')

Bu gün:


FutbolPress.Az | İddialı və yorğun

İddialı və yorğun


oxunma sayı: 490 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının I turuna Masazırda yekun vuruldu.

"Sabah" azarkeşləri önündə "Qəbələ"ni 5 cavabsız qolla yola saldı. Meydan sahibəri favorit idi, amma belə böyükhesablı qələbə gözlənilməz oldu.

"Sabah" gücünü oyunun startında hiss etdirdi. Güclü pressinq rəqibi səhvlərə məcbur edirdi. Hücumların nəticəsi də erkən gəldi. 20-ci dəqiqədə Emmanuel Apehin reydi yekunda qolla nəticələndi. Fasiləyə qədər üç qol vuran "futuristlər" artıq oyunun taleyini həll etmişdi.

Üç gün sonra Konfrans Liqasında "Partizan"la (Serbiya) çətin oyunu olan "Sabah"ın ikinci hissədə bir neçə dəyişikliklə ehtiyatlı oyuna üstünlük verəcəyi düşünürdük, lakin fərqli oldu. Fasilədən sonra da hücumlarının ardı-arasını kəsməyən komanda daha üç qol vurdu, ancaq ikisi qeydə alındı. Coy-Lens Mikelsin vurduğu ikinci qol ofsayd səbəbiylə ləğv olundu. Onu da qeyd edək ki, alman vingerin klubdan ayrılacağı ilə bağlı xəbərlər dolaşmaqdadır. Matçdan sonra təşkil olunan mətbuat konfransında Mikelsi satmaq istəmədiklərini dilə gətirən baş məşqçi Murad Musayev oyunçunun komandanın əsas silahı olduğunu da qeyd etdi. "Sabah" nə olur olsun, Mikelsi saxlamalıdır. Ötən mövsümün bombardirinin komandadan gedişi təsirsiz ötüşməz.

Keçən ili gümüş medalla başa vuran "futuristlər"də bu dəfə əsas hədəf çempionluqdur. Murad Musayev döyüşkən komanda formalaşdırıb. Heyətini qoruyan və əlavə əcnəbilərlə güclənən "Sabah" çempionluğa ən böyük namizəddir.

"Qəbələ" isə meydanda özünə bənzəmirdi. Kiprdə "Omoniya"ya məğlubiyyətdən (1:4) sonra Bakıya gələn və üç gün sonra yenidən matça çıxan "qırmızı-qaralar"da yorğunluq hiss edildi. Öyrəşdiyimiz döyüşkən "Qəbələ"dən əsər-əlamət yox idi. Sanki komanda startdan 90 dəqiqənin tez bitməsini düşünürdü. Fərdi səhvlər, yarımmüdafiə ilə hücum arasındakı anlaşılmazlıqlar çox idi. Hər oyun ortahesabla 5-6 qol imkanı yaradan "Qəbələ" bu dəfə demək olar, heç nə ilə yadda qalmadı. Rəqib qapıçı Yusif İmanov o qədər boş qalmışdı ki, sonlarına yaxın öz sahəsini tərk edib, müdafiəçilərlə paslaşırdı.

İlk tur "Qəbələ" üçün ağır məğlubiyyətlə yadda qaldı. Komanda qısa zamanda toparlanmalı və yenidən döyüşkən ruhunu qaytarmağın yollarını tapmalıdır. Əks halda, ilk "4-lük" mübarizəsində geri düşəcəklər. "Turan Tovuz"un da iddiasının artması ilə "Qəbələ" artıq tək "Zirə" ilə deyil, həm də tovuzlularla mübarizə aparmalı olacaq.

Şahin Cəfərov


oxunma sayı: 490 | Paylaş:




?>