')

Bu gün:


FutbolPress.Az | “Yekun qərarı İcraiyyə Komitəsi verəcək”? – ölkə futbolunu sual altına salan vəziyyət  (TƏHLİL)

“Yekun qərarı İcraiyyə Komitəsi verəcək”? – ölkə futbolunu sual altına salan vəziyyət  (TƏHLİL)


oxunma sayı: 2227 Paylaş:

FutbolPressFinişə iki tur qalıb.

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında komanda sayı neçə olacaq?

Liqanı heç kim tərk etməyəcək, idman prinsiplərinə riayət olunacaq, yoxsa komanda sayı 12-ə qaldırılacaq...

Bütün bunlar son günlərin müzakirə mövzusudur. "Zaqatala"ya lisenziyanın verilməsi  məsələyə yanaşmaları qismən dəyişib.  Futbolpress.az olaraq AFFA-nın baş katibi Sərxan Hacıyevə, PFL-n vitse-prezidenti Aslan Şahgəldiyevə, müstəqil ekspertlərə tribuna verdik, məsələylə bağlı fikirlərini öyrəndik, oxuculara çatdırdıq. Digər media orqanları da assosiasiya rəsmiləri,  vitse-prezident Vaqif Sadıqov, PFL-in prezidenti Elxan Səmədovun münasibətini öyrəndilər. Jurnalist həmkarlar  həmişə olduğu kimi mövzuya biganə qalmadılar, arqumentlərini qələmə aldılar, düşüncələrini səsləndirdilər.

Ümumi gedişatı/mənzərəni müşahidə etdikdə maraqlı məqamlarla üzləşdik. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ölkə futbolunda təhlillərə az yer verildiyini dilə gətirmişdi. Ölkə futbolunda əhəmiyyətli qərarlar verilərkən onların təhlili, fundamental müzakirəsində axsamaların olduğu aşkardır. Sadıqovun da qabartdığı məhz bu amildir. Nə ictimai fikir yükü, nə mütəxəssis rəyləri ölkə futbolunda lokomotiv rolunu oynaya bilmir. Ümumiyyətlə, Azərbaycan futbolunun analitik araşdırma mərkəzlərinə ehtiyacı var.


Haşiyə çıxaraq bildirək ki, APL-də komanda sayı ilə bağlı müzakirələr yeni deyil.  Cari mövsümün əvvəllərində Premyer Liqanı bir komandanın tərk edəcəyi qərarı açıqlananda o qədər də müzakirə edilmədi. Hamı özünə arxayın idi. Ta ki autsayderlər arasında vəziyyət gərginləşənədək. Haciyev bu məsələyə yenidən qayıdanda, qərarın mütləq tətbiq ediləcəyini vurğulayanda bəzi klublar təşvişə düşdü. Məsələn, “Şamaxı” kimi – “Premyer Liqanı tərk etmək bizim üçün faciə olar”...
Daha sonra "Səbail"in baş məşqçisi Şahin Diniyev önə çıxdı. APL-i tərk edəcəkləri halda işsizlikdən, aclıqdan, çörəkdən danışan çalışdırıcının təklifi bu oldu ki, liqanı heç kəs tərk etməsin. Həmkarları Samir Abasov, Cavid Hüseynov/Vüqar Əsgərli tandemi də səsə səs verdi. Son pillələrdən uzaqlaşan Tərlan Əhmədov da sığortalama mövqeyini tutdu...
 
 Komandalarda əsasən baş məşqçilər səviyyəsində münasibət bildirilirdisə, "Şamaxı" daha da irəli  getdi, klub olaraq bəyanat yaydı. Sanki bu cinahda proses görünməz mərkəzdən idarə olunur. Maraqlısı odu ki, autsayderlərin təşvişinə səbəb olan məsələ barədə digər klublar, baş məşqçilər münasibət bildirmədilər. Hərə öz işi, qarşılarında duran vəzifələri ilə məşğul idi...

Hətta buyaxınlarda növbəti iclasında Klublar Komitəsi də məsələnin üstündən sükutla keçdi. Son pillələrdə qərarlaşanların “damar yoxlaması”, manipulyativ gedişləri baş tutmadı. Hər halda, autsayderlərin “ağlaşmasının” nə dərəcədə təsiredici olması  AFFA İcraiyyə Komitəsinin son qərarında məlum olacaq. Baş katib sonuncu pillədəkinin liqanı tərk edəcəyini nə qədər təkrarlasa da, son açıqlamalarında dolayısıyla hələ yekun qərarın verilmədiyini, bunun məhz AFFA İK-ya məxsus olduğunu açıqladı.

Maraqlısı odur ki, sözügedən “ağlaşma” prosesində neytral qalan, fikir bildirməyən  AFFA, PFL rəsmiləri indi eyni mövqedən çıxış edir, bir ağızdan danışır. Hamısında da – “Yekun qərar AFFA İK-ya məxsusdur” avazı... Bir növ, zamanında ictimai fikrin gedişatını izlədilər, zamanı yetəndə uyğun mövqe sərgiləndi. Ağıllı gediş idi...

