edir", "millidə problem keyfiyyətli futbolçuların azlığıdır" və s. kimi fikirlər səsləndirən De Byazi dünən isə bəh-bəhlə "14 ayda 7 qələbə qazanmışıq" söylədi.

2020-ci ilin yayından millini çalışdıran mütəxəssis yığmaya 37 oyunda rəhbərlik edib. Komanda bu görüşlərdə 9 qələbə qazanıb, 20 dəfə uduzub. 8 görüş isə bərabərliklə başa çatıb. De Byazinin millidəki xal ortalaması isə heç 1-ə çatmır - 0,95.

Azərbaycan yığması son 7 oyununda da cəmi 2 qələbə qazanıb. Bunlar İordaniya ilə yoldaşlıq görüşü (2:1) və Estoniya ilə Avro-2024-ün seçmə mərhələsi matçıdır (2:0).

De Byazinin millidəki statistikası qənaətbəxş deyil. Milli tarixinin bəlkə də, ən yaxşı heyətinə sahib olan De Byazi əlindəki materialdan düzgün istifadə etmir, edə bilmir. Taktiki planda və oyunçu seçimində birmənalı qərarlar verməyən mütəxəssis 14 aydakı 7 qələbəsini qabartsa da, millinin potensialı bundan daha artığına çatır. Yerli məşqçinin də bu nəticələri qazana biləcəyi şübhəsizdir.

67 yaşlı çalışdırıcının sözləşməsi gələn ayın sonuna qədərdir. Yığmanı noyabrda iki matç gözləyir - İsveç (ev) və Belçika (səfər). Milli bu görüşlərdə yaxşı nəticə qazansa belə, De Byazi ilə böyük ehtimalla müqavilə uzadılmayacaq. Yığmada son vaxtlarını yaşayan mütəxəssis elə etməlidir ki, tənqidlər olsa belə, gedəndə də hörmətli getsin...

Şahin Cəfərov


oxunma sayı: 471 | Paylaş:





?>