')

Bu gün:


FutbolPress.Az | "Bu psixologiya ilə böyüyən uşaqlar gələcəkdə sağlam düşüncədə olur"

"Bu psixologiya ilə böyüyən uşaqlar gələcəkdə sağlam düşüncədə olur"


oxunma sayı: 1530 Paylaş:

FutbolPressCüdo XIX əsrdə yaranmış idman növüdür. Vətəni Yaponiya olan bu növün təməlini Ciqaro Kano qoyub.

Müəllim kimi çalışan Kano gənclərin fiziki və mənəvi tərbiyəsini ciddi şəkildə düşünüb və qənaətə gəlib ki, gənclərə zərbəsiz və zədələnmələri minimuma endirən idman növü lazımdır. Ciqaro bundan sonra ciu-citsudan zədə yaradacaq fəndləri və zərbələri çıxarıb cüdonun təməlini qoyub.

Azərbaycanda bu sahənin yayılması XX əsrə aiddir. SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi 1972-ci ildə cüdonun yayılması ilə qərar qəbul edib və bundan sonra ölkəmizdə bu sahə üzrə müxtəlif yarışlar təşkil edilməyə başlayıb. Məhz həmin ildə Respublika Cüdo Federasiyası yaradılıb.

Azərbaycan cüdosuna adını yazdıranlar

Azərbaycan cüdoçuları arasında ilk idman ustasını qazanan Sahib İsmayılovdur. Qızlar arasında isə Arzu Atayeva ötən əsrdə bu ada layiq görülüb. Müstəqil Azərbaycanın bayrağını beynəlxalq arenada ilk dalğalandıran Nazim Hüseynon olub. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

XXI əsrdə cüdo daha inkişaf edib və beynəlxalq arenada müxtəlif nailiyyətlər əldə edilib. 2008-ci ildə Elnur Məmmədli Pekin Olimpiadasında qızıl, Mövlud Mirəliyev bürünc medal qazanıb. 2013-cü ildə isə Elxan Məmmədov dünya çempionu olmaqla adını Azərbaycan cüdosunun tarixinə yazdırıb. Cüdoda sonuncu böyük uğurumuz 2016-cı ilə təsadüf edir. Rüstəm Orucov və Elmar Qasımov Rio Olimpiya Oyunlarında gümüş medal əldə edib.



Azərbaycan cüdosu son illərdə geriləməkdədir. Bir neçə gün əvvəl Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında cəmi bir medal qazanılıb. 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev "bürünc" qazanıb. Digər idmançılarımız isə ümidləri doğrulda bilməyib.

"Tələbələrimizə öz övladımız kimi yanaşır, onları sevirik"

Azərbaycan cüdosunun hazırkı durumu ilə bağlı, məşq prosesləri, uşaqların inkişafı ilə bağlı cüdo müəllimi Mirzə Əsgərov ilə danışdıq. 2 saylı Respublika Olimpiya Ehtiyatı Uşaq Gənclər İdman Məktəbində müəllimlik edən və “Qəbələ” İdman Klubunun məşqçisi olan Əsgərov cüdoçu kimi bir sıra uğular əldə edib. O, dəfələrlə Azərbaycan çempionu olub, gənclər arasında dünya birinciliyində iştirak edib. İdman ustası adını qazanan Əsgərov 8 ildir məşqçilik edir. O, hazırda 7 yaşdan yuxarı uşaqlarla çalışır:

“Əsasən 7 yaşdan yuxarı uşaqlarla çalışırıq. Demək olar, hər yaşda olan tələbələrimiz var. Peşəkar məşqçilərik və yaxşı komandamız var. Öz işimizi bilir, özümüzə hörmətlə yanaşırıq. Bizim üçün əsas olan ilk növbədə sağlam ruhda idmançılar yetişdirməkdir. İşimizin xüsusi sirri yoxdur. Tələbələrimizə öz övladımız kimi yanaşır, onları sevirik. Uşaqlarımıza necə davranır, onlarla necə rəftar ediriksə, məşqdə də belə olur. Ona görə tələbələr də bizi öz valideynləri, böyük qardaşları kimi sevir”.



