')

Bu gün:


FutbolPress.Az | Mərkəzi oyunda keyfiyyət fərqi 

Mərkəzi oyunda keyfiyyət fərqi 


oxunma sayı: 713 Paylaş:

FutbolPress

Azərbaycan Premyer Liqasında birinci dövrə başa çatdı. Son qarşılaşmada "Neftçi" "Qarabağ"ı qəbul etdi.

Matçın başlamasına bir neçə dəqiqə qalmış "Forza Neftçi" azarkeş qrupunun polislə insident nəticəsində "küsüb" meydanı dərk etməsinin məntiqi nəticəsi kimi, ilk dəqiqələrdən "İmarət tayfa" və "Qarabağ ordu" tribunaları ələ almağı bacarmışdılar. Futbolu ilk dəfə izləyən biri oyunun "Neftçi Arena"da yox, Ağdam təmsilçisinin meydanında olduğunu düşünərdi. "Qarabağ"ın uzaq İsveç səfərindən yeni qayıtması, "Hakken"lə keçirdiyi oyundan sonra yorğun olacağını düşünənlər görüşə "Neftçi"nin daha sürətli başlayacağını gözləyirdilər. Amma...

"Atlıların" 10 dəqiqə ərzində "Neftçi"nin qapısı qarşısı qarşısında 4 təhlükəli qol vəziyyəti yaratması oyunçularına heç də yorğun olmadığını, əksinə derbiyə ciddi hazırlaşdıqlarının təzahürü idi. 3 gün əvvəl "Hakken"i məğlub edən "Qarabağ"la "ağ-qaralar" arasında səviyyə fərqi aydın hiss olunurdu. Artıq Avropa səviyyəli klub olan "Qarabağ" üçün xırda məqamlar bəhanə predmenti deyil. Klubun aşağı-yuxarı iki eyni səviyyəli heyətə malik olması Qurban Qurbanova rotasiyalar etməyə imkan yaradır. Bəzən isə "Qarabağ" futbolçularının fərdi keyfiyyəti oyunun taleyinin həll olunmasında vacib rol oynayır.

"Qarabağ"ın hücumları fonunda zaman-zaman "Neftçi" də öz gücünü göstərmək, rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratmaq istəsə də, tablodakı rəqəmləri dəyişməyi bacarmadılar. "Qarabağ"ın meydana, fan klublarının isə tribunalara hakim olduğu ilk hissədə qol səsi eşidilmədi. 

İkinci 45 dəqiqədə "Qarabağ" ilk hücumdaca hesabı açmağı bacardı. Qısa ötürmələrlə rəqibin cərimə meydançasına daxil olmağı bacaran "atlılar"ın hücumunu Juninyo qolla tamamladı. Bundan sonra toparlanmağa çalışan "Neftçi" "Qarabağ"ın qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaratmağa cəhd göstərsə də, elə cəhd olaraq da qaldı. Bəzən oyunçuların qeyri-dəqiqliyi və ya qapıçıların seyvləri 88-ci dəqiqəyə qədər qol səsini eşitməyə mane oldu. Bu aralığda ən yadda qalan məqam isə görüşü 83-cü dəqiqəsində "Neftçi"nin köməkçi məşqçisi Sənan Qurbanovun qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılması oldu. Bundan 5 dəqiqə sonra Cica hesab arasındakı fərqi ikiyə çatdırdı. "Molde" ilə oyundan əvvəl zədələnən futbolçu dönüşünü qolla qeyd etdi. Beləliklə, oyun 2:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə başa çatdı. Bununla da turnir cədvəlində ikihakimiyyətlilik yarandı. 9 turdan sonra 19 xala malik "Zirə" və "Qarabağ" ilk pilləni bölüşərkən, sonuncu pillədə isə 5 xalla "Kəpəz" qərarlaşıb. "Neftçi" isə 12 xalla 5-cidir.

Mutunun da dediyi kimi, bəlkə də "Neftçi"nin "Qarabağ" səviyyəsinə çatması üçün zaman və məşqçiyə güvənmək lazımdır. Yoxsa "ağ-qaralar" qaradan ağ zolağa keçə bilməyəcəklər.

Məlik Məlikov 


oxunma sayı: 713 | Paylaş:





?>