')

Bu gün:


FutbolPress.Az | "Uşaq futbolunda problem məşqçilərdə deyil" (MÜSAHİBƏ)

"Uşaq futbolunda problem məşqçilərdə deyil" (MÜSAHİBƏ)


oxunma sayı: 1302 Paylaş:

FutbolPressFutbol məşqçisi olmaq üçün xüsusi idman təhsili tələb olunmur. Yaşı 18-dən yuxarı olan istənilən şəxs kurslara qatılıb, lisenziya aldıqdan sonra bu sahə üzrə fəaliyyə başlaya bilərlər.

Məşqçilik üçün UEFA-nın müəyyən etdiyi müxtəlif kateqoriyalar tələb edilir. Bu, uşaq, yeniyetmə və böyüklərin futbolu üçün fərqli lisenziyalardır.

İlkin mərhələ C kateqoriyasıdır ki, bu lisenziya sahibi uşaq futbolunda məşqçilik edə bilər. Yeniyetmələr üçün B, böyüklərin futbolunda köməkçi məşqçilik üçün A, böyüklərin futbolunda isə Pro kateqoriyaları tələb olunur.

Məşqçilər üçün təşkil edilən kurslar ilə bağlı UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının təlimatçısı Aslan Kərimovla söhbətləşdik:

- UEFA-nın müxtəlif kateqoriyalı məşqçi kursları üçün tələblər nədir? 
- Kurslarda iştirak üçün cüzi sənədlər lazımdır. İştirak etmək istəyənin 18 yaşı olmalıdır ki, sabah məşqçilik edəndə valideynlər onlara uşaqlarını etibar edə bilsin. Kurslarda iştirak üçün ali təhsil önəmli deyil. Bir də bizim üçün vacib aspektlərdən biri sağlamlıq haqda arayış və pedofiliya (uşaqların cinsi istismarı) ilə bağlı məhkumluq sənədidir. Bir neçə il əvvəl Argentinada akademiyaların birində məşqçi uşaqlara qarşı təcavüzkar davranış edib. Bundan sonra UEFA qərar verdi ki, kurslarda hər kəs - məhkumluğu olanlar da iştirak edə bilər, bircə pedofiliya ilə bağlı məhluğu olanlar yoxdur. Bu, C lisenziyası üçündür əsas, çünki bu kateqoriya uşaqlarla məşğul olur. Sənəd təqdimatından sonra müsahibə mərhələsi olur. B kateqoriyasına gəlmək istəyənin mütləq şəkildə C lisenziyası və azı bir il iş təcrübəsi olmalıdır. C lisenziyasında iştirak edənlər bizə müqavilə ilə birdilməlidir ki, uşaq futbolunda işləyəcək. Yəni, o, kursda oxuya-oxuya məşq də keçməlidir. Çünki kurslar reallığa əsaslanır. İştirakçılar hazırlıq zamanı məşqçilik də etməlidir.

- Kursu bitirən hər kəs lisenziya ala bilir?
- Kursu bitirənlərin hamısı lisenziya ala bilmir. Bəlli tələblər var və kimi keçir, kimisi yox. İki imtahan olur - formativ və summativ. Summativ onun keçdiyi kurs yoludur. Formativ isə praktiki və şifahi formada imtahanlardır. Demək olar ki, elə bir kursumuz olmayıb ki, hamı lisenziya alsın.

- İmtahanlar hansı formada təşkil edilir və əsas götürülən meyarlar nələrdir?
- Bir iştirakçı kursa başlayandan bitirənə qədər müəyyən bir yol keçir. C lisenziyası üçün minimum 45 gün hazırlıq keçilməlidir. Bu, ölkələr üçün fərqlidir. Məsələn, Niderlandda bu kurslar bir mövsüm çəkir. Kurs müddətində 3-4 günlük modullar olur. Həm nəzəri, həm praktiki olur. Nəzəriyyədə danışılanları iştirakçılar öz komandalarında təcrübədən keçir, öyrəndiklərini əlaqələndirirlər. İştirakçılar bir-birilərinin məşqlərində iştirak edirlər. Onlar təcrübə proseslərini videoformatda hazırlayır və imtahandan əvvəl bizə təhvil verirlər. Hansısa iştirakçı bu yolu yaxşı keçməyibsə, artıq son imtahana girməyinin mənası qalmır. Əksinə, 45 günü daha yaxşı keçirib və onda artım görünübsə, amma son imtahanda olası bir həyəcana baxmayaraq, müəyyən nüanslara göz yuma bilirik. B lisenziyası minimum 3, A lisenziyası isə 6 aydır. Son mərhələ - Pro kateqoriyası isə bir mövsüm davam edir.



