')

Bu gün:


FutbolPress.Az | Təxminlər özünü doğrultdu - son turlar nə müşahidə ediləcəkdi? (TƏHLİL)

Təxminlər özünü doğrultdu - son turlar nə müşahidə ediləcəkdi? (TƏHLİL)


oxunma sayı: 1297 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 2022/23 mövsümünün sona çatmasına bir tur qalıb. Adətən, çempionluq uğrunda, medalçılar arasında rəqabətin gərgin olduğunu görərdik, ancaq bu il fərqli oldu. Son turun ən maraqlı oyunu turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Şamaxı” arasında olacaq.

10 mart 2023-cü il tarixli "Elitanı kim tərk edəcək? - Qara buludlar yaxınlaşır" yazımızda komandalarla bağlı ehtimallarımızı irəli sürmüşdük. İkinci "5-liy"ə yer ayırıb komandalara ayrı-ayrılıqda qiymət vermişdik. Hamısı da AFFA xətti ilə maliyyələşən klublar... Son "dördlük"dən kim sıradan çıxacaq/çıxarılacaq? – həmin təhlilimizdə əksini tapmışdı. "Turan Tovuz"un yerini qoruyacağını əminliklə demişdik. Bəzi oyunlarda öz günahlarından büdrəsələr də, azarkeş qrupları ilə aralarında ayrı-seçkilik yaransa da, tənqidlərdən nəticə çıxarıb yenidən bütövləşməyi bacardılar.

Son turlar nə müşahidə edilir/ediləcəkdi?

Bir daha yada salaq və bu günlə uzlaşdıraq. Öncədən bildirək, qəribə nəticələrin qeydə alınacağını üstüörtülü vurğulamışdıq.

"Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz" yaxşı oyun sərgiləsə də, daxili çəkişmələr, stadionun qəzalı vəziyyətdə olması, Gəncə azarkeşlərinin aqressiv aktivliyi, proseslərə emosiyalı təsiri futbol üçün başağrıdır...

Mikayıl Nərimanoğlu, Şahin Diniyev, Yaşar Vahabzadə də yoxdur. Mərkəzdən kluba təsir qüvvəsi minimum enib. Bundan başqa "Kəpəz" özü özünə də problem yaradır... Gəncə futbolu ağır yerdir, hər adam baş çıxara bilməz. Ancaq bütün fərqli situasiyalara rəğmən Gəncə klubu müsbətə doğru dönüşü yalnız özü yarada bilər. Əks halda, "Kəpəz"in elitanı tərk etmək ehtimalı yüksələcək. Pul ödəyənlər də buna təəssüflənməyəcək. Vəsait daha sakit, qalmaqalsız kluba yönəldilə bilər"...


Göründüyü kimi, xüsusi vurğulanmışdı, "Kəpəz" ancaq özü özünü bəladan qurtara bilərdi. Ehtimallar irəli sürülərkən Gəncə təmsilçisi hələ evdə oynayırdı. Evdə ən azı 5 xalları da VAR-lı - varsız əllərindən alındı. Yetmədi, ot örtüyü də sıradan çıxarıldı. Komanda Qəbələdə oynamağa məcbur oldu. Lakin digər autsayderlərin zəifliyi və gəncəlilərin inadkarlığı bu komandaya qarşı qurulan planları pozdu.

"Kəpəz" sıradan klub deyil, nə qədər zəifləsə də, adı-sanı var. Belə komandalar azarkeşləri ilə birgə heç vaxt autsayderliklə barışmazlar. "Kəpəz"ə nə qədər süni maneələr yaradılsa da, çətinliklə də olsa vəzifələrin öhdəsindən gəldilər. Klub tərəfindən imkanlara uyğun minimal şərait yaradılsa da, burada baş məşqçi Tərlan Əhmədov faktoru və futbolçuların əzmkarlığı bir nömrəli rol oynadı. Tərlan bəyi müəyyən gedişlərində haqlı olaraq tənqid etsək də, "Kəpəz"in elitada yerini qoruması təcrübəli mütəxəssisin adına yazılmalıdır. İstəyimiz də odur ki, Əhmədov etdiyi səhvlərdən nəticə çıxarsın, daha da inkişaf etsin. Artıq yaşı 50-ni ötüb, futbolla yanaşı, yetərincə həyat təcrübəsi var... "Kəpəz" rəhbərliyinin baş məşqçiləri ilə yollarının ayrılması növbəti mövsüm üçün bağışlanmaz addım olar. Ən yaxşı, hər iki tərəfin təkkəbbürlükdən əl çəkib ortaq məxrəcə gəlməsidir.

