')

Bu gün:


FutbolPress.Az | Qəbələdə gərgin duel - Məsiyev və vərəqələri 

Qəbələdə gərgin duel - Məsiyev və vərəqələri 


oxunma sayı: 471 Paylaş:

FutbolPress"Qarabağ" Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ"ni məğlub etdi - 2:1.

Qəbələdə baş tutan görüşdə üç qol, üç qırmızı vərəqə qeydə alındı. Sarı vərəqələrin də çox olduğu oyunda nəticədən çox, yaşanan hadisələr diqqət çəkdi.

"Qarabağ" oyunun startında irəli atılıb, on bir dəqiqəyə iki qol vuraraq üstünlüyü ələ aldı. Hesabın verdiyi rahatlıq komandanı sanki gerilətdi. Oyuna yüksək təzyiqlə başlayan "atlılar" sanki geri çəkildi və rəqibinin oynamasına şərait yaratdı.

"Qəbələ" mövsümə uğursuz başlasa da, son iki turda məğlub olmamışdı və "Qarabağ"la görüşə xüsusi motivasiya ilə çıxmışdı. Qazanılacaq xal və ya xallar komanda daxilində atmosferi daha yüksəldəcək, növbəti görüşöncəsi oyunçuların inamını artıracaqdı. Lakin erkən qollar "qırmızı-qaralar"ın planlarını pozdu.

Oyunun 38-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Kevin Medina rəqib oyunçu Bilal Auaşeriya ilə ikili mübarizədə kobud oynaması səbəbindən qırmızı vərəqə alaraq, qovuldu. Legionerlərin mübahisəsi daha genişləndi və texniki zonaya qədər yansıdır. Artıq futbolçular kənarda qalmış, məşqçilər məsələyə müdaxilə etmişdi. Vəziyyət o həddə idi ki, sakitliyi ilə seçilən Qurban Qurbanov da ona ayrılmış hissəni tərk edib, meydana daxil olmuşdu. Qalmaqalın nəticəsində "Qarabağ"dan Kevin Medina, "Qəbələ"dən isə məşqçi Rasim Ramaldanov meydandan qovuldu. Maraqlıdır, Ramaldanov "Qəbələ"nin ardıcıl üçüncü oyununda "qırmızı" alan məşqçi oldu. Daha əvvəl Elmar Baxşıyev və Xəqani Məmmədov bu aqibətlə üzləşmişdi. 

Fasilədən sonra irəli atılan "Qəbələ" böyük təzyiq yarada və oyunu "Qarabağ"ın cərimə meydançasına keçirə bildi. Lakin "atlılar"ın rus qolkiperi Andrey Lunyov bir neçə seyvi ilə komandasının qələbəsində pay sahibi oldu. Meydan sahibləri son dəqiqəyə qədər cəhdlər etsə də, uğursuzluğa düçar oldu.

Mövsümün "qırmızı" alanları sırasına Qurban Qurbanov da qoşuldu. Məşqçi karyerasında ikinci dəfə texniki zonadan qovulan mütəxəssis Məsiyevin qaydalara uyğun olmayan qərarına etiraz etdiyi üçün cəzalandı.

Görüşdə baş hakim Elçin Məsiyevin idarəçiliyi geniş müzakirəyə səbəb oldu. Medina ilə Bilalın epizodunda ilk zərbəni endirən Bilalın "sarı" alması, oyunun sonlarında "Qarabağ"ın hücumu zamanı oyunu dayandıran, sonrasında Qurban Qurbanova qırmızı vərəqə göstərməsi Azərbaycan futbolundakı hakim problemini yenidən qabartdı. FIFA referisinə yaraşmayan idarəçilik edən Məsiyev bu görüşdə "ədalət təmsilçisi" funksiyasını itirdi desək, yanılmarıq. Referi Qəbələdə qərarları və vərəqələri ilə ön plana çıxdı (3 qırmızı, 6 sarı vərəqə).

Vərəqələrin, epizodların bol olduğu görüş "Qarabağ"ın qələbəsiylə başa çatdı. "Qəbələ" məğlub olmasına baxmayaraq, son çempiona qarşı layiqli mübarizə apardı, demək olar, ikinci hissəni böyük üstünlüklə keçirdi. Yenidən əzmkarlıq nümayiş etdirən "Qəbələ" bu oyununu davam etdirəcəyi halda, yenidən avrokuboklar üçün əsas iddiaçılardan olacaq.

Şahin Cəfərov


oxunma sayı: 471 | Paylaş:




?>