')

Bu gün:


FutbolPress.Az | İdmanın inkişafında UGİM-nin rolu

İdmanın inkişafında UGİM-nin rolu


oxunma sayı: 1258 Paylaş:

FutbolPress

Uşaq-Gənclər İdman Məktəbləri (UGİM) fəaliyyətini uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının, fiziki hazırlığının möhkəmləndirilməsinə, respublikada yüksək səviyyəli idmançıların hazırlanmasına yönəldilmiş sosial müəssisədir. Müasir dövrdə idmanın kütləviləşməsində, gənclər arasında geniş yayılmasında və sağlam ruhda inkişafında sözügedən məktəblərin rolu əvəzsizdir. 


Uşaq-Gənclər İdman Məktəblərində (UGİM) tədris necə formalaşdırılır?

Hazırda ölkəmizdə fəaliyyət göstərən idman məktəblərində pramidaşəkilli çoxillik təlimə hazırlıq, təlim-məşq prosesinin keyfiyyətini artırmaq məqsədiylə sistemli iş aparılır. Məktəblərin işi əsasnaməyə uyğun keçirilir. Belə ki, idman məktəbləri öz fəaliyyətlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin (İOEUGİM) Nümunəvi Əsasnaməsi"ni rəhbər tutur. UGİM və İOEUGİM-nin açılması üçün bir sıra şərtlər var:

1. Təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması

2. Bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması

3. Açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması.


İdman məktəblərinin fəaliyyəti və işinə nəzarət

Sözügedən mətkəblər Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir. Məktəblərin açılması, bağlanması, dəyişdirilməsi qurum ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Hazırda Gənclər və İdman Nazirliyinin nəzdində 30 idman məktəbi var. Bu məktəblərdə 23 idman növü üzrə müxtəlif bölmələr fəaliyyət göstərir. Tədris qruplarında isə 11933 nəfər idmanla məşğul olur. Eyni zamanda, Təhsil Nazirliyi nəzdində 78 idman profilli qurum var ki, onlarda da 29 növ üzrə bölmələr fəaliyyət göstərir.  Bunlardan 22-si olimpiya, digərləri isə qeyri-olimpiya növləridir. Həmkarlar İttifaqları Konfederasiyası nəzdində də idman məktəbləri fəaliyyətini davam etdirir. Burada 8 qurum var və 12 idman növü üzrə bölmə mövcuddur. Konfederasiyada 2733 yeniyetmə və gənc müntəzəm məşqlər edir. Tək Bakıda deyil, bölgələrdə də xüsusi idman məktəbləri var. Qazax rayonunda "Göyəzən" MMC adlanan özəl məktəbdə ağır atletika və sərbəst güləş üzrə hazırlıqlar keçirilir. Yeniyetmələrin buraya cəlb olunması istiqamətində işlər aparılır.

UGİM-nin uşaq və gənclərin idman həyatında rolu

Bəzən uşaqlar idman həyatlarına bu məktəblərdə qədəm qoyurlar. Onların müxtəlif sahələrə cəlb eilməsi, düzgün istiqamətləndirilməsində UGİM-nin üzərinə böyük yük düşür. İdmançılara sağlam həyat tərzi aşılamaq, zərərli vərdişlərdən çəkindirmək məktəblərin əsas vəzifəsidir. Tədris ocaqlarında uşaqlar idman avadanlıqları ilə təmin edilir. Hazırlıqlar ixtisaslı və peşəkar kadrlar tərəfindən təşkil olunur. UGİM və İOEUGİM-də idman kütləviliyinin artırılıması, gənclərin maraq sahəsinin üzə çıxarılması, inkişafı ilə bağlı seleksiya işləri aparılır. Eyni zamanda onların sağlamlığının möhkəmləndirilməsi istiqamətində tədbirlər təşkil edilir. Tədris prosesləri normativlərə uyğun keçilir. İOEUGİM-nin əsas vəzifəsi milli komandalara yüksək dərəcəli idmançılar hazırlamaqdır. İdman məktəbində məşqçi-müəllim heyəti hər ay təlim-məşq və tərbiyə işləri, idmamçıların hazırlanmasının fərdi planlaşdırılması, onların yarışlarda iştirakı məsələləri daim müzakirə edilir. Bu cür yanaşmalar gənc nəslin fiziki-mənəvi inkişafında mühüm rol oynayır. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin tabeliyində olan UGİM-lərdə məşqlərin keyfiyyətinin artırılması məqsədilə bəzi Olimpiya Komplekslərinin idman zalları məktəblərin ixtiyarına verilib. Neçə-neçə olimpiya, Avropa çempionları məhz bu zallardan çıxır.

İdmanın kütləviləşməsi və regionlara yayılması

İdmanın inkişafında, təbliğ olunması və kütləviliyində bu məktəblərin rolu danılmazdır. Bu istiqamətdə aparılan fəaliyyətin daha da genişləndirilməsi məqsədilə idman baxımından istedadlı uşaq və gənclərin seçimi, məşğələlərə cəlb olunması üçün tədris ocaqlarında ilkin idman hazırlığı keçilir, məşqçi-müəllim müşahidəsi aparılır,  müxtəlif müsabiqələr təşkil edilir. Görülən işlər bədən tərbiyəsi və idman hərəkatının  Bakı ilə yanaşı, digər regionlarda da kütləviləşməsinə, uşaq və gənclərin müxtəlif idman növləri üzrə yarışlarda iştirakına və uğur qazanmasına zəmin yaradır.

Məktəblərdə qruplar ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagir və tələbələrindən, gənclər və hərbi qulluqçulardan komplekləşdirilir. Tədris ixtisaslı məşqçi-müəllim heyəti tərəfindən keçirilir. Tələbələr müxtəlif idman növləri üzrə birinciliklərdə, dövlət əhəmiyyətli bayramlara həsr edilmiş tədbirlər və xatirə turnirlərində iştirak edir, güclərini sınayırlar. Qaliblər müxtəlif hədiyyələrlə təltif olunur. Bu yarışların uşaq və gənclərin idmana olan marağının artmasında böyük rolu var. 

Yekun 

Gənclər və İdman Nazirliyi beynəlxaq təcrübəyə əsaslanaraq Uşaq-Gənclər İdman Məktəblərində təbliğ olunan idman növləri üzrə təlim-məşq prosesini tənzimləyən normativlərə yeniliklər edilməsini planlaşdırır. Bunlar gənclərin sağlam böyüməsində, idmançı kimi düzgün yetişməsinə hesablanıb. Görülən işləri ümumi olaraq müsbət qiymətləndirmək olar. Təsadüfi deyil ki, müxtəlif idman növləri üzrə Avropada medal qazanan, Azərbaycan bayrağını dalğalandıran idmançılardan bəziləri məhz Uşaq-Gənclər İdman Məktəblərində fəaliyyət göstərən, hazırlıqlarını orada keçənlərdir.

Şahin Cəfərov
 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


oxunma sayı: 1258 | Paylaş:




?>