')

Bu gün:


FutbolPress.Az | Mutu әslindә nә demәk istәyir...

Mutu әslindә nә demәk istәyir...


oxunma sayı: 1298 Paylaş:

FutbolPress"Neftçi" gec dә olsa, Adrian Mutunu baş mәşqçi postuna tәyin edәndә belә bir açıqlama vermişdi - Avropa standartlarına uyğun komanda qurulacaq.

Açığı, Mutu gәlәnәdәk әksәr transferlәr edilmişdi vә bu vәziyyәtdә Avropa sәviyyәli komanda qurmaq nә dәrәcәdә alınacaqdı - dәqiq demәk asan deyil.

Hazırda turnir cәdvәlinin 5-ci pillәsindә qәrarlaşan "ağ-qaralar"ın bu il çempionluq iddiasını tәsdiqlәmәsi real görünmür. Üstәlik, getdikcә gücünün şiddәtini artıran "Qarabağ" qarşısında psixoloji duruş gәtirmәk dә çәtin mәsәlәdir.

Bunu Mutu da 0:2 mәğlub olduqları derbi matçı sonrası mәtbuat konfransında ifadә etdi. O, yayda keçirilәn tәqdimat tәdbirindәki kimi iddialı görünmür.

Deyir ki, oturuşmuş "Qarabağ" bir neçә ilә formalaşıb, mәni dәvәt edәn "Neftçi" rәhbәrliyi dә bildirmişdi ki, uzunmüddәtli layihә düşünürük.

Hәmkarlarımızdan birinin, "Siz özünüzü bu uzunmüddәtli layihәnin içindә tam görürsünüzmü" sualına "bilmirәm" cavabı versә dә, әslindә, mәqsәdi özünü gәrgin situasiyadan "sivirib" çıxarmaq/sığortalamaq idi...

Mutu bir az da dәrinә gedib, "Qurban Qurbanovun ilk titulunu qazanmaq üçün dә bir neçә il lazım olmuşdu" demәsәydi, daha yaxşı olardı. Bunlar manipulyativ cәhdlәrdir...

Mutu nala-mıxa vurmaqla  әslindә, әn böyük narahatlığını dilә gәtirә bilmәdiyini bürüzә vermiş olur. O, demәk istәyir ki, bu komandanı mәn formalaşdırmamışam. Vәssalam.

Böyük ölçüdә haqlıdır. "Neftçi"nin yanlışlıqlarının nәticәlәridir.

Baş mәşqçisi mәsәlәsindә dә, transferlәrdә dә, strukturlaşmada da - tәxminәn hәr şeydә gecikәn klub indi çiy işlәrin ziyanını çәkmәkdәdir.

Mәtbuat konfransında Mutuya sual verdim:

- Komandanı  istәdiyiniz kimi formalaşdırsanız, iddialı olmaq, mәqsәd qoyulan sәviyyәyә çatmaq üçün nә qәdər zamana ehtiyacınız var?

- Bilmirәm.

Elçin Cәlilov

P.S. Sual әtrafında yenә giley-güzar motivli sözlәr danışsa da, әsas cavabı mәhz "bilmirәm" idi.

Bilinmir, "Neftçi"nin bu gedişlә hara qәdәr irәlilәyәcәyi dә... gerilәyәcәyi dә.


oxunma sayı: 1298 | Paylaş:





?>