')

Bu gün:


FutbolPress.Az | Uğursuz seriya və ya "mövsümi xəstəlik"

Uğursuz seriya və ya "mövsümi xəstəlik"


oxunma sayı: 417 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında VIII tura yekun vurulub. Mövsümün əvvəlində çempionluğa oynayacağı gözlənilən, illər sonra "Qarabağ"a bu yarışda ən ciddi rəqib kimi təqdim edilən "Sabah" cəmi 6 xal toplayıb.

Ehtiyatda bir oyunu olan "futuristlər" "Sumqayıt"la görüşdə qələbə qazansa belə maksimum bir pillə irəliləyəcək.

"Sabah"ın uğursuz çıxışının səbəbləri çoxdur. Ötən mövsümün əsas oyunçuları - Coy-Lens Mikels və Aleksey Kaşuk komandanı tərk edib. Bu futbolçulara görə hücumları demək olar, cinahdan quran, onların məhsuldarlığı və işbirliyi sayəsində qollar vuran "Sabah"da artıq nə Kaşuk var, nə Mikels. Bu mövsümdən daha çox mərkəzdən oynamaq istəyən komanda rəqib müdafiəsini yarmaqda çətinlik çəkir. Digər məsələ, Konfrans Liqasına vidanın təsiridir. İlk turda "Qəbələ"ni 5:0 hesabıyla darmadağın edən "Sabah"lılar KL-da "Partizan"la ev oyununda uğurlu çıxışını davam etdirdi, güclü rəqibini həm oyun, həm də hesab baxımından üstələdi, lakin...

Serbiyada keçirilən cavab görüşündə 120 dəqiqəlik oyunun sonunda məğlub olan "Sabah" o vaxtdan qələbəyə həsrət qalıb. Nəticələrin pisliyi bir tərəfə, komanda oyun planında da gözləntiləri qarşılaya bilmir. Heyətində kifayət qədər keyfiyyətli legioner olan "futuristlər" çempionluq yarışından qopmamaq üçün artıq qələbəsizlik seriyasına son qoymalıdır. 

"Sabah" bu mövsüm APL-də bir qələbəsi olan iki komandadan biridir. Digəri isə "Kəpəz"dir. Turnir cədvəlində də yanaşı qərarlaşıblar, müvafiq olaraq 9 və 10. Zirvədən 10 xal geri qalan "Sabah" bu fərqi aradan qaldırmaq potensialındadır. Mövsümə uğursuz başlayan "Qarabağ", "Neftçi", hətta "Qəbələ" də artıq relsə düşür, qələbələrini qazanır, xallarını artırır. Debütant deyib, autsayder kimi göstərilən "Araz-Naxçıvan" da inamlı oyunu və nəticələri ilə seçilir. Bəs "Sabah"? Görünən, komanda təzyiqdən çıxa bilmir. Tələskənlik, qələbəsizlik sıxıntısı komanda üçün növbəti matçlarda problemləri daha artıra bilər...

"Sabah" ötən mövsüm də, ondan əvvəl də çempionat gedişində bu aqibətlə üzləşib. Hər mövsümdə uğursuz seriya yaxalayan "futuristlər" indi də bu sindromdan əziyyət çəkir. "Mövsümü xəstəlik" halını alan tendensiyanın nə qədər davam edəcəyi isə sual altındadır.

Avqustun 8-dəki "Partizan" qələbəsindən sonra 7 oyun keçirən "futuristlər" 3 heç-heçə edib, 4 dəfə məğlub olub. Komandanın növbəti sınağı oktyabrın 7-də "Araz-Naxçıvan"a qarşı olacaq. 

Şahin Cəfərov


oxunma sayı: 417 | Paylaş:




?>