- Kurslarda tədris hansı formada aparılır?
- UEFA-nın tədrislə bağlı bir neçə yolu var. Onlar keçmiş təcrübələrinə istinad edib nələrsə öyrənə bilərlər. Kiçik qruplarla işləməlidirlər. Keçmişdə bir nəfər olur, çıxıb danışır və digərləri onu dinləyirdilərsə, indi biz sual qoyuruq və iştirakçılar bunu araşdırıb, öz həmkarları ilə müzakirə edirlər. İştirakçılar daha aktiv olmalıdır. Bizim prioritetlərimizdən biri nəzəriyyənin praktikaya çevrilməyidir. Danışmaq yox, hərəkət etmək lazımdır. Futbolda bəzən 2+2 hər zaman 4 etmir. Bəzən 3, bəzən 5 olur. Kağız üzərində hər şey fikirləşdiyin kimi olmur. Məsələn, meydançanın bir kənarında 1-in 2-yə bir oyun olsa, düşünərsən ki, 2 nəfər daha şanslıdır, amma görürsən ki, 1 nəfər hər ikisini aldadır. Yəni, kağız üzərində olan üstünlük meydançada fərqli yöndə ola bilir. Məşqçilər nəzəri biliklərini meydançada daha bərkitməlidirlər. Keçmişə nəzərən indiki formatlar daha realdır. Reallığa əsaslananda bizim gördüyümüz işin əsası öyrənməkdir. Biz iştirakçını kursa cəlb edəndə mütləq bir komandasının olmasını istəyirik. Ya uşaq futbolunda, ya yeniyetmələrdə, ya böyüklərdə.

- Tədris zamanı məşqçilərin uşaqlarla davranışları ilə bağlı hansısa dərslər olurmu?
- Əlbəttə, uşaq psixologiyası, onlarla davranış, əlaqə və s. hər mövzu ilə bağlı hazırlıq olur. Bunlar bizim işimizin əsasını təşkil edir.

- Məktəblərdə fiziki tərbiyə tədris edən müəllimlər üçün hansısa kurslar varmı?
- Universitetlərdə çalışan müəllimlər üçün xüsusi bir proqramımız yoxdur. Yenə deyirəm, istənilən şəxs kurslarda iştirak edə bilər. Amma məktəb müəllimləri üçün D kateqoriyası mövcuddur. Çünki məktəblərdə idman dərslərində uşaqlara futbolla bağlı biliklər öyrədilməlidir. Gənclər və İdman Nazirliyi ilə ortaq şəkildə bir layihə başlatmışdıq. Üç günlük kurs idi və idman dərslərində futbol dərslərini necə keçmək olar, kiçik futbol elementləri öyrədilirdi. İdman Akademiyasında isə tələbələr üçün C lisenziyası üçün kurslar keçirilir. Bu lisenziya dünyanın istənilən ölkəsində uşaq futbolunda işləmək imkanı yaradır. UEFA-nın bu lisenziyası dünyanın hər bir yerində qəbul edilir. Biz 4-cü kurslar üçün praktika müddətində istəyənlər üçün kurslar təşkil edirik.

- Azərbaycanda uşaq futbolunun durumu yaxşı deyil. Problemlərdən biri kimi aşağı yaş qruplarında çalışan məşqçilər göstərilir. Bununla bağlı fikirləriniz nədir?
- Kimlər deyir, bilmirəm. Uşaq futbolunda problemlərin olduğu aşkardır. Ancaq bu, tək məşqçilərlə bağlı deyil. Akademiyalara lazımi diqqət ayrılmır, infrastruktur düzgün deyil, hamı bir meydançada məşq edirsə, keyfiyyət olmayacaq. Bəzən görürsən ki, bir komandaya 20 nəfər yığılır. Bu saya 1-2 nəfərin məşq keçməsi istənilən səviyyədə olmur. Kiçik qruplarla çalışmaq lazımdır. Bu zaman isə gərək fərqli meydançalar icarəyə götürəsən və bu, müəyyən məbləğ tələb edir. Uşaq futbolunda problem məşqçilərdə deyil. Aşağı yaş qruplarında uşaqları bölüb, futbol oynatsan, bəs edir. Burada məşqçiyə elə də ehtiyac deyil. Çünki onlar oynayaraq, öyrənəcəklər. Kurs müddətində işləyənlər görürsən ki, çalışır, müxtəlif məşq formaları hazırlayır, uşaqların çatışmazlıqlarını tapırlar. Lakin kurs bitib, özü fərdi çalışmağa başlayanda özlərinə əziyyət vermək istəmirlər. Şablon məşqlər keçirlər və artıq çatışmazlıqlar yaranır. Buna baxmayaraq, yenə də uşaq futbolunda problemin məşqçilərdə olmadığını düşünürəm. 

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1302 | Paylaş:




?>