')

Bu gün:


FutbolPress.Az | "Qәbәlә"nin yatmış bәxti

"Qәbәlә"nin yatmış bәxti


oxunma sayı: 545 Paylaş:

FutbolPress"Qəbələ" daha bir avrokubok mövsümünü uğursuz başa vurdu. "Qırmızı-qaralar" Konfrans Liqasında mübarizəyə başladığı II təsnifat mərhələsində dayandı. Bölgə təmsilçisi Kipr "Omoniya"sını keçə bilmədi...

Rəqibin heyәti keyfiyyət baxımından Azərbaycan təmsilçisindən üstün idi. Təcrübə və heyətin səviyyəsi yekunda nəticədə özünü göstərdi. "Qəbələ" iki oyuna 3 qola 7 qarşılıq gördü. 

İlk oyunda əzmkarlıq nümayiş etdirən Azərbaycan təmsilçisindən cavab matçında eyni şeyi görə bilmədik. Erkən boşalmalar, buraxılan qollar...

İlk matçda het-trik edən Roman Bezus bu dəfə dubl edir. Bilinir ki, rəqibin ən təhlükəli oyunçusudur, saxlamaq mümkün olmazdı? Elmar Baxşiyevin açıq futbol zövqü yaxşıdır, lakin hәlledici mәqamlarda nәticәsiz qalan zövq kimi bir şey olur...

Məsələn, "Rakuv" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ"ı necə təhlil etmişdisə, ikinci görüşdə ən təhlükəli oyunçulardan olan Zubir göz aça bilmirdi.

Məsələ komandanın II mərhələdə dayanması, güclü "Omoniya"nı məğlub edə bilməməsi deyil. Artıq illərdir komanda hər yay aparıcı oyunçusu ilə vidalaşmaq məcburiyyətində qalır. Ya büdcə imkan vermir, ya nəsə... Vəziyyət o həddədir ki, futbolçular avrokuboklara qatılan "Qəbələ"ni deyil, autsayder "Sumqayıt"ı, "Səbail"i, ötən mövsümü komandadan geridə tamamlayan "Zirə"ni seçir.

Son illərdə büdcə ilə bağlı sıxıntılardan dəm vurulan "Qəbələ" aparıcı oyunçularını saxlamaq naminə ciddi addım da atmır. Braziliyalı Felipe Santosun klubu tərk etdikdən sonra verdiyi açıqlamaya diqqət edək:

"Yaxşı oynamışam, qollar vurmuşam. Əziyyətim dəyərləndirilmir, eyni müqavilə təklif olunur".

Hardan baxsan, Santosa haqq qazandırmaq olar. Demək olar, hər il avrokuboklarda iştiraka görə kluba pullar ödənilir. Eyni zamanda, yeni sponsorlar var, onların da dəstəyi az deyil. Bəs problem nədədir? Nə üçün hər mövsüm iddiaçılardan olacağıq deyən komanda aparıcı oyunçularını saxlaya bilmir? Nə oldu, biri qalmaq istəməsin, ikisi istəməsin... bəs digərləri?

"Qəbələ" uzun müddətdir sərgilədiyi oyunla rəğbət qazanır. Ötən mövsüm əldə edilən ölkə kuboku çörəyin üzərinə sürülən yağ kimi oldu. Lakin artıq çörək də boyatlaşır, yağ da köhnəlir...

Oyunçu yox, üslub yox, klub var?!

Qarşıda ağır 2023/2024 mövsümü var. Komanda ilk oyunlardan müsbət siqnallar vermədi. Premyer Liqa təmsilçilərinin gücləndiyini, "Turan Tovuz", "Səbail", "Sumqayıt"ın da avrokuboklar üçün iddialı olacağını var saysaq, "Qəbələ" üçün çətin günlər qabaqdadır...

Şahin Cəfərov


oxunma sayı: 545 | Paylaş:




?>