Böyüklərlə müqayisədə uşaqlarla işləmək fərqlidir. Onlara sirrləri öyrətmək, maksimum dərəcədə nəzakətli davranmaq işin təməlidir. Əsgərov azyaşlılarla iş zamanı sevgi və diqqətin ön plana çıxdığını vurğuladı:

“Uşaqlarla böyüklərin məşqlərində fərqlər var və bu, olmalıdır. Balacalarla məşq zamanı onlara daha çox sevgi göstərməli, diqqət etməliyik ki, uşaq da bu sevgini hiss etsin, həvəslə yanaşsız. Məşqlərdə səbirli olmaq lazımdır. Tez-tez məşqdaxili yarışlar keçirir, onlara hədiyyələr veririk. Bununla da idmançı uşaq yaşlarından cüdoya bağlanır, daha çox həvəs və istəklə çalışır. Ona göstərilən sevginin qarşılığında bizə daha çox hörmət edirlər”.

İdmanda uşaq psixologiyası


Bir müddət əvvəl sambo məşqi zamanı azyaşlı uşağın xəsarət alması nəticəsində vəfat etməsi bütün idman ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu. Bu, xüsusilə, gənclər idman məktəblərində məşq proseslərinə ciddi nəzarətin vacibliyini ön plana çıxardı. Əsgərov məşq zamanı bəzən uşaqları danladıqlarını, amma bunun onlara problem yaratmadığını bildirdi. Bunun əsas səbəbi isə əvvəlcədən məşqdə müəllim və tələbə arasındakı xoş münasibət, qayğıdır:

“Düzdür, bəzən məşqdə olur ki, uşaqları danlayırıq. Amma onlara göstərdiyimiz sevgi, qayğı nəticəsində danlamağımız onlara şirin gəlir. Bilirlər ki, biz onların yaxşılığı üçün bəzi şeyləri tələb edirik. Bu psixologiya ilə böyüyən uşaqlar gələcəkdə sağlam düşüncədə olur və cüdoçu kimi yaxşı yetişirlər”.



Vaxtilə Azərbaycan çempionu olan, beynəlxalq arenada müxtəlif medallar qazanan cüdoçu uşaqlarla işləməyin çətinliklərindən də bəhs etdi:

“Həqiqətən, uşaqlarla işləmək çox gözəldir. Düzdür, çətinliklər olur, amma işini sevirsənsə, bunlar sənə asan və maraqlı gəlir. Gələcəyin idmançıları, məşqçiləri, idman məktəblərindəki müəllimləri bizim yanımızdan çıxır. Buna görə onları düzgün və ədalətli tərbiyələndirməliyik ki, böyüyəndə problemlər yaşamasınlar. Tək idmanda deyil, hər sahədə baza yaxşı qurulmalıdır. İdmançı gücünün olması ilə yanaşı, düzgün tərbiyə edilməli, sağlam ruhda böyüdülməlidir. Bizim tək məqsədimiz budur. Cəmiyyətə, ölkəyə düzgün fikirli, sağlam idmançılar böyütməkdir ki, onlar da gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etsinlər”.

Mirzə cüdonun gənclərin fiziki tərbiyəsində oynadığı roldan da danışdı. O, digər idman növləri kimi, bu sahənini yeniyetmə və gənclərin sağlam böyüməsində xüsusi rolu olduğunu vurğuladı:

“Hər idman sahəsində olduğu kimi cüdo da gənclərin fiziki tərbiyəsində böyük rol oynayır. Onları sağlam ruhda, sağlam bədəndə formalaşdırır, intizamlı olmağı öyrədir. Bizim məşqlərdə uşaqlara aşılamaq istədiyimiz bunları onlarda formalaşdırmaqdır. İntizamlı, düzgün fikirdə yetişən gənc həm vətəni, həm milləti üçün layiqli olacaq. Bunun üçün uşaqların erkən yaşlardan idmana qoyulması, onların hansısa bir sahə üzrə inkişafı mühüm amillərdəndir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1530 | Paylaş:




?>