')

Bu gün:


FutbolPress.Az | "Futzalda t əbliğat işləri düzgün təşkil edilməlidir"

"Futzalda təbliğat işləri düzgün təşkil edilməlidir"


oxunma sayı: 603 Paylaş:

FutbolPressAzərbaycan futzal millisinin sabiq üzvü Elnur Qəmbərov hazırda Kanadada çalışır. Mütəxəssis bu ölkənin əsas və aşağı yaş qruplarından ibarət komandalarına baş məşqçilik edir.

Bir müddətdir ölkə xaricində çalışan Qəmbərov adını Azərbaycan futzalına yazdıranlardandır. O, “Araz Naxçıvan” klubu ilə dəfələrlə ölkə çempionu olub, milli komanda ilə dünya və Avropa çempionatı görüşlərində meydana çıxıb. Futzalçı karyerasını sonlandırdıqdan sonra bu sahədən ayrılmayan Qəmbərov EKOL, “Xəzər Adaları”, “Akkord” kimi klubların təsisçisi olub. İlk ikisi ilə ölkə çempionatlarında yarışan mütəxəssis 2014/2015 mövsümündə “Xəzər Adaları” ilə Azərbaycan çempionu adını qazanıb.

İdman həyatı futzalla bağlı olan Elnur bəylə Azərbaycanda bu idman növünün hazırkı durumu və inkişaf perspektivləri haqda söhbətləşdik.

- Elnur bəy, ilk növbədə futzalın gənclərin fiziki tərbiyəsindəki rolundan danışardız...
- Futzalın gənclərin fiziki tərbiyəsində böyük rolu var. Kütləvi idman növüdür və yeniyetmələri, gəncləri sağlam böyüdür, onların intizamını artırır. Buradan iri və əminli addımlarla böyük futbola getmək olur. Digər idman növləri kimi futzalın da gənclərin fiziki inkişafında və tərbiyəsində rolu danılmazıdır. Futzal güc, sürət, intizam tələb edən oyundur. Bu sahədə olanlar pis vərdişlərdən uzaqlaşır, özlərini idman həyatına bağlayırlar.

- Son illərdə minifutbol sanki futzalı kölgədə saxlayıb. Gənclər artıq həvəskar komandalar yaradıb, burada özlərini sınayırlar. Futzalı yada salan yoxdur...
- Minifutbol həvəskar, futzal isə peşəkardır. Bu baxımdan futzalı kölgədə saxladığını deyə bilmərəm. Sadəcə Azərbaycanda futzala maraq azalıb. Minifutbol heç vaxt futzalın yerini verməyəcək. Dünyada minifutbol həvəskar sayılır, futzal isə peşəkardır. Futzalla bağlı kurslar təşkil edilmir. Gürcüstanda, Ermənistanda həm futzalçı, həm də məşqçilər üçün tez-tez kurslar təşkil edilir. Bununla yanaşı, nəzarətedici qurumlar tərəfindən maraq olmalıdır. Nə Futzal Federasiyası, nə AFFA bu işdə maraqlıdır. Buna görə inkişaf getmir. Adicə çempionatın dəqiq təqvimi yoxdur. Avrokuboklara görə tez-tez cədvəllər dəyişir, oyunlar təxirə salınır. 

- Marağın azalmasına səbəb nədir?
-  Səbəblər çoxdur. Sponsorlar yoxdur, çempionat oyunları eyni zallarda keçirilir. "Araz Naxçıvan" illərdir çempion olur, Avropaya gedir. Beynəlxalq arenada fərqli klub görmürük. Sponsorların bu növə marağı azalıb. Elə bilirlər ki, "Araz Naxçıvan"ın büdcəsi böyükdür və heç kim yaxın durmaq istəmir. Ancaq az məbləğlə də nəsə iş görmək mümkündür. Təbliğat işləri də düzgün formada aparılmır və futzala maraq azalmağa doğru gedir.

- Artıq bir müddətdir Kanadada çalışırsız. İki ölkənin futzalını yaxından tanıyan biri kimi, hansı fərqləri müşahidə etmisiz, müqayisə apara bilərsizmi?
- Azərbaycanda çempion olmuşam, ilin ən yaxşı baş məşqçisi seçilmişəm və işsiz qalmışam. Azərbaycandan mənə təklif olmadı, bu gün də yoxdur. İndi Kanadada həm millini, həm də aşağı yaş qruplarını çalışdırıram. Azərbaycanda və burada kifayət qədər təcrübəm var. Kanada ilə Azərbaycan futzalını müqayisə etmək olmaz. Burada insanlar işləyir, yaxşı pul qazana bilirlər. Futzala isə demək olar, maraq yoxdur. Mən millini il ərzində 2 dəfə yığa bilmişəm. Yəni, bu dərəcə zəifdir. Klublardan futzalçı tapılmır. İstedadlı oyunçular var, ancaq peşəkar komanda olmadıqlarına, federasiya tərəfindən məvacib almadıqlarına görə maraq göstərmirlər.



