')

Bu gün:


FutbolPress.Az | Heydər Əliyev siyasətində idmanın yeri – Azərbaycanı əhatə edən tarixi layihələr

Heydər Əliyev siyasətində idmanın yeri – Azərbaycanı əhatə edən tarixi layihələr


oxunma sayı: 535 Paylaş:

FutbolPressİstər bədən tərbiyəsi, kütləvillik, istərsə peşəkar idmanda şəraitin yaradılması mütləq faktorlardan biridir. İnfrastruktur olmadan inkişafın təmin edilməsi mümkün deyil. Ötən əsrin ortalarında Azərbaycanda əsasən paytaxtda və iri şəhərlərimizdə o dövrün tələblərinə uyğun stadionlar mövcud idi.

Bölgələrdə rayon mərkəzləri diqqətdən kənarda qalmışdı. Belə münasibət respublikada bərabər inkişaf mexanizmini pozurdu, böyük idman potensialının olmasına baxmayaraq, regionlar diqqətdən kənarda qalırdı. Əsasən də yerli kadrların, idmançıların hazırlığı, yetişdirilməsi maneələrlə üzləşirdi. Rayon və kəndlərimiz şəhərlərimizin kölgəsində qalmışdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının birinci katibi vəzifəsinə gəldikdən sonra bu mənada bölgələrə münasibət köklü şəkildə dəyişməyə başladı. Bütün sahələrdə olduğu kimi, yerli kadrların üzə çıxması Ümummilli lider Heydər Əliyev şəxsiyyəti üçün prioritet məsələlərdən biri idi. SSRİ respublikaları arasında Heydər Əliyev qədər regionlara daimi səfər edən, diqqətdə saxlayan, yerində problemlərlə maraqlanan, mühüm qərarlarla şəraiti təmin edən ikinci rəhbər yox idi.



Ulu öndər sənaye, kənd təsərrüfatı, mədəniyyət, səhiyyə ilə yanaşı xalqın, gənc nəslin sağlam böyüməsində bədən tərbiyəsi və idmanın rolunu mühüm faktor kimi qəbul edir, bu istiqamətdə iri layihələrin həyata keçirilməsini təmin edirdi.

Ötən əsrin 70-ci illərindən başlayaraq müvafiq qərarla bütün şəhər və rayon mərkəzlərində stadionların mərhələli tikintisinə başlanıldı. Qısa vaxtda ucqar dağ rayonlarımıza kimi bunlar təmin edildi. Bölgələrdə stadionların inşası idmanın dirçəlməsinə təkan verdi. Sağlamlıq, kütləvilliklə yanaşı, demək olar, bütün rayonlarda futbol komandaları yaradıldı. Şəhər və rayon komandaları daimi olaraq müxtəlif liqalarda respublika çempionatlarında çıxış edirdilər. Bunun nəticəsi olaraq, regionlardan pleyada futbolçular üzə çıxdı, o dövrdə respublikanın bir nömrəli komandası "Neftçi"yə kimi yüksəldilər.

Əksər stadionlarda idman zalları da fəaliyyət göstərirdi. Güləş, ağır atletika kimi fərdi idman növlərində də bölgə idmançılarımızın sayı günü-gündən artırdı. Stadionlarda tribunaları dolduran azarkeşlər sayəsində əhalinin asudə vaxtları, istirahəti də təmin edilir, bütün respublikada canlanma yaranırdı. Stadionlar, yaradılan infrastruktur tək bədən tərbiyyəsi və idmanın inkiafına  qulluq etmirdi. O vaxtlar məşhur olan məhsul bayramları da stadionlarda böyük təmtəraqla keçirilir, qazanılan nailiyyətlər böyük tamaşaçı qarşısında nümayiş olunurdu. İdman qurğuları bölgələrdə kənd təsərrüfatı, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və idmanı özündə birləşdirmişdi. 80-ci illərin ortalarına kimi qarşıya qoyulan vəzifə tam olaraq yerinə yetirilmişdi. Şəhər və rayonlarımızın hər birinin öz stadionu, idman qurğusu var idi.



Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra Ümummilli lider Heydər Əliyev tərəfindən uzaq 70-ci illərdə təməli qoyulmuş ənənə davam etdirildi. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi-iqtisadi çətinliklərin olmasına baxmayaraq idmana xüsusi diqqət ayırırdı. Uzaqgörən siyasəti ilə seçilən Ümümmilli lider Heydər Əliyev gözəl bilirdi, bu dəfə artıq idmaçılarımız beynəlxalq arenalarda müstəqil Azərbaycanımızı, üçrəngli bayrağımızı təmsil edəcəklər. Ulu öndər hər dəfə xüsusi vurğulayırdı: "İki halda dünyada bayraq qaldırılır, dövlət himni səsləndirilir, dövlət başçıları rəsmi səfərlərdə olanda və idmançılar qələbə qazananda". Bu nailiyyətlərin əldə olunması üçün yeni strategiyayla birgə müasir idman qurğularına böyük ehtiyac duyulurdu. Ümummilli lider Heydər Əliyev Milli Olimpiya İdman kompleksinin açılışında şəxsən iştirak edərək yaxın gələcəkdə qurulacaq yeni idman obyektlərinin bünövrəsini  qoymuş oldu. Eyni zamanda idmançılarımızı Olimpiya oyunlarına yolasalma mərasimlərinin ənənəsi də Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan adına qazanılan qızıl, gümüş, bürünc medalçıları, onların məşqçilərini qəbul edərək gələcək yeni qələbələr stimullaşdırılır, gənc nəsil göstərilən qayğı və şəraitdən bəhrələnir, növbəti çempionluqların möhkəm təməli qoyulurdu. Bütün bunlar yaradılan şəraitin, infrastruktur layihələrinin həyata keçirilməsi sayəsində baş verirdi.

Ulu öndərin başlatdığı idman siyasəti sonrakı illərdə, günümüzə qədər davam etməkdədir. Artıq əksər şəhər və rayonlarımızda dünya standartlarına cavab verən Olimpiya İdman Kompleksləri inşa edilib. Komanda idman növləri üzrə bölgələrimizdə voleybol, basketbol, həndbol, futzal üzrə yüksək səviyyədə yarışların keçirilməsi mümkündür. Eynilə, bu idman qurğularında fərdi idman növləri, milli güləş, karate, boks, cüdo, sambo, kikboksinq və digər idman növləri üzrə istənilən yarış keçirilə bilər. Bununla yanaşı Mingəçevir Avarçəkmə Mərkəzi, işğaldan azad edilən Suqovuşan kompleksi yenidən qurularaq idmançıların ixtiyarına verilib. Təbii ki, ən böyük idman kompleksi - Bakı Olimpiya Stadionu Azərbaycanın idman simvolu qurğularından birinə çevrilib və Avropa, dünyada öz layiqli yerini tutub. Sovet dövründən qalan Tofiq Bəhramov adına stadion, neçə-neçə idman kompleksləri yenidən bərpa edilib, müasir tələblərə uyğunlaşdırılıb. Dünyada sayılıb-seçilən Gimnastika Mərkəzi, Su İdman növləri kompleksi, müasir idman bazalarının inşası Azərbaycanı planetdə idman mərkəzlərindən birinə çevirib.



Artıq müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlar, Avropa və dünya çempionatlarının Bakıda keçirilməsi ənənə halını alıb. Avropa və İslam oyunlarına Azərbaycanın ev sahibliyi etməsi də xüsusi çəkiyə malikdir. Zamanında infrastruktur layihələrinin həyata keçirilməsi bu amilləri şərtləndirib. Sözsüz ki, bunun səbəkarı, bu günləri görən, Azərbaycan gənciliyinin sağlam böyüməsini düşünən, idmançılarımıza daima qayğı göstərən Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, böyüklüyü, zəkası olub. Heç şübhəsiz, bundan sonra da qurulmuş idman komlekslərindən faydalanan idmançılarımızın nailiyyətləri Ulu öndərin ruhunu şad edəcək!

"FutbolPress"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 535 | Paylaş:




?>