')

Bu gün:


FutbolPress.Az | Mətbuatın məhv etdiyi “Şamaxı” – aşpaz Orxana həsr olunur

Mətbuatın məhv etdiyi “Şamaxı” – aşpaz Orxana həsr olunur


oxunma sayı: 1832 Paylaş:

FutbolPress“Şamaxı” 2022/23 mövsümünə iki əlamətdar məqamla başlamışdı.

1. Ardıcıl iki məğlubiyyət
2. Klubun İdarə Heyətinin üzvü Orxan Fikrətoğlunun idman jurnalistlərini sərt ittiham etməsi

Ötən ilin mayında ölkənin baş kulinarı (?) təyin edilən yazıçı/publisist (?) Orxan Fikrətoğlu bu minvalla “Şamaxı”nın İdarə Heyətinə seçilmişdi (?).

Bu əcəbsəndəli mahiyyətli prosesdən iştahlanan Orxan yoldaş futbol klubunda vacib posta təyinatına layiq olduğunu göstərmək üçün qaşığını.. qılıncını qınından çəkərək, idman mətbuatının üstünə hücuma keçmişdi. İTV-nin efirində demişdi ki, idman jurnalistləri bla, bla, nyam-nyam...

***

Buna reaksiya verən idman jurnalistləri Orxan yoldaşın, klub qarşısında – “gördünüz də necə hamısını oturtdum yerində” - deyib qürrələnməyinə mane olan, arzusunu qursağında qoyan yazılarla “ocağı söndürdülər”... Kəfkiri əlində boş qalan baş kulinar, “igid odur atdan düşüb atlana” məsəlinə uyğun olaraq, yorğun addımlarla buralardan uzaqlaşdı, daha görünmədi və s.

Bəs sora nə oldu?

Sonra 2022/23 mövsümü başa çatdı. “Şamaxı” sonuncu yeri tutdu.

***

Orxan yoldaşın avqustda meydangirlik edərək, idman jurnalistlərinə “xod getməkliyindən” sonra “Şamaxı” 8 tur qələbə üzünə həsrət qaldı; Orxan bəy görünmədi...

Mövsümboyu nə idman jurnalistlərindən “Şamaxı”ya “gözün üstə qaşın var” deyən oldu, nə də Orxan bəyi gördüm deyən...

İki baş məşqçini qoynuna alaraq mövsümü yorğun addımlarla irəliləyən Orxan bəyin İdarə Heyətində təmsil olunduğu bu komanda 36 oyuna cəmi 4 qələbə qazana bildi. Fikrət əminin oğlunu gördüm deyən olmadı...

***

Qaydalara görə “Şamaxı” APL-i tərk etməlidir. “Biz sübut etdik ki, yerli futbolçularla da oynamaq olar” kimi əndirabadi ideya ilə sonuncu yeri tutan komanda nə sübut etmiş oldu?  I Diviziona layiq fəlsəfə quran bu klub, bu gedişlə layiq olduğu yerdə davam edər, püxtələşsə, APL-ə qayıdar, püxtələşməsə də, özü bilər.

***

Zarafat o yana qalsın, ancaq Orxan bəy həqiqətən ötən ilin avqust istilərində fəryadı elə-belə qoparmamışdı. O, bilirdi ki, idman jurnalistləri onun meydangirliyinə qədər hərzə-hədyan yazılarla, meydangirliyindən sonra isə susqunluğu ilə “Şamaxı”nı turnir cədvəlinin sonuncu pilləsinə yuvarlayacaqlar. Ona görə də mövsümün əvvəlindən sözünü deyib, getdi...

Sağ-salamat, Orxan yoldaş! Çörəyiniz isti, suyunuz sərin olsun!

...“Ə, yox, AŞ deyil”

Elçin Cəlilov


oxunma sayı: 1832 | Paylaş:




?>