')

Bu gün:


FutbolPress.Az | "Yeni "Neftçi" anonsu...

"Yeni "Neftçi" anonsu...


oxunma sayı: 1911 Paylaş:

FutbolPressBu gün "Neftçi"nin yeni prezidenti Fәrrux Mahmudov vә baş mәşqçi Adrian Mutunun ictimai tәqdimatı oldu. SOCAR-ın prezidenti vә "Neftçi"nin Müşahidә Şurasının sәdri Rövşәn Nәcәfin moderatorluğuyla baş tutan tәqdimatda "ağ-qara" adına maraqlı yeni tezislәr açıqlandı:

"Müşahidə Şurasının yeni tərkibi olacaq. Klubda təkrar canlanmanı təmin etmək üçün qısa, orta və uzunmüddətli strategiya hazırlanır".

Rövşәn bәy bildirdi ki, "Neftçi"dәki dәyişikliklәr bununla bitmir, yeniliklәr davam edәcәk:

"Çıxdığımız yolda "Neftçi" azarkeşlərindən səbir və etimad gözləyirik. Azarkeşlər hər zaman klubun yanında olublar, heç vaxt dəstəklərini əsirgəməyiblər. Gördüyümüz işlərin nəticəsində "Neftçi"nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq".

Mәqsәd "Neftçi"nin imicindә rekonstruksiya etmәk, "flaqman" obrazının bәrpasıdır. Bu işdә dә azarkeşlә daha sıx әlaqә, kommunikasiya vacibdir.

Maraqlı mәqamlardan biri R.Nәcәfin әn çox azarkeş amilinә, tribunaya vurğu etmәsi vә yenilәnmә prosesindә әn çox dәstәyi/tәkanı bu istiqamәtdә gözlәdiyini bildirmәsiydi.

Fәrrux Mahmudov futbol sahәsindәki ilk addımları "Neftçi"ylә atmağın fәlsәfәsindәn danışdı. Yeni idarәçi "xalq komandası" adını doğrultmağın nәticәlәrin yaxşılaşmasından asılı olduğunu bildirdi. Rövşәn bəy kimi o da tribunalardan zaman vә dәstək istәdi. Qarşılığında isә öz oyun üslubu vә nәticәlәriylә Avropada sözünü demәyi bacaran komandanın qurulacağı sözü verildi.

Bu yolda etimad göstәrilәn rumın çalışdırıcı Adrian Mutu da yeni "Neftçi" quruculuğu üçün ciddi planların işlәndiyini vurğuladı. O, Saldanyanın gedişinә tәәssüflәnsә dә, yaxın günlәrdә bir neçә güclü transferin olacağı anonsunu verdi:

"Neftçi"nin baş məşqçisi olmaq mənim üçün böyük məsuliyyətdir. Rəqibdən asılı olmayaraq öz oyunumuzu nümayiş etdirməliyik. Balanslaşmış komanda yaratmaq və oyunçular arasında rəqabəti təmin etmək lazımdır. Bu proses uzunmüddətlidir. Komanda hazırda balanslaşmış deyil. Son 10 gün ərzində oyunçularla aparılan görüş zamanı əmin oldum ki, onlar da mənimlə birlikdə çalışmaq istəyirlər. Futbolçular yeni formada təlimlərə, məşqlərə hazırdırlar. Tezliklə yeni "Neftçi"ni müşahidə edəcəksiniz. Azarkeşlərin bizdən gözləntiləri böyükdür. Biz də onların tələblərini qarşılayacağımıza ümid edirik".

Ümumәn, tәqdimat tәdbiri maraqlı çalarlarıyla yadda qaldı. SOCAR prezidentinin "Neftçi" üçün qollarını çirmәlәdiyi hiss olunur. O, hәtta Mutunun çıxışının ilk hissәsini - yenilәnmiş klub fәlsәfәsi barәdә dediklәrini tәrcümәçidәn icazә alaraq, özü tәrcümә etdi - "Bәzi incә detallar var ki, tam dәqiq çatdırılmalıdır, hәssas mәqamlardır" - deyә.

Vurğulandığı kimi, bundan sonra başqa "Neftçi" görәcәyik vә işlәrin gedişatı, yeniliklәrlә bağlı ictimaiyyәtә mütәmadi hesabat verilәcәk, klub idarçilәrinin iştirakıyla mәtbuat konfranslarında birbaşa kommunikasiya qurulacaq.

Bugünkü tәdbirdә yeni "Neftçi"nin anonsu verildi. Maraqla gözlәmәyә dәyәr.

Elçin Cəlilov


oxunma sayı: 1911 | Paylaş:




?>