')

Bu gün:


FutbolPress.Az | “İti zəkamızın” dünyaya çıxışı və Heydər Əliyev fenomeni

“İti zəkamızın” dünyaya çıxışı və Heydər Əliyev fenomeni


oxunma sayı: 1102 Paylaş:

FutbolPress

Azərbaycanda şahmat idman növünün bünövrəsinin qoyulması Ümummilli lider Heydər Əliyevin birbaşa iştirakı, zəhməti, qayğısı sayəsində baş verib.

Ötən əsrin ikinci yarısında şahmat yarışları dünyada sosialist ilə kapitalist düşərgəsi arasında ideoloji mübarizəyə çevrilmişdi.

Bu amil şahmat tacı uğrunda yarışlara marağı artırmışdı. Sovet şahmatçısı Viktor Korçnoyun 1976-cı ildə SSRİ-dən qaçaraq İsveçrədə siyasi sığınacaq istəməsi, qarşıdurmanı son həddə çatdırmışdı...

Daima uzaqgörən siyasəti ilə seçilən Ulu Öndər Heydər Əliyev şahmatın hansı çəkiyə malik olmasını, dünyada baş verən prosesləri gözəl bilirdi. Respublika rəhbərliyini qəbul etdikdən sonra kütləvi bədən tərbiyəsi və idman haqqında qəti qərarlarıyla birgə şahmatın təməlinin qurulması ilə də bağlı xüsusi tədbirlər planı hazırlandı. Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin potensialının yüksək olduğuna özü kimi inanırdı, buna əmin idi. Ona görə təhsil, uşaq yaşlarından gələcək nəslin intelektual  səviyyəsinin artması yolunda əvəzolunmaz addımlar atırdı. Bu yolda zəka oyunu sayılan şahmatın öz yeri olmalıydı. Heydər Əliyev öz nüfuzundan istifadə edərək Moskvadan Azərbaycanın şahmat mərkəzlərinin birinə çevrilməsi razılığını aldı. Bu, göründüyü qədər də asan məsələ deyildi. Ümummilli lider Heydər Əliyev tərəfindən elə bir inkişaf strategiyası seçilmişdi ki, bu, uzun illər Azərbaycan xalqına xidmət etməliydi.

Bünövrənin qurulması

Planlaşdırma, maliyyənin ayrılması, mütəxəssislərin hazırlanması, xüsusi şahmat məktəblərinin inşası prosesi sürətlə həyata keçirilməli idi. 70-ci illərdən başlayaraq, yalnız paytaxtda deyil, bütün bölgələrdə, şəhər və rayonlarımızda şahmat məktəblərinin tikintisinə başlanıldı. Heydər Əliyev zəkası şahmat zəkasını sistemli şəkildə bütün ölkəyə yaydı. Ulu Öndər Azərbaycanın genetik kodunun zənginliyini, dərinliyini mükəmməl bilirdi, dərk edirdi ki, nəticələr özünü çox gözlətməyəcək. 

Zərif ənənənin bünövrəsi

Görülən işlərin nəticəsi olaraq, artıq qısa vaxtda, ilk şahmat pöhrələriözlərini göstərməyə başladı. Sevindirici haldır, bu sırada regionlardan qızlarımız önə çıxdı. Qaxlı Aynur Sofiyeva 1986-cı ildə qızlar arasında SSRİ çempionu, komanda yoldaşları ilə birgə isə sovet xalqları Yay Spartakiadasının qalibi adını qazandı, 1990-cı ildə isə dünyada ilk müsəlman qadın beynəlxalq qrossmeyster adına yiyələndi. Sonrakı illərdə Aynur Sofiyeva digər istedadlı qızlarımız Firuzə Vəlixanlı, İlahə Qədimova ilə qadın şahmat məktəbimizin təməlini qoydular.



Kasparov qismində Azərbaycan tolerantlığı və Heydər Əliyev dühası

Azərbaycanda tolerantlıq bütün dövrlərdə olub; digər xalqlara  bərabər səviyyədə, hətta qonaqpərvərlik tellərinə uyğun, daha yaxşı şərait yaradılıb, özlərini göstərməkdə heç bir ayrı-seçkilik edilməyib. Bədnam qonşularımız nə qədər anti-təbliğat aparsa da, Azərbaycan şahmat məktəbinin dünya şöhrətli yetirməsi, erməni əsilli Harri Kasparov kimi idmançılar nümunədir, düşmənlərin cabalarını alt-üst edir. Nankorluğu ilə seçilən şahamtçının nəinki yetişməsində, hazırlığında, istedadına uyğun imtiyazların yaradılmasında, dünya şahmat tacına yiyələnməsində Heydər Əliyev böyüklüyünün müstəsna xidmətləri olub.

Belə ki, kommunist rejimi ilə ABŞ/Qərb qarşıdurması zəmnində iddiaçıların şahmat tacı yolunda Korçnoyla Kasparovun 1983-cü ildə keçiriləcək yarımfinal qarşılaşması siyasi motivlər əsasında ləğv edilmişdi və bakılı şahmatçıya texniki məğlubiyyət verilmişdi. Heydər Əliyevə məlumat verildikdən sonra o, SSRİ İdman Komitəsi rəhbərlərinə kəskin etiraz etmiş, görüşün harada, hansı ölkədə keçirilməsinin önəminin olmadığını bildirmiş, qısa zamanda FİDE ilə bu məsələnin araşdırılmasını, texniki məğlubiyyətin ləğv edilməsini və görüşün keçirilmə vaxtının, məkanının yenidən müəyyənləşdirilməsini  tələb etmişdir. Qısa müddətdə mümkünsüz görünən məsələ öz müsbət həllini tapmış və Azərbaycan şahmatçısının finala yolu bərpa edilmişdi. Tək FİDE deyil, SSRİ-nin siyasi rəhbərliyi də Karpov-Kasparov finalının baş tutmasını istəmirdi.  Heydər Əliyev qətiyyəti olmasaydı, Qasparov nəinki dünya şahmat tacına yiyələnə bilməzdi...  Yarı yolda qarşısı alınmışdı, finala buraxılmırdı. Ulu öndər dünyanın diqqət mərkəzində olan şahmat tacı uğurunda yarışda doğma Azərbaycanın adının öndə olmasını düşünür, prioritet sayırdı. Bakı - şahmat taclı şəhərlər sırasında olmalı idi...

