')

Bu gün:


FutbolPress.Az | Avrokubok perspektivi:  ikisi hazır, ikisi...

Avrokubok perspektivi: ikisi hazır, ikisi...


oxunma sayı: 1523 Paylaş:

FutbolPressAzərbaycanı avrokuboklarda təmsil edəcək komandaların artıq ilk rəqibləri məlumdur. Çempionlar Liqasında iştirak edəcək "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln", Konfrans Liqasının II təsnifatında olan "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus), "Sabah" “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi, "Qəbələ" isə Kipr "Omoniya"sı ilə qarşılaşacaq.

Püşk demək olar, bütün klublar üçün uyğundur. Sadəcə "Qəbələ"nin rəqibi digər təmsilçilərimizə nisbətən daha çətindir. Buna səbəb "qırmızı-qaralar"ın aparıcı oyunçularının komandanı tərk etməsi və "Omoniya"nın avrokubok təcrübəsinin olmasıdır.

"Qarabağ"

"Qarabağ" I təsnifatda mümkün rəqiblər arasında ən rahatı ilə qarşılaşacaq. "Cırtdan ölkə" təmsilçisi "Linkoln" həm heyət, həm də təcrübə baxımından "atlılar"dan dəfələrlə geri qalır. Sensassiya olmasa, Azərbaycan çempionu mərhələ adlayan tərəf olacaq.

"Neftçi"

Baş məşqçi axtarışlarını davam etdirən və hələ yekun qərara varmayan "Neftçi"nin başının üstünü qara buludlar alıb. Artıq avrokuboklarda iştirak edəcək klublar toplanışlara başlayıb, "Neftçi" də yığışıb, amma komandanın hansı formada hazırlaşdığı qeyri-müəyyəndir. "Jelezniçar" - "Dinamo" cütündə tərəflərin hər ikisi "ağ-qaralar"dan zəif görünsə də, avrokuboklara hazırlıqsız getmək uğursuzluğa səbəb ola bilər. Bosniya çempionatında mövsüm başa çatıb, ancaq Belarusda davam edir. Minsk "Dinamo"su rəqibinə nisbətən daha hazırdır. Eyni zamanda komanda ölkə çempionatında 11 turdan sonra vahid liderdir. "Dinamo"nun mərhələ adlaması gözləniləndir. "Neftçi" belaruslulardan daha təcrübəli və keyfiyyətli heyətə sahib olsa da, klubdakı qeyri-müəyyənlik problemlərə yol aça bilər.

"Sabah"

Tarixində ilk dəfə avrokubok oyununa çıxacaq "Sabah" da püşkün favoriti hesab edilir. "Futuristlər" həm RFŞ-dən, həm də "Makedoniya"dan daha yaxşı heyətə malikdir. Azərbaycan təmsilçisinin azı bir mərhələ keçəcəyinə ümidlər böyükdür. "Sabah" Konfrans Liqasında iştirak edən təmsilçilərimiz arasında ən etibarlısıdır desək, yanılmarıq. Murad Musayev gözəl kollektiv formalaşdırıb və komandanın özünəməxsus oyun üslubu var. "Futuristlər" yeni mövsümdə həm çempionatda iddialı olacaq, həm də avrokuboklarda maksimum irəliləməyə çalışacaq.

"Qəbələ"

"Omoniya" Kiprin aparıcı klublarındandır. "Qırmızı-qaralar"da uğurlu keçən ötən mövsümdən sonra aparıcı futbolçuların əksəri komandanı tərk edib. KL oyununa bir ay vaxt qalıb və boşluqları doldurmaq üçün tez davranmaq lazımdır. Baş məşqçi Elmar Baxşıyevin açıqlamalarında narahatlıq hiss edilir, əbəs deyil. Ötən mövsümün məhsuldar oyunlarından Felipe Santos, Ramon Maçado artıq gedib, müdafiənin əsas oyunçusu Ruan Renato da getmək üzrədir... Kubokun qalibi yeni futbolçularla danışıqları sürətləndirməsə, avrokubok duelləri çox çətin keçəcək. "Omoniya" son illərdə beynəlxalq arenada mütəmadi iştirak edən komandadır. Kipr təmsilçisi 2021-ci ildə məhz bu turnir çərçivəsində Bakıda "Qarabağ"a çətinlik yaratmış, 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Lakin Azərbaycan təmsilçisi cavab matçında "Omoniya"nı 4 qolla məğlub etmişdi.

Klubların rəqiblərinə və hazırkı durumlarına əsasən, "Qarabağ" və "Sabah"a rahat proqnoz vermək olur, "Neftçi" və "Qəbələ" üçünsə narahatlıq hökm sürür. Premyer Liqa təmsilçiləri qısa müddətdə problemləri aradan qaldırmasa, onlar üçün avrokubok həyəcanı ilk mərhələdən bitə bilər.

Şahin Cəfərov


oxunma sayı: 1523 | Paylaş:




?>