')

Bu gün:


FutbolPress.Az | SSRİ dönəmində Azərbaycan futbolu üçün Heydər Əliyev amili

SSRİ dönəmində Azərbaycan futbolu üçün Heydər Əliyev amili


oxunma sayı: 889 Paylaş:

FutbolPress

Azərbaycanda idmanın kütləvilliyi ilə yanaşı kollektiv idman növlərinin ön sıralara yüksəlişi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə müxtəlif komanda idman növlərində SSRİ miqyasında öncüllər sırasına çıxması faktdır. Voleybol, ot üstü hokkey, həndbol, voterpol yarışlarında ustalardan ibarət komandalarımız ittifaq miqyasında liderlər sırasına qalxır, medallar qazanır, idmançılarımız SSRİ yığmasının tərkibində aparıcı simalara çevrilirdilər. Prioritet məsələlərdən biri də, kişi idmançılarla yanaşı qadınların, qızların idmana cəlb olunması idi. Voleybolçu, həndolçu qızlarımız 70-80-ci illərdə SSRİ miqyasında sayılıb-seçilən idmançılardan idilər.

Komanda idman növlərinin şahı futboldur. SSRİ-də futbol ilk sırada idi. Azərbaycanda da bu idman növü çox sevilirdi. Ümummilli lider bunu gözəl bilirdi. 50-ci, əsasən də 60-cı illərdə Azərbaycanda futbolun yüksəliş dövrü yaşanmışdı. Zaqafqaziyada qonşu respublikalardan fərqli olaraq Azərbaycanda tolerantlıq həmçinin ölkənin idman həyatında da özünü bariz göstərirdi. Müxtəlif xalqların nümayəndələrinə doğma kimi baxılır, heç bir fərq qoyulmurdu. Əgər Tbilisi "Dinamo"sunun, "Ararat"ın heyətində əsasən gürcü və ermənilər çıxış edirdilərsə, "Neftçi"də Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri oynayırdılar.

Bu münasibətə rəğmən, bir çox rus, erməni oyunçular özlərini göstərdikdən sonra Moskvaya, Kiyevə, Yerevana üz tuturdular. Bu da "Neftçi"nin sabit çıxışını əngəlləyirdi. Bu gedişatın dəyişidirilməsinə ehtiyac vardı...

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra kütləvi bədən tərbiyəsi amilinin vacibliyi ilə yanaşı, futbolu xüsusi diqqətdə saxlayırdı. O, öz nüfuzundan istifadə edərək Azərbaycanda ustalardan ibarət komandaların say artımına nail oldu. Bununla birgə, Ulu öndərin xüsusi tapşırığı ilə futbol bölgələrə daşındı, coğrafiyası genişləndi. 70-ci illərdən başlayaraq, Bakı, Gəncə, Sumqayıt şəhərlərinə Lənkəran, Xankəndi, Naxçıvan, Mingəçevir, 80-lərdə Qazax, Ağdam futbol komandaları da əlavə edildi. Bölgələrdə ustalardan ibarət komandaların çoxalması yerli futbolçuların yetişməsinə, istedadların üzə çıxmasına səbəb oldu.



"Neftçi"nin birinci dəstəyə düşməsi, futbolçuların digər respublikalara axını Ümummilli lider Heydər Əliyevi çox narahat edirdi.

Komandanı daimi nəzarətdə saxlayır, bilirdi ki, bu, müvəqqətidir. Düzgün qurulmuş strategiya nəticəsində bölgələrdə istedadlar yetişərək, zamanla  "Neftçi"nin heyətini gücləndirdi. 70-lərdə püxtələşən qazaxlı Səməd Qurbanov, ağdamlı Elbrus Abbasov, şirvanlı Səmədağa Şıxlarov kimi futbolçuların adlarının çəkilməsi kifayətdi. Məqsədyönlü işlərin görülməsi nəticəsində "Neftçi"nin güclülər dəstəsinə geri dönməsi artıq zaman məsələsi idi.

