')

Bu gün:


FutbolPress.Az | "Minifutbolun gənclər arasında kütləviləşməsinə yol açacaq işlər görməyi planlayırıq"

"Minifutbolun gənclər arasında kütləviləşməsinə yol açacaq işlər görməyi planlayırıq"


oxunma sayı: 1114 Paylaş:

FutbolPress

Ötən il Azərbaycan yığmasının minifutbol üzrə Avropa çempionu olması bu sahəyə marağı daha artırdı.

Minifutbol – adından da göründüyü kimi,  futbolun daha kiçik variantıdır və az sayda oyunçu ilə ölçüləri stadiona nisbətdə kiçik  meydançalarda oynanılır. Ötən əsrin əvvəllərindən yaranan bu idman növü ilk vaxtlar həvəskar status daşısa da, getdikcə kütləviləşib. Minifutbolda dünya və Avropa çempionatları, klubların Çempionlar Liqası və Avrokubokları təşkil olunur.

Minifutbolun tarixi və Azərbaycanda inkişafı ilə bağlı daha əvvəl yazmışıq. Bu dəfə hazırda ölkəmizdə minifutbolun durumu və inkişaf prespektivləri mövzusuna toxunacağıq.

Tarixində ilk dəfə Avropa çempionu olan Azərbaycan mayda beynəlxalq turnirə ev sahibliyi edəcək. Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yarışda Fransa, Türkiyə, İtaliya, Serbiya, Gürcüstan, Çexiya kimi ölkələr iştirak edəcəyi turnirdə 10 komanda mübarizə aparacaq. Mayın 1-dən 6-na qədər davam edəcək yarışın oyunları Bakı Tennis Akademiyasında keçiriləcək.

A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya
B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, Cənubi Afrika.

Azərbaycan Minifutbol Federasiyası bu sahənin kütləviləşməsi üçün daxili çempionat da təşkil edir. 17 komandanın mübarizə apardığı yarışda  1/4 final mərhələsinin oyunları keçiriləcək.

Ölkə minifutbolunun durumu və inkişa planları ilə bağlı Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov ilə danışdıq. Qurum rəsmisi Bakıda keçiriləcək beynəlxalq turnirin keçirilməsinin faydalarından söz açdı:

"Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirə ev sahibliyi edəcəyik. Bu il ölkəmizdə "Heydər Əliyev ili"dir və bu istiqamətdə işlər davam edir. Bu çərçivədə federasiya olaraq beynəlxalq turnir təşkil edirik. Bunun bir çox faydası olacaq. Böyük komandalar burada iştirak edəcək və güclərini sınayacaqlar. Azərbaycan yığması ötən il Avropa çempionu olduqdan sonra demək olar, oyun keçirməyib. Bu ilin payızında dünya çempionatında iştirak edəcəyik və yığmanın hazırda nə vəziyyətdə olduğunu görmək üçün bu turnir faydalı olacaq.

İştirak üçün bir çox ölkələrə müraciət etmişdik, müsbət cavab verənlərin sayı 10 oldu. Rumıniya və Macarıstanı burda görmək istərdik. Lakin bu, elə tarixə düşdü ki, eyni vaxtda Slovakiyada da yığmalar arasında turnir olacaq. Rumıniya və Macarıstana bu ölkəyə getmək daha rahatdır nəinki bura. Rumıniya tərəddüdlü idi və bura da gəlmək istəyirdi. Lakin Slovakiyaya daha əvvəl söz verdikləri üçün seçimləri ora oldu".




Milli komandanın üzvləri yerli çempionatda iştirak edən komandalardandır. Yığmanın legionersiz Avropa çempionu olması ölkədə minifutbola olan marağın göstəricisidir. Daxili çempionatda 17 komanda iştirak edir və bu say arta bilər. Hüseynov çempionatın təşkili, klubların şəraiti və çatışmazlıqlarından söz açdı:

"Çempionatda 17 komanda iştirak edir. Bu say arta da bilər, azala da. Müraciətlər çoxdur. İstəyirik ki, daha rəqabətli bir yarış olsun. Güclü komandalar bir çempionatda mübarizə aparsın. Bu səbəbdən gələcəkdə İkinci Dəstə yarada bilərik.

