')

Bu gün:


FutbolPress.Az | Şahruddin üçün vida mәktubu

Şahruddin üçün vida mәktubu


oxunma sayı: 1404 Paylaş:

FutbolPress

Türkiyə klubu niyə Şahruddini 1 milyon dollara alır?

Kaş ki, istənilən adamın içalatını beşcə dəqiqədə ortaya qoya bilən bir reportyor “Adana Dəmirspor”un sahibi Murat Sancakdan Şahruddin Məhəmmədəliyevi niyə transfer etmək istədiklərinin səbəbini soruşardı. Bəlkə o, bizim azarkeşlərin mənəvi cəhətdən divara sıxışdırdığı, son oyunlarda üzündən qəzəbli və əzablı ifadə əskik olmayan bu qolkiper barəsində elə bənzərsiz özəlliklər sadalayacaq, həqiqətləri deyəcəkdi ki, həmin həqiqətlər hər birimizi ildırım zərbəsi kimi sarsıdacaqdı. Axı “Adana Dəmirspor” kimi hər cəhətdən geniş imkanlara malik bir klub olduqca adi, heç bir şeylə nəzəri cəlb etməyən bir futbolçunu sıralarına cəlb etməz...

Şahruddinin indi keçirdiyi hisslər də maraqlıdır, görəsən nə fikirləşir? Yəqin iftixar hissi yaşayır, bəlkə də, hədsiz sevincdən ürəyi sinəsinə sığmır. Elə indidən özünü meydançada və meydançadan kənarda hər cəhətdən necə qüsursuz aparacağının yollarını düşünür.

“Qarabağ”ın, sevimli Bakının, bu yerlərin könülaçan havasından uzaq qalacağı üçün kədərlənəcək də. Amma artıq onun üçün bir əzabverici məsələ həll olunub qurtarmış olacaq. Daha o, təkcə buraxdığı səhvlərlə gündəmdə qalan bir qapıçı profilinə sahib deyil. Daha o, məzəmmətə ehtirasla girişənlərin lağ hədəfi deyil! Kədərə batmış qəlbini ovundurmaq üçün Şahruddinin qarşısında ləkəsiz, geniş üfüqlər açılıb. Elə etməli, davranmalı vә oyun çıxarmalıdır ki, bütün pərtliyi möhkəm sevincə dönsün.

Biz də vicdanımızın diqtə etdiyi qədər ədalətli olmalı, həqiqətə hədsiz uydurma qataraq Şahruddinin özündən “hoqqa çıxardan” qapıçıdan savayı bir kəs olmadığı fikrindən daşınmalı, çox da uzaq olmayan keçmişdə sərgilədiyi misilsiz oyunlara görə stadionda, televizor qarşısında  onu necə hərarətlə alqışladığımızı, qəhrəmanlığı ilə bağlı ən nəfis ifadələr işlətdiyimizi unutmamalı, nəhayət, Şahruddinin Azərbaycan milli komandasında və ən əsası “Qarabağ”da göstərdiyi xidmətləri danmamalıyıq.

“Qalatasaray”, “Fənərbağça” kimi klublarla oyunlarda çərçivə qorumaq, əlbəttə ki, böyük məsuliyyət və qətiyyət tələb edir. Şahruddin kimi ilk dəfə bu cür oyunlara çıxacaq bir qapıçı üçün isə bu olduqca qatmaqarışıq duyğular yarada bilər. Tutaq ki, “Beşiktaş”la oyunda qapını o qoruyacaq; lakin bu ab-hava haqqında aydın təsəvvürü olmadığına görə bilməyəcək ki, sevinsin, yoxsa həyəcanlansın. Nə edir etsin, hansı xarakterli hisslər yaşayır yaşasın, nə badə özünü itirə. Əsla və əsla çaşqınlığa qapılmaq olmaz!

Çaşsan, bir zəy boyda belə boşluq versən, nə İkardi, nə də Ceko sənə acıyacaq qədər mərhəmətli olmaz. Hələ bunun Abubakarı, Nanisi, Fernandeşi... var. Uğurlar, Şahruddin. Qoy səni öz qüsursuz oyunların şöhrətləndirsin.!

Orxan İsmayıl


oxunma sayı: 1404 | Paylaş:




?>