Ənənə davam edir

SSRİ dağıldıqdan, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra, 70-ci illərdə möhkəm bünövrəsi qoyulan şahmat ənənələri davam etdirildi.

Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə gəldikdən sonra müharibə, iqtisadi çətinliklərə baxmayaraq, qurub-yaratdığı şahmat sistemini yenidən diqqətdə saxladı. 1998-ci ildə Ulu Öndərin istedadlı şahmatçıları qəbul etməsi bu sahədə inkişafa yeni təkan verdi. Gələcəyi düşünən lider  sabahın çempionlarının kimlər olacağını öncədən hiss etmişdi.

Dəfələrlə Avropa çempionu, dünya kubokunun qalibi Teymur Rəcəbov görüşü belə xatırlayır: "1998-ci ildə beynəlxalq arenada ilk uğurlarını qazanan şahmatçılar üçün böyük şərəf oldu. Dahi insanla görüşdük. Görüşdən öncə həyəcanlı idik, qəbulda uşaqlarla hansı sözləri deyəcəyimizi məşq edirdik. Çox həyəcanlıydıq. Həmin görüşdən ən yaxşı xatirələrim var. Böyük motivasiya oldu, gələcək uğurlarımız üçün böyük ruh yüksəkliyi əldə etdik. Dövlət başçısı ilə, Heydər Əliyev kimi bir insanla görüşmək böyük şərəfdir".



Digər şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsi: "O vaxt mən uşaq idim. Heydər Əliyevlə görüş böyük əhəmiyyətə malik idi, həmin görüş gələcək karyerama böyük təsir etdi".

Digər Avropa çempionumuz Rauf Məmmədov: "O vaxt mənim 10 yaşım var idi. Heç vaxt belə aura hiss etməmişdim. Ulu öndər medalıma diqqətlə baxdı, hansı yarışda qazandığımı soruşdu. 1998-ci ildə balaca uşaqları qəbul etməsi həyatımızda böyük iz buraxdı. Biz milli komanda olaraq 3 dəfə Avropa çempionu olduq, həmin görüşdə iştirak edən Teymur Rəcəbovla Vüqar Həşimov uzun illər dünya reytinqində ilk onluqda qərarlaşdı".

Azərbaycan şahmatına böyük töhfələr vermiş dünya səviyyəli mütəxəssisimiz Faiq Həsənov görüşü belə qiymətləndirir: "Çətin dövrə baxmayaraq Azərbaycanın şahmat gələcəyi olan uşaqlarla görüşməyi yaddan çıxartmadı, ata kimi nəsihət verdi. Söylədi ki, siz bizim şahmatın gələcəyisiniz. Belə də oldu. Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov. Sonradan onlara Şəhriyar Məmmədyarov da qoşuldu. Heydər Əliyev həmin görüşdən sonra onların hazırlığı ilə bağlı mühüm tapşırıqlarını verdi".

Ümummilli lider Heydər Əliyevin 50 il öncə möhkəm təməlini qoyduğu şahmat ənənələri bu gün də öz  yolunu şərəflə davam edir. Heydər Əliyev məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümumi idmana göstərdiyi qayğı ilə yanaşı şahmatı da xüsusi diqqətdə saxlayır, yeni-yeni şahmat məktəblərinin açılışında iştirak edir, şahmatçıların problemləri ilə maraqlanır. Heydər Əliyev Fondunun dəstəyilə neçə-neçə şahmat məktəbi yenidən qurulub, bərpa edilib, şahmatçıların ixtiyarına verilib. Şahmatçılarımız uşaq, yeniyetmə, gənclər arasında dünya liderləri sırasında öz layiqli yerlərini tuturlar. Yeni nəsil şahmatçılar yetişməkdədir. Kişi şahmatçılarla bərabər qadınlarımız da özlərini göstərməkdədir. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva Avropa çempionatında medalçılar arasına düşməklə tarixi uğura imza atıblar. Göhvər Beydullayeva 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu adını qazanıb.



Azərbaycanda artıq ailə şahmatçıları ənənəsi də formalaşır. Şəhriyar Məmmədyarov və bacıları Zeynəb, Türkan. İki bacı qardaşlarının köməyi ilə "Məmmədyarovlar  Şahmat Məktəbi"nin bünövrəsini qoyublar.

Bakı, Sumqayıt, Gəncə və digər şəhər və rayonlarımızda şahmat məktəblərinin fəaliyyəti sayəsində bundan sonra da istedadlı şahmatçılar üzə çıxacaq, yetişəcək, doğma Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcək, xalqın zəkasını, biliyini bütün dünyaya göstərəcəklər. Heydər Əliyev ruhu Azərbaycan övladlarını belə görmək istəyirdi. Ulu öndər zəkası ilə yarım əsr öncə qurulan şahmat bünövrəsi günü-gündən ucalaraq dahi şəxsiyyətin ruhunu şad edir.



“FutbolPress”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1102 | Paylaş:




?>