')

Bu gün:


FutbolPress.Az | Gəldi, fərq yaratdı, getdi

Gəldi, fərq yaratdı, getdi


oxunma sayı: 703 Paylaş:

FutbolPress"Sabah"da Aleksey Kaşuk dönəmi rəsmən başa çatdı. Ötən mövsümü icarə əsasında Bakı klubunda keçirən ukraynalı vinger instaqram hesabında paylaşım edərək komanda ilə vidalaşdı.

23 yaşlı futbolçu 2022-ci ilin martında Ukrayna "Şaxtyor"undan icarə əsasında "Sabah"a keçmişdi. Heyətə cəlb olunan yarımmüdafiəçi ilə daha sonra sentyabrda yeni - 1 illik icarə müqaviləsi imzalanmışdı.

Kaşuk Azərbaycanda bir ildən bir az çox qalsa da, özünü yaxşı tərəfdən göstərməyi bacardı. Driblinqləri, məhsuldar ötürmələri və qolları ilə çempionatda fərq yaradan Kaşuk çıxışı ilə Ukraynanın U-21 yığmasının da əsas üzvünə çevrildi. Cinahlarda çıxış edən oyunçu milli ilə Avropa çempionatında sərgilədiyi oyunlar dəyərini ikiqat artırdı.

Gedişat Kaşukun "Sabah"da qalmasının çətin olduğunu göstərirdi. Dəyəri və təklifləri artan yarımmüdafiəçini Azərbaycanda saxlamaq böyük pullar tələb edir və "Sabah" bu öhdəlikləri qarşılamaq imkanına malik deyil.

Kaşuk Bakı təmsilçisində ümumilikdə 41 oyunda iştirak edib. Bu görüşlərdə 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalan vinger həm də karyerasının bu ana qədər ən faydalı dönəmini keçirdi.

"Şaxtyor" gənc və perspektivli oyunçunun müqaviləsini uzadıb, qarşıdakı mövsüm ona şans verəcək. Donetsk təmsilçisi bir ildən sonra Alekseyi daha böyük məbləğə satmaqda niyyətlidir. Ukrayna təmsilçisi dəfələrlə oyunçularını yüksək məbləğ qarşılığında böyük klublara satmaq təcrübəsinə sahibdir. 

Kamil Əhməd


oxunma sayı: 703 | Paylaş:




?>