')

Bu gün:


FutbolPress.Az | Azərbaycanda karate: " Çalışırıq ki, gələcəkdə dünya və Avropa çempionlarımız çox olsun"

Azərbaycanda karate: "Çalışırıq ki, gələcəkdə dünya və Avropa çempionlarımız çox olsun"


oxunma sayı: 1164 Paylaş:

FutbolPressKarate silahsız döyüş sənətidir. Sözün hərfi mənası yapon dilində karate-do - "kara" - boş, "te" - əl, "do" - yol deməkdir. İfadənin mənası silahsız əlin yoludur.

Karatenin tarixi XX əsrin əvvəllərinə aiddir. İlk dəfə Yaponiyanın Okinava adasında yaranan bu idman növü dünya müharibələri səbəbindən durğunluq yaşayıb. Yaponiya döyüş sənəti sayılan karate İkinci Dünya müharibəsi başa çatdıqdan sonra geniş yayılmağa başlayıb. Bu növlə bağlı ilk yarış Yaponiyada təşkil olunub. 1957-ci ildə Tokioda karate üzrə Ümumyaponiya çempionatı keçirilib. İlk Avropa çempionatı Fransada (Paris), dünya çempionatı isə Tokioda olub.

Azərbaycanda karate

Karatenin Azərbaycanda daha geniş populyarlıq qazanması müstəqillik illərinə təsadüf edir. 1994-ci ildə Azərbaycan Milli Karate Federasiyası yaradılıb. Quruma hazırda Yaşar Bəşirov rəhbərlik edir. O, karate üzrə dünya və Avropa çempionu olub, əməkdar idman ustası adını qazanıb. Azərbaycan Karate Federasiyası 1997-ci ildən Dünya Karate Federasiyasının (WKF) da üzvüdür. 

Azərbaycan karateçiləri dünyada adından söz etdirməyi bacarıb. Kişilərdə Rafael Ağayev, qadınlarda isə İrina Zaretska bu növ üzrə dünya reytinqində ilk sıralardadır. Rafael Ağayev 5 dəfə dünya çempionu olmaqla qırılması çətin olan dünya rekorduna da imza atıb.

Hazırda ölkəmizdə bu sahəyə maraq günü-gündən artır. İdmançılarımızın beynəlxalq arenada əldə etdikləri uğurlar gənc nəsli daha ruhlandırır. Karate digər idman növləri kimi gənclərin fiziki tərbiyəsində, onların intizamlı, layiqli övlad kimi yetişməsində də müstəsna rol oynayır.

"Karate tərbiyə və intizam cəhətdən idmançının həyatında mühüm rol oynayır"

Karatenin gənclərin fiziki tərbiyəsinə təsiri və onların inkişafında rolu, ölkəmizdə bu sahənin mövcud durumu ilə bağlı qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Şahin Xudaverdiyevlə danışdıq. Xudaverdiyev ilk olaraq bu idman növünün gənclərin fiziki tərbiyəsinə təsirindən söz açdı:

- Karatenin gənclərin fiziki tərbiyəsində oynadığı rol nədən ibarətdir?
- Karate fəlsəfi idman növüdür. Burada tərbiyə çox önəmli rol oynayır. Ona görə bu sahə ilə məşğul olanların 99 faizi tərbiyəli böyüyür. Düzdür, bəzən ola bilər ki, kimsə qeyri-etik davranış göstərə bilər. Amma məşq prosesi zamanı intizam önəmlidir. Yarışlarda da bununla bağlı ciddi qadağalar var. Karate tərbiyə və intizam cəhətdən idmançının həyatında mühüm rol oynayır. Həm də burada bütün əzələ sistemi işləyir. Əl, ayaq aktiv olur, eyni zamanda isinmə hərəkətları zamanı ginmastik hərəkətlər edilir və bu isinmə gənclərin sağlamlığına və fiziki durumuna çox yaxşı kömək olur.

- Qızlardan ibarət milli komandaya rəhbərlik edirsiz. Xanımların karateyə olan marağı necədir?
- Son zamanlarda qızların marağı daha da artıb. Beynəlxaq yarışlarda medal qazananlarımız var. Həm də zədəsiz idman olduğu üçün qızlar daha çox bu sahəyə maraq göstərir. Müxtəlif yaş qruplarında dünya və Avropa çempionu olan qızlarımız var. Onlar arasında da bu sahəyə həvəs var və inkişaf gedir.



