')

Bu gün:


FutbolPress.Az | Küskün azarkeş, məğlub milli və...

Küskün azarkeş, məğlub milli və...


oxunma sayı: 667 Paylaş:

FutbolPressAzərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində Avstriyaya məğlub olub - 0:1. 

Görüşün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi qərara alınanda azarkeşlər və futbol ictimaiyyətinin içində xoş hisslər yaranmışdı. Bakı Olimpiya stadionunun görüntü baxımından xoşagəlməz olması, Mərdəkandakı "Dalğa Arena"nın uzaqlığı oyunlar zamanı tez-tez narazılıqlara səbəb olur, fanatlar daha yaxın və doğma arenada matçların təşkilini istəyirdi. İstənilən oldu, amma... Milli komandanın Avropa çempionatının seçmə mərhələsindəki ev oyunu demək olar, boş tribunalar önündə keçdi. Özü də 6 il sonra doğma məbədə qayıdışla əlamətdar olan görüş. Tutumu 30 mindən çox arenanın heç yarısı dolmadı, 7 min azarkeş ola, ya olmaya. Fanatların yığmadan üz döndərməsi uğursuz nəticələr fonundadır, lakin dəstək futbolçuları daha ruhlandırar, onları irəli apara bilərdi... Azərbaycan futbolunda problemlərdən danışarkən azarkeş məsələsinə də toxunmaq mütləqdir. Necə ki, "Qarabağ"ın avrokubok oyununa 30 min, lazım olanda 50 min fanat gəlirsə, çempionatda bu rəqəm 500-600 olur. Beynəlxalq oyunda millini tək qoymaq, dəstəksiz buraxmaq düzgün deyil. 

Uğursuz nəticələrə görə De Byazi tənqid olunur. İtaliyalı Azərbaycandakı son vaxtlarını yaşayır, lakin oyunçular matçlarda fərdi bacarıqları hesabına olsa da, nələrsə etməyə çalışır. Estoniya səfərindəki qələbə (2:0) böyüdülməməlidir, düzdür, lakin heyət, futbolçuların mübarizliyi, Belçika və Avstriyaya minimal hesablı məğlubiyət, rəqiblərlə başa-baş mübarizə aparılmasını da gözardı etmək olmaz. Azarkeş qələbə istəyir, lakin reallığa da baxmaq lazımdır. Avstriya ilə matçda qapımıza qol vuran Marsel Sabitserin transferi dəyəri 20 milyon avrodur, Azərbaycan yığmasında isə ümumilikdə bu rəqəm 14,68-dir. Ölçü olmaya bilər, lakin güc, təcrübə, keyfiyyət nisbəti sözünü deyir.

Seçmə mərhələnin püşkü atılandan qrupdan çıxmaq şanslarımız az idi. Estoniyadan güclü ola bilərik, ancaq digər rəqiblərdən keyfiyyət və təcrübə baxımından geri qaldığımız aşkar idi. Millidən səfərdə Belçikaya, İsveçə, Avstriyaya qalib gəlmək tələb olunmayıb, istənilən yaxşı, baxımlı oyun idi. Son matçlarda bütün 90 dəqiqəni olmasa da, bəzən birinci, bəzən də ikinci hissədə yaxşı təsir bağışlayan milli potensialı olduğunu göstərdi. Yığmada 10 futbolçunun legioner həyatı yaşaması, təcrübələrini xarici çempionatlarda artırması müsbət məqamlardandır. Xüsusilə, hücum xəttindəki oyunçuların son vaxtlarda formada olması da komandaya yaxşı mənada təsirlərini göstərdi.

Azərbaycan millisi 6 oyundan sonra 4 xalla 4-cü sıradadır. Komandanın növbəti matçları gələn ay İsveçə qarşı Bakıda və Belçika ilə səfərdə olacaq. Bu görüşlər, böyük ehtimalla De Byazinin yığmadakı son matçları olacaq. İtaliyalı ya yaxşı nəticələrlə müsbət notlarla millidən ayrılacaq, ya da...
 
Şahin Cəfərov


oxunma sayı: 667 | Paylaş:





?>