')

Bu gün:


FutbolPress.Az | Davam, ya tamam?

Davam, ya tamam?


oxunma sayı: 949 Paylaş:

FutbolPressBu həftə Azərbaycan təmsilçilərinin avrokuboklardakı cavab görüşləri keçiriləcək.

"Qarabağ" Çempionlar Liqasında, "Sabah", "Neftçi" və "Qəbələ" isə Konfrans Liqasında "ya davam, ya tamam" oyunlarına çıxacaq. Ötən həftə yalnız "Sabah" qələbə qazandısa, "Qarabağ" və "Qəbələ" uduzdu, "Neftçi" isə bərabərliklə Bakıya döndü.

"Qarabağ" - "Rakuv" (Polşa) (ilk oyun - 2:3)

Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada "Rakuv"a uduzan (2:3) "atlılar" növbəti mərhələyə yüksəlmək üçün rəqibini azı iki top fərqi ilə məğlub etməlidir. Azərbaycan çempionu ötən il də bu təsnifat mərhələsində Polşa təmsilçisi "Lex"ə ilk matçda uduzmuş, cavab görüşündə isə böyükhesablı qələbə qazanmışdı. "Qarabağ"ın avrokuboklardakı təcrübəsinə və Polşa komandaları ilə duellərinə baxsaq, yenə favorit hesab edə bilərik. İlk oyunda ümumi planda rəqibindən üstün olan "atlılar" qolkiper Şahruddin Məhəmmədəliyevin kobud səhvlərindən sonra geri düşmüşdü. Baş məşqçi Qurban Qurbanovun bu matçda da çərçivəni Məhəmmədəliyevə tapşıracağı gözlənilir. Müdafiə xəttində Marko Veşoviçin zədələnməsi də "atlılar" üçün ciddi itki sayılır. Bunlara baxmayaraq, "Qarabağ"a ümidlər böyükdür. "Atlılar" erkən qol vurub, rəqibinin müqavimətini qıra bilsə, qələbə və növbəti mərhələyə adlamaq çətin olmayacaq. Lakin "Rakuv" da fiziki cəhətdən bərk komandadır və xüsusilə, əks-hücumlardakı effektiv oyunu "Qarabağ"a problemlər yarada bilər.

"Sabah" - RFŞ (Latviya) (ilk oyun - 2:0)

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan "Sabah" ilk oyunda səfərdə RFŞ üzərində inamlı qələbə qazandı. Latviya təmsilçisi matçda kifayət qədər qol imkanı yaxalasa da, nəticəni dəyişə bilmədi. "Sabah" ev oyununda ilk dəqiqələrdən diqqətli olmalıdır. RFŞ erkən qol vurub, "Sabah"ın təcrübəsizliyindən yararlanmağa çalışacaq. Nə qədər də olsa, 2:0 böyük üstünlükdür və RFŞ-nin Bakıda 3 top fərqiylə qələbə qazanması mümkün olmasa da, çətin görünür. "Sabah" xüsusilə standart vəziyyətlərdə diqqətli olmalıdır. İlk oyunda kifayət qədər qol fürsəti yaradan RFŞ-nin cavab matçındakı erkən qolu "futurislər" üçün problemə çevrilə bilər. "Sabah"ın mərhələ adlamaq şansları digər təmsilçilərimizə nisbətən daha çoxdur və böyük ehtimalla mərhələ adlayan bakılılar olacaq.

"Omoniya" (Kipr) - "Qəbələ" (ilk oyun - 3:2)

İlk oyunda qələbə qazanan Kipr təmsilçisi oyunun favoritidir. "Qəbələ"nin heyətinin gücü və avrokubok təcrübəsi rəqibindən daha azdır. "Omoniya" səfərdə bir qol fərqi ilə qələbə qazanıb və bu, onların daha rahat oynamasına səbəb olacaq. Kiprdə yerli azarkeşlər önündə "Qəbələ"nin böyük təzyiq altında olacağı aydındır. Hər nə qədər favorit "Omoniya" olsa da, futbol sürprizlər oyunudur və təmsilçimizin erkən qolu rəqibi tələsiyə sala bilər. Elmar Baxşıyev "Qəbələ"də döyüşkən komanda yaradıb və onların səfərdə də layiqli oyun sərgiləcəyinə şübhə yoxdur.

"Neftçi" - "Jelezniçar" (Bosniya və Herseqovina) (ilk oyun - 2:2)

İlk matçdakı bərabərlik "Neftçi" üçün üstünlükdür. Bosniyada azarkeşlərinin önündə sərt və qıcıqlandırıcı oyun nümayiş etdirən "Jelezniçar" ümidlərini əks-hücumlara bağlayacaq. İlk matçın ikinci hissəsində rəqibinə böyük üstünlük quran, sona qədər topa nəzarəti itirməyən "Neftçi"nin qələbə qazanacağı ehtimalı çoxdur. "Ağ-qaralar"da yeni baş məşqçi Adrian Mutunun gəlişindən sonra oyun olaraq inkişaf sezilir və komanda mərhələ adlamaq üçün meydana çıxacaq. Paytaxt təmsilçisinin ilk dəqiqələrdən irəli atılacağı gözlənilir. Bosniyada vaxta oynayan, hər epizodda oyunçusu bir neçə saniyə yerdə qalan "Jelezniçar"ın bu görüşdə də müdafiəyə qapanacağı ehtimal edilir. Nermin Başiçin rəhbərlik etdiyi kollektiv bütün ümidlərini əks-hücumlara bağlayacaq. "Neftçi" müdafiədə etibarlı oynasa və yaranacaq imkanlardan istifadə edə bilsə, asanlıqla qələbə qazana bilər. 

Avrokuboklar həftəsində təmsilçilərimizə ümidlər böyükdür. Çətin rəqibi olan "Qəbələ"nin mərhələ adlamaq şansları daha azdır. Buna baxmayaraq, komandanın Kipr səfərində layiqli mübarizə aparacağı bəllidir. "Qarabağ" bir top fərqiylə geridə olsa da, "Rakuv"la görüşün favoritidir və ilk hissədə vurulacaq erkən qol mərhələ qapılarını daha tez aça bilər. "Sabah" və "Neftçi"nin şansları da böyükdür. Ötən mövsümün gümüş və bürünc medalçılarının mərhələ keçəcəyinə inanlar çoxdur və ümid edirik ki, hər bir komandamız layiqli mübarizə aparar və sevinən tərəf bir Azərbaycan təmsilçisi olar.

2 avqust, 20:00 / Qarabağ - Rakuv (Polşa)
3 avqust, 20:00 / Sabah - RFŞ (Latviya)
3 avqust, 21:00 / Neftçi - Jelezniçar (Bosniya və Herseqovina)
3 avqust, 21:00 / Omoniya (Kipr) - Qəbələ.

Şahin Cəfərov


oxunma sayı: 949 | Paylaş:




?>