Eşafotda ikinci ad "Səbail"dir - bildirilmişdi…

"Gəmiçilər"in elitanı tərk etməsinə heç kim yox deməyəcək. Mahmud Qurbanovun kubok irəliləyişindən sonra da bağışlanmaması, Şahin Diniyevin gətirilməsi vəziyyəti düzəltmədi. "Səbail" elitada yerinin qorunması naminə çox çalışmalı, çox düşünməlidir" - qeyd edilənlər öz aktuallığını qoruyub saxlayır. Rəqiblərinə nisbətdə yetərincə büdcəsi olan klub burulğanlarda fırlanır. Şahin Diniyev demiş, "Səbail" son turda ölüm-qalım savaşına çıxacaq. Futbolpress.az bu detala vurğu edərək hələ martın əvvəlində təhlillər aparsa da, çempionatda ən yaşlı çalışdırıcı indi duyuq düşüb, son tur öncəsi imdad edir, VAR-n həqiqi varlığının olmasını istəyir, dolayısıyla, AFFA, PFL, Hakimlər Komitəsini "final" matçına dəvət edir, hakim idarəçiliyinin yerində olmasını tələb edir. Bir xalın yetərli olacağına baxmayaraq, təşviş, narahatlıq hiss olunmaqdadır. İstənilən halda Şahin Diniyev "Səbail"in Premyer Liqada yerini qoruyacağına söz verib…

“Sumqayıt” layihəsi…

"Sumqayıt" gənclik şəhərinin təmsilçisindən daha çox bir layihə klubudur. "Milli komanda üçün futbolçu yetişdiririk" - iddiası ilə illəri yelə verən, vaxtilə sonuncu pillədə məskunlaşsa da, Premyer Liqanı tərk etməyən bu klub sanki "odda yanmaz, suda batmaz" olub. Lakin dövran dəyişir, indi APL- də qalmaq məcburiyyətdir və bunu bacarmaq lazımdır. Sumqayıtda yeni stadion da hazırdır. Əlamətlər deyir ki, güclülər sırasından qopmaq heç yerinə düşməz. Yalançı “yerli futbolçulardan ibarət komanda” statusunu da itiriblər. Riad Rəfiyevin strategiyasına görə qapılar legioner futbolçuların üzünə açılıb. Baqanı əvəzləyən Samir Abasov da bunun əleyhinə deyildi. Layihə müəllifləri də "Sumqayıt"ın aşağı yuvarlanmasını istəməz".

4 autsayder arasında qayğıdan məhrum olmayan tək klub "Sumqayıt" görsənirdi.

Mülahizələrimiz yüz faiz öz təsdiqini tapdı. Samir Abasovun ilk vaxtlar məğlubiyyətlərdən sonra çılğın açıqlamaları, futbolçuların inamsızlığı komandanı çalxalamışdı.

Dönüş nöqtəsi Gəncədə baş verdi. Barış Şimşəkin səhərə qədər yatmadığı, VAR-n isə yatdığı  epizodda ofsayddan vurulan 3 xallıq qol sumqayıtlıların taleyini demək olar, həll etmiş oldu və 3 ay öncəki ehtimallarımızı tam isbatlamış oldu. İstənilən halda bütün komandaların məşqçi və futbolçularının əziyyətini  yerə vurmaq olmaz. Yerə vurulanlar futbolu şahmata, bəlkə də bəsitliklə damaya  çevirənlərdir...

“Şamaxı”vari bəraət/bəhanə…

"Dörd komanda arasında ən rahat mövqedə "Şamaxı"dır. Premyer Liqanı tərk etsələr, futbol adına böyük faciə sayılmayacaq. Buna rəğmən sona qədər döyüşürlər. Dəstək də yerində… AFFA prezidenti Rövnəq Abdullayevin İnfantini ilə görüşdən iki gün əvvəl Şamaxıda görünməsi çox mətləblərdən xəbər verir”.

"Şamaxı" süni klub obrazını xatırladır. Rayon İcra Hakimiyyəti komandaya dəstək verir, amma klub şamaxılaşa bilmir. Şamaxı azarkeşlərinin Gəncə, Tovuz, Sumqayıt tərəfdarlarına çatmasına, təşkilatlanmasına hələ çox var. Yerli futbolçu strategiyası adı altında manipulyasiya, klub rəhbərliyinin naşılığı, yersiz bəyanatları təcrübəsiz Cavid Hüseynov/Vüqar Əsgərli tandeminə, döyüşkən futbolçulara da mane olur. Mənasız bəyanatlar, milliyə futbolçu hazırlamaq gedişləri necə də vaxtilə liqanı tərk etməyən keçmiş "Sumqayıt"ı xatırladır. Elçin Usub klubun Premyer Liqanı tərk edəcəyi halda faciə olacağını bildirmişdi. Son şansdır, heçə-heçəyə şansın olmadığı son şans…

"Dördlük" "iki"liyə çevrilib artıq. Son matçda kim elitada yerini qoruyacaq, kim “2" alacaq, bunu zaman göstərəcək. VAR-sız Diviziona yuvarlanmaq təhlükəsi, VAR-lı elitada qalmaq çabaları. Son turdan sonra Pirqulu meşələrində aydın səmalı ulduzlar bərqərar olacaq, yoxsa qara buludlar dolaşacaq. "Gəmiçilər" gəmilərini sakit Xəzərdə üzdürəcək, yoxsa fırtınalar gəmiləri Şirvanşahlar kompleksi önündə sahilə çırpacaq. İşini çətinləşdirənlərə, son tura saxlayanlara var olmaq yolunda VAR-lı müdaxilələrlə bunu etmək asan olmayacaq.

"FutbolPress"


oxunma sayı: 1297 | Paylaş:




?>