')

Bu gün:


FutbolPress.Az | Duyğu və ibrət səhnəsi

Duyğu və ibrət səhnəsi


oxunma sayı: 1447 Paylaş:

FutbolPress2022/23 mövsümünə də “Azersun Arena”da yekun vuruldu. “Qarabağ” – “Turan Tovuz” (3:1) oyunundan sonra mükafatlandırma mərasimi oldu. Yenə çempion “Qarabağ”, yeni medalçı “Sabah” və “bürünc” “Neftçi”...

“Qəbələ” də olmaqla, növbəti avrokubok mövsümündə komandalarımızın uğurlu çıxışını arzulayırıq. Avrokubok deyəndə isə təbii ki, ağla “Qarabağ”/Qurban Qurbanov fenomeni gəlir.

Bir təriflik məqam olanda min bir tənqidlik yanı ilə qayğılandıran ölkə futbolunun ən böyük təriflik ünvanı – “Qarabağ” və onu bu sana yüksəldən Qurbanov dünən təsirli anlar yaşadı/yaşatdı.

***

Yekunlaşan mövsümün bombardiri 22 qolla Ramil Şeydayev oldu. O Şeydayev ki, mətbuatın, ictimaiyyətin təbliğatı ilə AFFA onu Rusiyadan millimizə gətirmişdi. O Şeydayev ki, qonşu ölkədə enişli-yoxuşlu olsa da, ulduzluğa doğru bir yol getməkdəydi. Slovakiyada gözlənilənə nail ola bilməyən legioner həyatı, Türkiyədə çox qısa period və sabahına yeni ümidlə atılan addım - “Sabah”...

Alınmırdı. Şeydayev Azərbaycanla məhdudlaşmışa oxşamaqdaydı. “Sabah”da elə də məhsuldar saldo cıza bilmədi, üstəlik, haqqında eqosentrik iddialar ortaya çıxınca imici də zədələnməkdəydi.

2021-ci ildə “Qarabağ”da göründü. Həmin ərəfədə “atlılar”ı qınayanlar az olmadı. Ancaq sabitlik və nizam pərgarı olan Qurban Qurbanov amilinə görə futbolçunun burada inkişaf edəcəyini düşünənlər də var idi.

Ötən il tədricən əvəzetmələrdən meydana çıxan Şeydayevin “donu açılmaqdaydı”. Hətta “ikinci hissə oyunçusu” hesab edilməkdəydi - bir neçə oyunda ikinci hissədə meydana çıxıb müqəddəratı dəyişdiyinə görə...

Bu mövsümsə Ramil həm avrokuboklarda səhnənin ən aktiv oyunçularından oldu, həm mövsümün bombardiri. İki ilə müntəzəm inkişafa doğru addımlayan biri...

Bu, Mahir Emrelini formalaşdırıb böyüdən, bombardir olandan sonra Avropaya pərvazlandıran Qurbanovun növbəti nəticəsi idi. Şeydayev də “Qarabağ”dakı intizam, ideoloji səhmanın formaya saldığı və səhnənin önünə çıxardığı layiqli adlarımızdan biri oldu.

***

İndi o, Taylandın “Buriram Yunayted” klubuyla 1.5 milyonluq müqavilə imzalayıb. Yaşının bu çağında idmançının perspektivindən çox öz həyatı üçün atacağı doğru addım da hörmətlə qarşılanmalıdır və nə gözəl ki, futbol izləyicilərimizin əksəri Avropaya deyil, Asiyaya üz tutan Ramili qınamadı, əksinə...

***

Dünən mükafatlandırma zamanı yaşanan emosional vəziyyətsə sanki son iki ildə cilalanmış, yenidən formalaşmış idmançıyla – xarakterlə ayrılığın doğurduğu mündəricat idi. Qurbanovla yaşıl meydanda vidalaşma təsirli səhnə yaratdı. Hər ikisi göz yaşını saxlaya bilmədi...

Bir məşqçinin hissləriylə əmək sərf etdiyi, daim dəstək olduğu, tənqidlərə rəğmən tərəfini buraxmadığı “məhsul” pərvazlanıb xeyli irəli addım atmışdı, durğunluğu məhv etmişdi...

Qurbanovun dünən mətbuat konfransında bu məqamla bağlı dedikləri – “Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, amma Ramil çox vətənpərvər biridir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandada da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür etdik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Sadəcə, bəzən elə nünaslar olur ki, biz ona hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakterli biriylə vidalaşdıq. İkimiz də duyğulandıq”.

Hikmətli, ibrətlik məqamdır. Qurbanovu azarkeşlərdən daha yaxın tanımaq imkanımız var, bilirik ki, dəmir xarakterli biridir. Emosiyalarını büruzə verməyən, brutal tipajdır. Onun göz yaşını bir dəfə “Qarabağ”ın ilk çempionluğunda görmüşdük – bütün hiss və emosiyalarıyla illərlə bununçün çalışdığını ifadə edən məqam idi – bir də dünən...

Milli komanda dövrünü elə-belə xatırlamadığını düşünürəm. Ona qarşı haqsızlıqlar oldu, bəlkə də heç vaxt bilməyəcəyimiz, üzə çıxarmayacağı daha pis anlar... Həmin ərəfədə xarakteri “oynamayan”, Azərbaycan adına, ölkə futboluna xəyanət edənlərdən yan qaçanların hamısına münasibəti tam başqa oldu Qurbanovun.

O, dürüstlüyü unutmur və qiymətləndirir. Qurbanov vətən/dövlət anlayışına münasibəti işiylə sübut etməyin ən uğurlu nümunələrindən biridir.

Qurbanov bir tam xarakterin, mərd insanın kollektivdən getməsinə reaksiyasıyla bütün uğurlarının məcmusunu xəyali cızmış oldu. Hörmət!

Elçin Cəlilov 


oxunma sayı: 1447 | Paylaş:




?>