')

Bu gün:


FutbolPress.Az | "Sabah"ı gözləyən latviyalılar

"Sabah"ı gözləyən latviyalılar


oxunma sayı: 1319 Paylaş:

FutbolPress"Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində Latviyanın RFŞ klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 27-də Riqada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

RFŞ Latviyada son illərdə daha populyarlaşan komandalardandır. Paytaxt təmsilçisinin doğma arenası "LNK Sporta Parks" olsa da, komanda avrokubok matçlarını Yurmala şəhərində yerləşən "Slokas" stadionunda keçirir. Buna səbəb klubun stadionunun UEFA tələblərinə cavab verə bilməməsidir. "Slokas"ın tutumu 2500 nəfərdir.


                                                             "Slokas" stadionu

1962-ci ildə əsası qoyulan RFŞ 2016-cı ildən Latviyanın Yüksək Liqasında mübarizə aparır. Bir dəfə ölkə çempionu olan Riqa təmsilçisi iki dəfə də Latviya Kubokunu qazanıb. Komandanı yerli mütəxəssis Viktor Moroş çalışdırır. O, 2020-ci ilin fevralından iş başındadır. Komanda onun rəhbərliyi altında keçirdiyi 145 oyunda 94 qələbə qazanıb, 19 dəfə uduzub. Qolların nisbəti 339-un 125-ədir.

RFŞ ötən mövsüm Latviya çempionatını 2-ci sırada bitirib. Komanda çempion "Riq"adan cəmi 3 xal geri qalıb. RFŞ ötən mövsüm liqanın ən az qol buraxan komandası olub. Paytaxt təmsilçisi 53 qol vurub, 9-nu isə buraxıb. Moroşun komandası həm də ən çox qol vuran iki komandadan biridir. Digəri isə qızıl medalçı "Riqa"dır (53 qol).

RFŞ-in "transfermarkt"da dəyəri 8,30 milyon avrodur. Komandada 14 legioner var. Heyətin ən dəyərli oyunçusu mərkəz hücumçusu Andre İliç və vinger Emersondur. Hər iki futbolçunun qiyməti 1 milyon avrodur. Qeyd edək ki, "Sabah"ın heyətinin dəyəri 10,58 milyon avrodur.

RFŞ Konfrans Liqasında mübarizəyə I təsnifatdan başladı. Komanda hər iki oyunda Şimali Makedoniyanın "Makedoniya GP" klubunu üstələməyi bacardı - 1:0, 4:1.

Cütün favoriti kağız üzərində "Sabah"dır. "Futuristlər"in avrokuboklarda ilk dəfə çıxış etməsinə baxmayaraq, heyəti keyfiyyətlidir və baş məşqçi Murad Musayev "Krasnodar"da çalışdığı vaxtlarda beynəlxalq oyun təcrübəsi qazanıb. Sərgilədiyi oyunla Azərbaycan futbol ictimaiyyətini sevgisini qazanan "Sabah"a ümidlər böyükdür.

Şahin Cəfərov


oxunma sayı: 1319 | Paylaş:




?>