')

Bu gün:


FutbolPress.Az | "Azərbaycanda qadın alpinizminə maraq yaratmaq istəyirəm"

"Azərbaycanda qadın alpinizminə maraq yaratmaq istəyirəm"


oxunma sayı: 1312 Paylaş:

FutbolPress

Alpinizm dağlara dırmananların idman növüdür. İnsanlar təbiətə olan sevgiləri əsasında boş zamanlarını səmərələri keçirmək üçün bu növlə məşğul olur. Digər idman sahələrindən fərqli olaraq burada yeniliklər azdır və bu səbəbdən inkişaf ləng gedir, populyarlıq azalır. Buna baxmayaraq, insanlar hobbi kimi alpinizmlə məşğul olur. Bu növün nümayəndələri alpinist adlanır.



Azərbaycanda alpinizmin yaranması ötən əsrin otuzuncu illərinə təsadüf edir. İlk dəfə “Neftçi” İdman Klubu böyük alpinist qrupu yaradaraq Elbrus dağını fəth edib. II Dünya Müharibəsi dövründə bütün sahələrdə olduğu kimi alpinizmdə də durğunluq müşahidə olunub. Müharibədən sonra - 1952-ci ildə Azərbaycan SSRİ Nazirlər Kabineti alpinizmin inkişafı məqsədilə yeni idman cəmiyyətləri yaratmağa başladı. Bir il sonra təşkil olunan qayayadırmanma üzrə Respublika çempionatını Şərqiyyə Abbasova qazanıb.

Azərbaycan Alpinizm Federasiyası 1963-cü ildə tәsis edilib. Quruma hazırda Muxtar Babayev rəhbərlik edir. Bir neçə gün əvvəl – mayın 19-da AAF-in baş katibi İsrafil Aşurlı Nepalda Makalu zirvəsini fəth edib. Makalu zirvəsi dünyanın ən hündür 5-ci yüksəkliyidir.



Eyni gündə - mayın 19-da Ukrayna vətəndaşı olan azərbaycanlı qadın Elmira Aslanova isə Everestə qalxıb. O, dünyanın dəniz səviyyəsindən ən yüksək zirvəsinə çıxaraq (8848 m) ilkə imza atdı.

Bu, Aslanovanın ilk səfəri olmayıb. Alpinist buna qədər bir neçə yüksək zirvələri fəth edib. Elmira Aslanova ilə Everest səfəri və ölkəmizdə alpinizmin mövcud durumu, bu sahənin tələbləri ilə bağlı söhbətləşdik:

- Everestə qalxan ilk azərbaycanlı qadın olmaq necə hissdir?
- Bunu bacardığım üçün qürurluyam. Əla hisslərdir, çox sevincliyəm.

- Valideynlərinizin reaksiyası necə oldu, əvvəldən bilirdilər gedəcəyinizi?
- Xəbərləri yox idi. Demişdim ki, həmişə olduğu kimi dağa qalxacam. Sadəcə qardaşlarım bilirdilər və mənə dəstək oldular. Valideynlərim Everestdən qayıdandan sonra bildilər. Sevinclə qarşıladılar və mənimlə fəxr etdiklərini söylədilər.

- Everestə qalxmağın planlarını çoxdan qururduz?
- 3-4 il əvvəldən bunun xəyalı ilə yaşayırdım. Bacaracağıma inanırdım və etdim.

- "Birdən çıxa bilmərəm" deyə, düşüncələriniz olurdu?
- Bilirdim ki, mütləq qalxacam və nə olur olsun, dayanmayacam, irəliləyəcəm. Everest mənim arzum idi və bunun üçün çox çalışdım. Asan olmayacağı məlum idi. Çətinlik olanda özümə "sən güclüsən, bacararsan" dedim və yekunda arzuma çatdım.



- Səhayətdə hansı çətinliklərlə qarşılaşdız?
- Böyük çətinlik olmadı. Sadəcə əvvəldən ekspedisiya üçün pul tapmaqda problemlər yaşadım. Lakin sonra lazım olan vəsaiti yaxınlarımın köməyi ilə topladım və Everestə qalxdım.

- Təxminən nə qədər vəsait lazım idi?
- 60 min dollar. Dağa qalxmaq icazəsi üçün ödəniş etməlisən və bu, Nepala çatır. Daha sonra 40 günlük ərzaqla təmin olunmalısan. Detalları deyə bilməyəcəm, ümumi xərclər çox olur.

- Everestə qalxdız, növbəti hədəf nədir?
- Bu, hələ sirrdir.

- Qayıdaq əvvələ, alpinizmə marağınız hardandır?
- 2018-ci ildə Tibet dağlarına getmək istəyirdim. Tura qoşuldum və Kailaş dağına getdik. Başa düşdüm ki, daha yaxşı hazırlaşmaq üçün trekkinq səfərinə çıxmaq yaxşı olar. Nepala uçdum və Himalay dağlarına getdim. Ora aşiq olmuşdum və daha çox dağlara qalxmağın xəyallarını qurmağa başladım.

- Hansı dağlara qalxmısız?
- Kilimancaro (Tanzaniya), Ağrıdağ (Türkiyə), Oyos de Salado (Argentina-Çili sərhədi), San Fransisko (Çili), Akonkaqua (Argentina).

- Azərbaycanda alpinizmin durumu ilə bağlı fikirləriniz nədir?
- Alpinizmə, xüsusilə də qadın alpinizminə maraq yaratmaq istəyirəm. Alpinizm insana çox şey verir. Həm fiziki, həm də mənəvi olaraq faydaları çoxdur. Düzdür, ölkəmizdə bu sahə o qədər də inkişaf etməyib, amma potensial böyükdür. Özüm bu qədər səfərlər etsəm də, peşəkar deyiləm. Maraqlı olan tərəfi də budur. Alpinizmə hobbi kimi də yanaşmaq olur.

- Yaxşı alpinist olmaq üçün nələrə diqqət etmək lazımdır?
- İdmanla məşğul olmaq, kardio məşqləri etmək lazımdır. Eyni zamanda, təcrübə də toplamaq lazımdır. Bir yerdən başlamaq və səhayətləri artırmaq lazımdır.

- Kifayət qədər səfərləriniz olub. Peşəkar olmasa da, təcrübəli biri kimi bu sahəyə marağı olanlara nə kimi məsləhətləriniz var?
- Bundan əvvəl vurğuladığım kimi, idmanla mütləq məşğul olmağı, kardio məşqlər etməyi və qaçmağı. Fiziki durumu yaxşılaşdırmaq lazımdır ki, zirvələrə çıxan zaman çətinliklərlə bacara biləsən.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1312 | Paylaş:




?>