')

Bu gün:


FutbolPress.Az | Bir qələbədən daha artıq

Bir qələbədən daha artıq


oxunma sayı: 1183 Paylaş:

FutbolPress"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başladı. Qurban Qurbanovun yetirmələri Bakıda Norveçin "Molde" komandasını minimal hesabla məğlub etdi - 1:0.

Oyundan əvvəl Qarabağdakı erməni separatçıların tərksilah edilməsi, 24 saatlıq antiterror əməliyyatlarının uğurla başa çatması qələbəni zəruriləşdirmişdi. Düzdür, idman siyasətdən kənardır, lakin adını Avropada uğurla təmsil edən "Qarabağ" növbəti sınağından da üzüağ çıxdı.

Matçdan əvvəl "Molde"nin "Qalatasaray"a qarşı keçirdiyi oyunlar fonunda skandinavların Bakıda az heç-heçə edəcəyinə, hətta, qələbəsinə inananlar da az deyildi. Lakin futbol kağız üzərində deyil, meydançada oynanılır ifadəsi bir daha təsdiqini tapdı. Startdan son dəqiqəyə qədər üstün olan, rəqibinə göz açmağa imkan verməyən, bütün qol-qanadını bağlayan "Qarabağ" inamlı qələbə qazandı. Hesab 1:0 yox, 5:0 da ola bilərdi, sadəcə "atlılar"ın hücumçularının son zərbələrdə uğursuzluğu, oyunu ləngitməsi, fərqli qərarlar verməsi minimal hesablı qələbəyə səbəb oldu.

Oyuna azarkeş marağı böyük idi, 20 mindən çox fanat tribunada bir komandaya - "Qarabağ"a dəstək oldu. Meydançada da bir komanda görünürdü - "Qarabağ". Antiterror əməliyyatları zamanı şəhid olan əsgərlərimizi daim diqqətdə saxlayan azarkeşlər əvvəlki Avroliqa matçlarından fərqli olaraq bu dəfə stadiona çal-çağır, hay-küylə yox, sakit axışdılar. Startdan öncə Mərakeşdə baş verən zəlzələdə vəfat edənlərin xatirəsinə həsr edilən bir dəqiqəlik sükut zamanı da stadionda "Şəhidlər ölməz, Vətən bölünməz" şüarlarının səslənməsi futbolçulara, fanatların özlərinə daha böyük inam verdi. Meydandan kənarda qazanılan qələbə artıq meydana da yansımalı idi.

Bütün komponentlərdə rəqibinə üstünlük quran, Norveç çempionuna boşluq verməyən "Qarabağ" son illərin bəlkə də, ən yaxşı oyunlarından birini keçirdi. Müdafiədə Kevin Medina, yarımmüdafiədə Julio Romao və Marko Yankoviçin möhtəşəm oyunu alqış qazandı. Tək narahatlıq yaradan məqam real qol imkanlarının boşa verilməsi idi ki, Qurbanov bununla bağlı mütləq tədbir görəcəkdir. Benzia və Zubirin fərdi oyunu, Juninyonun qərar verməkdə çətinlik çəkməsi növbəti matçlarda komandanı narahat vəziyyətə sala bilər. Buna baxmayaraq, komanda şəklində hamının döyüşməsi, mübarizə əzmi uğurlu starta səbəb oldu.

H qrupunda "Bayer" (Almaniya), "Molde" (Norveç) və "Hakken"lə (İsveç) mübarizə aparan Azərbaycan çempionu tarixində ilk dəfə Avroliqada qrup oyununa qələbə ilə başladı. Vacib üç xal qazanan "atlılar"ın növbəti görüşü İsveçdə "Hakken"ə qarşı olacaq. 

Şahin Cəfərov


oxunma sayı: 1183 | Paylaş:




?>