')

Bu gün:


FutbolPress.Az | Mutunun həftələri 

Mutunun həftələri 


oxunma sayı: 821 Paylaş:

FutbolPress“Neftçi” Azərbaycan Premyer Liqasının II turunu da itki ilə başa vurdu. İlk oyunda “Kəpəz”ə uduzan “ağ-qaralar” bu dəfə “Səbail” səddini aşa bilmədi – 1:1.

Mübahisəli penalti epizodundan sonra məğlubiyyətdən xilas olan “Neftçi”də problemlər bitmir. Yeni gələnlər hələ uyğunlaşmayıb, Mutu komandasına üslubunu aşılamaqda çətinlik çəkir. Favorit göstərildiyi iki oyunda da xal itirən “Neftçi” oyun planında çempionluğa iddialı komandalar – “Sabah” və “Qarabağ”dan geridədir. Komandanın əsas çatışmazlığı irəli xəttdədir. Müdafiəni qismən gücləndirən “flaqman” bitirici hücumçu yoxluğundan əziyyət çəkir. Qol ümidi olaraq transfer edilən Aaron Olanare hər nə qədər fiziki baxımdan qüvvəli olsa da, sürətdə rəqiblərinə uduzur. Böyük gözləntilərlə heyətə cəlb edilən Andre Şinyaşiki də hələ nəzərə çarpmır.

“Neftçi” adına müsbət məqamlardan biri müdafiəçi Yuri Matiasın istəkli, əzmkar oyunudur. Meydanda liderlik edən rumıniyalı müdafiəçi bir neçə epizodda itirlən toplardan sonra komanda yoldaşlarına sərt reaksiyası ilə diqqət çəkdi.

Azərbaycan futbolunda son illərin ən yaxşı yarımmüdafiəçilərindən olan Qara Qarayevin transferi ilə orta xəttdəki problemin aradan qalxacağı düşünülürdü, lakin Qara da hələ adaptasiya ola bilməyib. Müdafiənin cinahlarında da çatışmazlıqlar hiss edilir.

“Neftçi”nin həm Konfrans Liqasında, həm də çempionatdakı uğursuzluğu gözləntiləri azaltmağa başlayıb. Sosial şəbəkələrdə fanatların narazılığı artır. Ümidləri ölməyə başlayan fanatlara yaxşı oyun və qələbə lazımdır. Mutu komandasına inanır, bir neçə həftə sonra daha yaxşı olacaqlarını söyləyən rumıniyalının o vaxta qədər çempionluq yarışından çox geri düşməməsi vacib amildir. Rəhbərlik Mutuya vaxt verəcək və ona inanır. Bəs azarkeşlər? Uğursuz nəticələr komandanı təzyiq altına salır. “Flaqman” ya bu stressdən qələbələrlə çıxacaq, ya da növbəti xal itkiləri vəziyyəti daha qəlizləşdirəcək.

Nəticəni, komandanın bir müddət sonra hansı yerdə və durumda olacağını zaman göstərəcək.

Şahin Cəfərov


oxunma sayı: 821 | Paylaş:




?>