- Görünən odur ki, Azərbaycan futzalında vəziyyət nisbətdə daha yaxşıdır. Bəs, bu növü ölkəmizdə yenidən dirçəltmək, populyarlaşdırmaq üçün nələr etmək lazımdır?
- Futzalın inkişafı ilə bağlı buyaxınlarda AFFA-nın baş katibi Sərxan Hacıyevlə danışdım. Bir-birimizlə fikir mübadiləsi apardıq, çox gözəl insandır. Bir çox amillər var. İlk növbədə millidə baş məşqçini dəyişib, yerlinin təyinatı edilməlidir. Bu olmursa, Alesionun yanında yerli məşqçi olmalıdır. Futzalla bağlı UEFA kursları təşkil edilməlidir. Futzalda iş görümək üçün böyük pullar lazım deyil. Bir az maraq artsa, gənclər də yaxşı yetişər. Onları bu sahəyə cəlb etmək üçün təbliğat işləri aparmaq, sevgi oyatmaq lazımdır. Avrokubok oyunlarda heyətdə legionerlərdənsə, gənclərə şans verilməlidir. Oynamasa belə, orada olub, atmosferi hiss etməlidir. Gərək 10-12 yaşından uşaqlara bu növü öyrədəsən, bunu başa düşələr. Məşqçiləri də gənc yaşdan hazırlamaq lazımdır. Təbliğatla çox işlər görmək olar. Mən özüm ikisi şirkətlərarası olmaqla, 5 komanda yaratmışdım. İkinci liqada çempion olub, əsas liqada ikinci yeri tutduq. Xarici turnirlərdə də iştirak etmişdik. Mənim yanımda məşqçilər yerli idi, futzalçılar da bizimkilər idi. Belə də uğur qazanmaq olur.

- Qarşıda milli komandanın dünya çempionatının final mərhələsində oyunları olacaq. Gözləntiləriniz nədir?
- Açığı, yaxşı nəticə gözləmirəm. Polşa kimi komandaya 2:7 hesabıyla uduzduq. Şəraitimiz, imkanlarımız onlardan qat-qat yaxşıdır. Biabırçı nəticə idi. Daha güclü komandalar düşsə nə edəcəyik? Təsəvvür edin, Sloveniya, Xorvatiya, Fransa düşsə, onlara yaxın dura biləcəyikmi? 

- Bəs bu uğursuzluq nə ilə bağlıdır?
- Baş məşqçi Alesio son illərdə nə nəticə qazanıb? 10 min dollar maaş alır, amma ortalıqda bir şey yoxdur. Həm "Araz Naxçıvan"ı, həm yığmanı çalışdırır. Məşqçilərə 20-25 min manat pul verirlər. Ancaq ortada bir şey yoxdur. O məbləğin heç olmasa 5 minini gənclər üçün xərcləmək lazımdır. Uşaqları 12 yaşdan hazırlamaq lazımdır. Onlara dəstək olmaq, düzgün məşqlər keçmək lazımdır. Hazırda yerli oyunçu seçimi azdır. Heyətdəkiləri böyük qismi braziliyalılardır və onlar da istənilən səviyyədə çıxış etmir. Bundan başqa, millinin yaş həddinə baxın, hamısının 30-dan yuxarı yaxşı var. Sabah, birisigün bunların yerinə kim oynayacaq? Bilinmir. Gənclər arasında təbliğat zəifdir, yerli kadrlar gəlmir. Sentyabrda oyunlar var. Yenə də Alesio postundadır. Onsuz da uduzacaqlar, biz 99 faiz o mərhələni keçə bilməyəcəyik. 

- İnkişaf istiqamətləri necə olmalıdır?
- Aşağı yaşlardan gənclərdə həvəs oyatmaq lazımdır. Millinin heyətində, məşqçilər korpusunda yerli kadrlara şans vermək lazımdır. Təbliğat işləri düzgün təşkil edilməlidir. Rəqabətli mühit yaradılmalı, sponsorları cəlb etmənin yolları axtarılmalıdır. Bunları etməsək, inkişafa nail olmaq çətin olacaq. Akademiyalar yaradılmalıdır, gedib sponsorlarla danışmaq lazımdır. Onları inandıra bilməlisən.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 603 | Paylaş:




?>