')

Bu gün:


FutbolPress.Az | Tallində əzmkar oyun - ilk qələbə

Tallində əzmkar oyun - ilk qələbə


oxunma sayı: 491 Paylaş:

FutbolPressAzərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində ilk qələbəsini qazandı. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Estoniyaya qalib gəlib - 2:0.

Oyundan öncə AFFA-nın baş katibi Sərxan Hacıyevin "məğlub olmağa, hətta, heç-heçə etməyə haqqımız yoxdur" fikirlərindən sonra millinin qələbə qazanacağına inananlar artmışdı. Baş katibin iddialı açıqlaması özünü doğrultdu. Milli ilk hissədə vurduğu qollarla seçmə mərhələdə ilk qələbəsini qazandı.

Matç demək olar, bərabərsəviyyədə keçdi. Bəzi anlarda millimiz, bəzi anlarda isə rəqib daha üstün çıxış etdi. Bakıda bu rəqiblə heç-heçə edən De Byazinin kollektivi səfər matçında daha inamlı təsir bağışladı. Futbolçuların meydanın hər qarışı uğrunda mübarizəsi, döyüşkənliyi qələbəni gətirən amillərdən idi. Oyun planında çatışmazlıqların olmasına baxmayaraq, qazanılan qələbə bir daha göstərdi ki, bu komandanın potensialı var. Bəlkə də, ilk dəfə bu qədər milli oyunçu legioner həyatı yaşayır, təcrübələri, keyfiyyətli artır. Mahir Emrelinin döyüşkənliyi, Renat Dadaşovun sonradan oyuna daxil olsa da, rəqib müdafiəçiləri təzyiq altında saxlaması, kapitan Emin Mahmudov və Aleksey İsayevin dağıdıcı oyunu, Şahruddinin seyvləri görüşdən nəzərə çarpan müsbət məqamlardan idi.

İlk hissədəki fərqli üstünlükdən sonra ikinci yarını daha çox geridə keçirən, rəqibini müdafiədə qəbul edən Azərbaycan yığması rəqibin bir neçə təhlükəli hücumuna şans verdi. Bəzən estonların uğursuzluğu, bəzən də müdafiədəki etibarlı oyun matçı qol buraxılmadan tamamlanmasına səbəb oldu.

Estoniya səfərindən üç xalla dönən Azərbaycan yığması seçmə mərhələdə ilk qələbəsini qazandı. Xallarını 4-ə çatdıran və 4-cü pilləni tutan millinin növbəti sınağı Bakıda Avstriya ilə olacaq. Zəif Estoniya üzərində qələbə nəticə baxımından vacib olsa da, oyun olaraq komandanın son vəziyyəti məhz Avstriya ilə görüşdə bəlli olacaq.

Şahin Cəfərov


oxunma sayı: 491 | Paylaş:





?>