Divizionda "Araz Naxçıvan"ın qalib olması ilə müzakirələr  yenidən gündəmə gətirildi. Artıq bir qədər ehtiyatla da olsa idman prinsipləri yenidən önə çıxmağa başladı. Lisenziya qərarlarından sonra 12 komandalıq liqa söhbətləri qızğın müzakirə edilməyə başlanıb. Bir ağızdan hamı APL-də klub sayının artmasını  istəyir. Azərbaycan futbolunda nadir rast gəlinən yekdillik mənzərəsi yaranıb. Əsasən də AFFA, PFL rəsmiləri ilə ekspertlər, ümumilikdə, azarkeşlər, futbol ictimaiyyəti, elə həmkarlarımız da əsasən bölgə klublarının çoxalmasının tərəfdarıdır.

Əcəba, nələr baş verir? Finişə doğru yaxınlaşdıqca  müzakirələrin mərkəzinə məhz liqada komanda sayının artması arqumenti keçirsə, bu, nəyin əlamətidir? 2024 AFFA-da prezident seçkisi ilidir; şifrələnmiş, gizli qalmağı tərcih edən hansısa qüvvə artıq tərpəniş nümayiş etdirir, inisiativi ələ alır,  yoxsa həqiqətən futbolun taleyini düşünməyə başlayıblar...


Son zamanlar səsləndirilən aktual fikirləri bir daha vərəqləyək. Əgər Tahir Süleymanovun geniş və məntiqli təhlillərinə, AFFA-nı bariz tənqid etməsinə, təkliflərlə çıxış etməsinə alışmışıqsa, Ağasəlim Mircavadovun, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun əsaslandırılmış açıqlamaları da diqqət çəkir. Nadir hallarda müxtəlif mövqeli insanların fikirləri üst-üstə düşər...

Axı elə həmin Sadıqovun, Mircavadovun və bir çoxlarının millinin baş məşqçisi ilə bağlı müzakirələrdə Qurban Qurbanova, Canni De Byaziyə münasibətdə hansı mövqedə olduqlarını, məsləhətə uyğun hərəkət etdiklərini  görmüşük.
Əks qütblü fikirlərin müəllifləri arasında Premyer Liqa, Divizionla bağlı açıqlamaların oxşarlığı nədən xəbər verir?

Yoxsa artıq AFFA-da sərbəstlik yaradılıb? Olaya, nəzarət, bir əldən idarəolunma zəifləyib?

***

Məsələni daha dərindən araşdırdıqda vəziyyətin heç də göründüyü kimi ürəkaçan olmadığı məlum olur. AFFA, PFL rəsmilərinin "Yekun qərarı İcraiyyə Komitəsi  verəcək" açıqlamaları çox mətləblərdən xəbər verir... Hamı bilir ki, son qərarı AFFA İK verir, amma saqqız kimi çeynəmək, təkrar-təkrar vurğulamaq pozitiv  düşünməyə mane olur. Deməli, yenə İK-dan “sürpriz” çıxa bilər, ilboyu deyilənlər icra edilməyə bilər...

Məsələn, PFL-in prezidenti Elxan Səmədov keçmişə, gələcəyə tərifi yağdırıb, lakin şikayət də edir. ”Qərarı biz vermirik” əzbərini o da söyləyir, ancaq xatırladaq ki, İK-də PFL-ə məxsus 30-40% kvota var. Mülahizələrini irəli sürərkən bu məqamı da bilərək danışsa, daha yaxşı olar.  Gəlişigözəl sözlərlə bütün məsuliyyəti İK-nın üzərinə yönəltmək nə demək... Sərxan Hacıyev də PFL rəhbərindən geri qalmır, sabah üçün əlyeri qoyur – “Yekun qərarı İcraiyyə Komitəsi verəcək”. Axı AFFA-nı idarə edən, müxtəlif layihələr ortaya qoyan, danışıqlar aparan, məhsulu ortaya qoyan sizsiniz.  O komitənin qarşısına hazır materiallar düzülür və əl qaldırmaq üsulu ilə qərar verilir. Son bir ay içində qərarlarını dəyişən, Klublar Komitəsi bəyanatından sonra geri çəkilən AFFA İcraiyyə Komitəsindən getmirmi söhbət? Niyə idman prinsiplərinin qorunması mövzu olarkən İK bu qədər əhəmiyyətə mindirilir, hər şey onların üzərinə atılır/ixtiyarına verilir ki? Bunun bir manipulyasiya metodu olmadığına inanmaq istəyirik.


APL-in sonuncusunun liqanı tərk etməsi, Divizion qalibinin elitaya yüksəlməsi, liqada komanda sayının 12-yə qalırılması və s. mühüm, taleyüklü müzakirələrdə yekun qərarı  Elmar Məmmədyarov, güləşçi Fərid Mansurov, "şahmatçı" Mahir Məmmədov, Azərbaycan dilinə hörmətsiz yanaşan, yuxarıdan nə desələr əl qaldıran Kazbek Tuayev verəcək? Görünən odur ki, Azərbaycan futbolunun məsuliyyətini daşıya biləcək insanlar hələ AFFA-ya gəlməyib.

Hamı gözləmə mövqeyindədi, yerlərin  qorunmasına çalışılır, növbəti seçki ili gözlənilir..
Biz də işimizə uyğun bütün tərəflərə tribuna verdik təhlilimizi etdik. Gözləyək, görək proseslər futbolumuzu haralara aparır.

“FutbolPress”
 


oxunma sayı: 2227 | Paylaş:




?>