- Azərbaycan Karate Federasiyası tərəfindən yaradılan şərait sizi qane edirmi, hansı çətinlikləriniz var?
- Federasiya tərəfindən lazım olan şərait yaradılıb. “Ask Arena”da mərkəzimiz var. Federasiya tərəfindən zal ayrılıb və məşqlərimizi orada davam etdiririk. Bazamız gözəldir, hər şəraitimiz var. Şərait baxımından heç bir çətinliyimiz yoxdur. Bu şəraitdən istifadə edib beynəlxalq turnirlərdə yaxşı nəticə verməyə çalışırıq. Buna qədər heç bir yarışdan əliboş qayıtmamışıq. Daha əvvəl Avropa Oyunlarına üç idmançı ilə qatılmışıq və ik gümüş qazandıq. Bunların hamısı federasiya tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.

"Çalışırlar ki, gənc nəsil yaxşı yetişsin və beynəlxalq arenada ölkəmizi uğurlu təmsil etsinlər"

- Hazırda ölkəmizdə karatenin durumunu necə şərh edərdiz?
- Karateyə böyük maraq var. Sağlam idman növüdür və axın çoxdur. Perspektivli idmançılarımız artmaqdadır. Son dünya çempionatında gənclərimiz yaxşı medallar qazanıb, gözəl nəticələr əldə edilib. 10 milyonluq xalqıq və 100 milyonluq ölkələrdən daha yaxşı nəticələr əldə edirik. Bunlar ölkəmizdə karateyə olan həvəsi artırır. Savadlı məşqçi və hakimlərimiz var. Federasiya tərəfindən hərtərəfli göstərilir. Çalışırlar ki, gənc nəsil yaxşı yetişsin və beynəlxalq arenada ölkəmizi uğurlu təmsil etsinlər. Vəziyyət normaldır. Son aylar bir az maddi çətinliklərimiz var və bunlar da inşallah, aradan qaldırılar. Sponsorumuz var idi və bütün yarışlarda iştirak edirdik. Karatedə əsas rol oynayan reytinqdir və ilk "32-lik"də olmalıyıq. Bura düşməsən, bəzi yarışlarda iştirak edə bilmirsən. Növbəti Avropa Oyunlarına 8 idmançımız lisenziya qazanıb. Bu, yaxşı göstəricidir. Federasiya tərəfindən də köməklik olur. Çətinliklər hər zaman olur, məşqlərimizi davam etdiririk və Avropa Oyunlarına hazırlaşırıq.



- Azərbaycanda karate deyiləndə ağıla gələn ilk ad Rafael Ağayevdir. Yeni ağayevlərin yetişməsi üçün nələr lazımdır?
- Əlbəttə, Rafael bu sahənin "bir nömrəsi"dir. Bizim Rafael kimi idmançılarımız yetişir. O, karatenin briliantıdır, canlı tarixdir. Rafaelin bacardığını hələ edən yoxdur. Gələcəkdə onun kimi birinin olub-olmayacağını demək çətindir, amma yaxşı nəticə verən idmançılarımız var. Ondan başqa dünya, Avropa çempionlarımız da olub və hazırda məşqlər keçirirlər. Şahin Atamov, Ayxan Mamayev, Asiman Qurbanlı, Niyazi Əliyev, Firdovsi Fərzəliyev və qızlarımızdan İrina Zaretska, Mədinə Sadıqova var. İrina əslən ukraynalı olsa da, uzun müddətdir ölkəmizi Avropa arenasında layiqli təmsil edir. İnşallah, gələcək nəsil də sağlam yetişər, vətənə layiq olar, bayrağımızı dünyanın hər yerində dalğalandırarlar.

- Karatenin uğurlu inkişafına səbəb amillər nələrdir?
- Əvvəla, ölkəmizdə karatenin təməli düzgün qoyulub. Hazırda da milli komandalarda çalışan bütün məşqçilər kifayət qədər təcrübəli və savadlıdır. Bilik və təcrübə inkişafı gətirən amillərdəndir. Çalışırıq ki, gələcəkdə dünya və Avropa çempionlarımız çox olsun.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1164 | Paylaş:




?>