')

Bu gün:


FutbolPress.Az | Avrokuboklar həftəsi 

Avrokuboklar həftəsi 


oxunma sayı: 916 Paylaş:

FutbolPressBu həftə Azərbaycan klubları Konfrans Liqasında mübarizəyə başlayacaq.

Təmsilçilərimiz II təsnifat mərhələsinin oyunlarına çıxacaq. “Sabah” Latviyanın RFŞ, “Neftçi” Bosniya və Herseqovinanın “Jelezniçar”, “Qəbələ” isə Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” da növbəti oyununu keçirəcək. “Atlılar” II təsnifat mərhələsində Polşa çempionu “Rakuv”la səfərdə üz-üzə gələcək.

“Rakuv” (Polşa) – “Qarabağ”

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk mərhələdə Cəbəllütariqin “Linkoln” komandasını mübarizədən kənarlaşdırdı. Birinci oyunda səfərdə qələbə qazanan (2:1) “atlılar” cavab görüşündə də rəqibinə böyük hesabla qalib gəldi və mərhələ adladı. “Rakuv” Polşada ötən mövsümün çempionudur. Çestoxova təmsilçisi “Qarabağ” kimi turnirə I raunddan başlayıb və Estoniyanın “Flora” komandasını keçib.

“Qarabağ” “Linkoln”u rahat məğlub etsə də, “Rakuv”la görüşlər asan olmayacaq. Komandanın yarışdığı liqa, heyət bunu deməyə əsas verir. Polşa klubunun “transfermarkt” portalında dəyəri 39,33 milyon avrodur. Azərbaycan təmsilçisində isə bu rəqəm hardasa üç dəfə az – 13,63-dür. Son illərdə avrokuboklarda mütəmadi çıxış edən “Qarabağ” cütün favoirti göstərilsə də, “Rakuv” asan keçiləcək rəqib deyil. Komandalar ötən ay yoldaşlıq görüşündə üz-üzə gəlmiş və polşalılar qələbə qazanmışdı – 3:0. İlk oyunun səfərdə keçirilməsi az da olsa, “Qarabağ” üçün üstünlük yarada bilər. Polşada əldə ediləcək azı heç-heçə cavab oyunu öncəsi komanda üzərində təzyiqi azaldacaq.

RFŞ (Latviya) – “Sabah”

Ötən mövsüm çempionatın gümüş medallarını qazanan və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “futuristlər” RFŞ ilə duellərin favoritidir. Klub olaraq ilk beynəlxalq sınaq olsa da, baş məşqçi Murad Musayev “Krasnodar”la Çempionlar Liqası görüb və burada yaxşı nəticə göstərib. “Sabah” ümumiyyətlə rusiyalı mütəxəssisin gəlişindən sonra yüksələn qrafiklə çıxış edir və komanda artıq Premyer Liqada yeni mövsümə çempionluğa iddialılardan göstərilir.

RFŞ avrokuboklar təcrübəsinə sahibdir. Üstəlik, Latviyada çempionat başlayıb və komanda artıq ilk oyununu keçirib. Riqa təmsilçisinin “transfermarkt” portalında heyətinin dəyəri 8,30 milyon avrodur. “Sabah”da bu rəqəm 10,58-dir. “Futuristlər” ilk oyunu Yurmala şəhərində keçirəcək. Bakı klubu səfərdə yaxşı nəticə əldə etməklə cavab oyunu öncəsi böyük üstünlük yaxalaya bilər. Latviyalıların avrokuboklarda təcrübəsi daha çox olsa da, “Sabah” cütün favoritidir.

“Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi”

Baş məşqçi postuna Adrian Mutunu gətirən “ağ-qaralar” hazırlıqlarını Rusiyada keçirdi. “Matç TV” turnirində oynadığı 3 görüşdə də uduzan flaqman daha sonra “Spartak”a yoldaşlıq görüşündə məğlub oldu. Komandanın fiziki və taktiki hazırlığı istənilən səviyyədə deyil və bu, avrokubok oyunu öncəsi ciddi təhlükədir. Heyətini yeni futbolçularla gücləndirən “Neftçi” hər nə qədər hazırlıqsız olsa da, cütün favoriti göstərilir.

“Jelezniçar”da heyətin böyük qismi yerli oyunçulardan təşkil olunub. Komandanın “transfermarkt” portalında dəyəri 4,18 milyon avrodur. Bosniya təmsilçisi mübarizəyə I təsnifat mərhələsində başlayıb və Minsk “Dinamo”sunu məğlub edərək (2:2, 2:1), mərhələ adlayıb. “Jelezniçar”da hazırda komanda daxili atmosfer yüksək səviyyədədir və “Neftçi”də qeyri-müəyyənlik onlar üçün üstünlüyə çevrilə bilər. “Jelezniçar” “Dinamo” ilə oyunda əks-hücumlara hesablanmış oyun sərgilədi və rəqibin iki səhvindən də istifadə edərək qələbə qazanmağı bacardı. Bakı klubunda hazırlıq oyunları zamanı edilən fərdi səhvlər “Jelezniçar”la oyunda təkrarlansa, ciddi cəzalana bilərlər.

“Qəbələ” – “Omoniya” (Kipr)

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Türkiyədə yaxşı toplanış keçirib və yoldaşlıq görüşlərində ümid verən oyun sərgiləyib. Ötən mövsümün aparıcı oyunçuları ilə yollarını ayıran “qırmızı-qaralar” xüsusilə hücum xəttinə keyfiyyətli legionerlər transfer edib. İsraili Osama Xalayla 

Cütün favoriti “Omoniya”dır. Kipr təmsilçisi son illərdə avrokubokların qruplarında oynayır. Komandanın dəyəri “transfermarkt” portalında 15,90 milyon avrodur. “Qəbələ”də isə bu rəqəm təxminən 10 dəfə az - 4,78-dir. Heyət baxımından da “qırmızı-qaralar”ı üstələyən “yaşıllar” Azərbaycana azı heç-heçə üçün gələcək. “Omoniya” 2021-ci ildə “Qarabağ”la KL-in qrup mərhələsi çərçivəsində Bakıdakı oyunda bərabərlik əldə etmiş (2:2), lakin ev matçında 1:4 hesabıyla uduzmuşdu.

“Omoniya”nın favorit göstərilməsinə baxmayaraq, “Qəbələ” də asan keçiləsi komanda deyil. Baxşıyev illərdir kasad heyətlə yaxşı nəticələrə imza atmış məşqçidir. Ötən mövsüm kluba tarixində ikinci dəfə ölkə kubokunu qazandıran mütəxəssisin Kipr komandası ilə görüşlər üçün də xüsusi planı mütləq vardır.

Azərbaycan futbolu üçün avrokubok həftəsidir. “Qarabağ” və “Sabah” iyulun 26-da, “Qəbələ” və “Neftçi” isə 27-də meydana çıxacaq. Bunlardan yalnız “Qəbələ” ilk oyununu evdə keçirəcək. Komandalarımızın növbəti həftə - cavab oyunları öncəsi uğurlu nəticə əldə edəcəyinə, UEFA reytinqində Azərbaycan xalına öz töhfələrini verəcəyinə ümid edirik.

Şahin Cəfərov


oxunma sayı: 916 | Paylaş:




?>