Hər sahədə olduğu kimi, bizdə də çatışmazlıqlar var. Xüsusilə, klublarda müəyyən boşluqlar nəzərə çarpır. İndi həvəskar mərhələdən peşəkara keçid dövrüdür. Bəzi klubların geyim dəstləri yoxdur. Bizim tələblərimiz var və istəyirik ki, boşluqlar olmasın. Bu, futbolçulara və məşqçilərə də aiddir. İstəyirik ki, yeni mövsümdən federasiya ilə klublar, oyunçular arasında razılaşma olsun. Federasiya düşünür ki, özünün Hakimlər Komitəsi olsun. Hazırda referilər üçün AFFA ilə razılaşmışıq və onlar bizə yardım edirlər. Hakimlər müəyyən qonorar əsasında iş başında olurlar. Gələcəkdə bu problemi həll etmək istəyirik. AFFA ilə də müzakirələrimiz olacaq və bəlkə, onlar bizə müəyyən kadrlar məsləhət görər. Hakimlər komitəsinin yaradılması üçün ilk növbədə büdcə hazırlanmalıdır".


Minifutbol üzrə Azərbyacan çempionatının qalibi ölkəni beynəlxalq arenada təmsil etməyə haqq qazanır. İlk iki sıranı tutan komandalar Çempionlar Liqasına, 3-cü pillənin sahibi isə Avrokuboka vəsiqə əldə edir. Minifutbol Federasiyası çempionat üçün mükafat fondu yaratmayıb. Federasiya beynəlxalq arenaya yollanan komandaların xərclərini qarşılayır və klublar da bundan razıdır:

"Çempiona mükafat olmamasının səbəbi odur ki, qalib və yuxarı pillələri tutan komandalar ölkəmizi Çempionlar Liqasında və Avrokubokda təmsil edir. Onların səfər, qalmaq xərclərini qarşılayırıq. Klublar da buna razıdır. Pulu istəmir və ölkəmizi beynəlxalq arenada uğurla təmsil etməyi düşünürlər. Çempionatda iştirak etmək üçün komandaların sayı arta da bilər, azala da. Bizə maraqlı olan region komandaların gəlməsidir. Lənkərandan müraciət gəlib. Bundan əlavə, Sumqayıt, Mingəçevir, Gəncə kimi şəhərlərin təmsilçiləri var. Xüsusilə, Sumqayıt yarışa rəng qatıb. Bu komanda "Sumqayıt" Futbol Klubunun tərkibinə keçə bilər. Klubun prezidenti Riyad Rəfiyev minifutbol komandasını formalarla təmin edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Avropa çempionluğundan sonra ölkədə minifutbolun inkişafı üçün maliyyə ayırdı. Sərəncamla, Minifutbol Federasiyasına 1 milyon manat yardım edildi. Hüseynov ayrılan vəsaitin xərclənmə istiqamətlərindən danışdı:

"Stadion tikintisi ilə bağlı layihəmiz var. Böyük kompleks qurmaq istəyirik. Hazırda oyunlar Bakı Tennis Akademiyasında və "Azfar"ın stadionlarında baş tutur. Növbəti ildən isə stadion tikintisi başa çatana kimi oyunların Bakı Tennis Akademiyasında olmasını istəyirik. Yeni komplekslə bağlı layihə işləri başa çatıb. Tələsmək istəmirik, buna görə layihənin tamamlanması üçün vaxt lazım oldu. Tikintinin yaxın aylarda başlaması planlaşdırılır. Milli komanda üçün daha yaxşı şərait yaratmaq istəyirik. Yayda ölkələrin Monteneqrada turniri olacaq. Şifahi təklif almışıq və bu rəsmiləşsə, biz də o turnirdə iştirak edəcəyik. Bu, dünya çempionatı qabağı millimiz üçün yaxşı sınaq olacaq".