Ulu öndər fərdi olaraq futbolçulara həssas yanaşırdı. Azərbaycana öz sadiqliyini sübut etmiş Anatoli Banişevski nəinki ittifaqın, Avropanın sayılıb-seçilən futbolçularından idi. "Neftçi"nin əvəzolunmaz forvardı SSRİ-i yığmasının heyətində parlaq oyunu, möhtəşəm qolları ilə adını tarixə qızıl hərflərlə yazdırıb. Belə bir futbolçu Azərbaycanı populyar təkliflərə dəyişmədiyinə, "Neftçi"yə sadiq qaldığına, Moskvanın, Kiyevin aparıcı komandalarına keçmədiyinə görə bədxahlar tərəfindən fitnə-fəsadla futboldan uzaqlaşdırılmışdı. Ümummilli liderin qətiyyəti sayəsində "qızılbaş" ləqəbli forvard yenidən futbola qaytarıldı. Tam olaraq yerli futbolçulardan təşkil edilmiş "Neftçi" 1976-cı ildə yenidən güclülər dəstəsinə vəsiqəni təmin etmiş oldu.

Milli ruhu, yerli kadrlara üstünlüyün verilməsi, Heydər Əliyev böyüklüyünün uzaqgörənliyidir. Ustalardan ibarət komandalara futbolçu hazırlığını regionlarda fəaliyyət göstərən futbol komandaları təmin edirdilər. Demək olar bütün şəhər və rayonlarımızın futbol komandaları var idi və respublika çempionatında müntəzəm çıxış edirdilər. Ulu öndər idmançıların, futbolçuların təhsilinə, məişət təminatlarına də xüsusi önəm verirdi. Eynilə onların xarici səfərlərə turneləri təşkil edilir, Avropadan tutmuş Afrika ölkələrinə kimi respublikamızı təmsil edirdilər. Hər dəfə "Neftçi" futbol klubunu qəbul edərkən, futbolçuların problemləri ilə maraqlanır, qaldırılan məsələlər yerindəcə həll edilirdi.

Futbolun ayrılmaz hissəsi olan hakimlik də inkişaf edirdi. Tofiq Bəhramovdan sonra, Heydər Əliyev hakimiyyəti dövründə parlayan digər referimiz Eldar Əzimzadə Moskva-80 olimpiadasının finalını idarə etmişdi. Ulu öndərin 70-ci illərdə təməlini qoyduğu yerli futbol potensialı 80-ci illərdə öz bəhrəsini verməkdə davam edirdi. Vəli Qasımov, Arif Əsədov, Tərlan Əhmədov, Vladislav Qədirov və digər öz dövrünün istedadlı futbolçuları SSRİ yığmasının heyətində yeniyetmə və gənclər arasında Avropa və dünya çempionları olmuşdular. İqor Ponomaryov isə olimpiya çempionu titulunu qazanmışdır. Ulu öndər Moskvada yüksək vəzifədə olduğu vaxtlarda da doğma Azərbaycanı diqqət mərkəzində saxlamışdır.



1985-ci ildə SSRİ-də keçirilən gənclər arasında dünya çempionatı cəmi 4 respublikaya həvalə edilmişdi: Rusiya, Ukrayna, Azərbaycan, Belarus. Bu şərəfli missiya Heydər Əliyev nüfuzunun bəhrəsi, əməyi idi. 80-ci illərin sonlarında Ulu öndər Heydər Əliyevə qarşı aparılan məkrli siyasi  mübarizə, haqsızlıq təsirsiz ötüşmədi. Azərbaycanda siyasi-iqtisadi böhranla yanaşı şəksiz liderin olmaması torpaqlarımızın itirilməsi ilə nəticələndi.

İdman, futbol yaddan çıxmış, tənəzzülə uğramışdı. Ulu öndərin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı  Azərbaycana sabitliyi qaytardı, bu günün qələbələrinin təməli qoyuldu. Təsadüfi deyil, müstəqil Azərbaycan futbol tarixində milli komandamız ilk qələbəsini 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin “Tofiq Bəhramov”da canlı izlədiyi güclü İsveçrə yığması üzərində qazanıb. Qələbə qolu isə 70-ci illərdə Ulu öndərin diqqət və qayğısı ilə təməli qoyulmuş futbolun sonrakı onillikdə yetişmiş yerli futbolçuları, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev üçgedişli əks-hücumunun nəticəsində vurulub. Bu da futbolun Ulu öndərə qalibiyyət təşəkkürü idi.

Ümumilli lider Heydər Əliyev 30 min azarkeşlə birgə ayaqüstə öz azərbaycanlı yetirmələrini alqışlayırdı.

Elçin Cəlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


 


oxunma sayı: 889 | Paylaş:




?>