Minifutbolun digər idman növləri kimi gənclərin fiziki tərbiyəsində xüsusi rolu var. Bu növün gənclər və məktəblilər arasında daha kütləviləşməsi üçün müəyyən təbliğat işləri görülür. Ölkədə kifayət qədər ministadionlar var və gənclər müəyyən icarə haqqı ödədikdən sonra bu meydançalarda asudə vaxtlarını dəyərləndirirlər. Həm sağlamlıqlarının qeydinə qalır, həm də boş vaxtlarını əyləncəli keçirirlər. Stadionların qiymətləri saatlıq 50-80 manat arasında dəyişir. Hüseynzadə xüsusilə, məktəblilər arasında minifutbolun kütləviləşməsi üçün federasiya tərəfindən işlərin görüldüyünü qeyd etdi. Qurum məktəblər arasında keçirilən minifutbol turnirlərinin dəstəkçisidir: 

"Məktəblər Assosiyasiyası tərəfindən minifutbol turnirləri təşkil olunur. Bunlardan biri ancaq özəl məktəblər arasındadır, digəri isə həm özəl, həm dövlət. Federasiya olaraq turnirlərə dəstəyimizi göstəririk. Bundan əlavə, Təhsil Nazirliyi ilə də görüşüb, minifutbol turnirləri ilə bağlı müzakiərələr aparacağıq. Bununla da, minifutbolun gənclər arasında kütləviləşməsinə yol açacaq işlər görməyi planlayırıq. Minifutbol gənclərin fiziki tərbiyəsinə və onların sağlamlığına faydasını verir. Gənclər asudə vaxtlarını futbol oynayaraq keçirirlər. Federasiya olaraq U-23 millisini yaratmağı düşünürük. Bunun üçün daxili çempionatda limit tətbiq edə bilərik. Düşünürük ki, klublara şərt qoyaq ki, hərəsində azı bir nəfər gənc oyunçu olsun. Qarşıda bununla bağlı işlər görəcəyik". 



Azərbaycan milli komandası bu il Səudiyyə Ərəbistanında təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Avropa çempionluğu yaşayan millidən gözləntilər artıq yüksəkdir. Baş katib milliyə inandığını bildirdi, lakin hədəfləri açıqlamaq istəmədi:

"Avropa çempionu olduqdan sonra gözləntilər artır. Artıq beynəlxalq arenada bizi güclü komandalar arasında göstərirlər. Biz hədəflərimizi minimum və maksimuma bölmürük. Ölkənin adını maksimum dərəcədə yaxşı təmsil etmək lazımdır. Hara qədər alınsa, ora qədər gedəcəyik. Bu, bizim maksimumuz olacaq. VMF rəhbərliyi deyir ki, siz Avropa çempionusuz, yaxşı oynayın. Bizdən gözləntilər artıb. İkiqat məsuliyyətli olmaq lazımdır. Təbii ki, hər kəs dünya çempionu olmaq istəyir, bu məqsədə çatmaq üçün isə çox çalışmaq lazımdır. Sloveniyaya gedəndə də Avropa çempionu olmaq istəyirdik. Lakin reallığı başa düşürdük, ona görə açıq şəkildə hədəfimizi bildirmək və komandanı təzyiq altında saxlamaq istəmirdik. Məşqçimiz Elşad Quliyev deyirdi ki, narahat olmayın, finala çıxacağıq. Dediyini elədi, buna görə də ona və komanda üzvlərinə təşəkkür edirəm. İnanıram ki, dünya çempionatında uğur qazanacağıq. Hədəflə var, amma açıqlamaq istəmirik. Heç kimi təzyiq altında saxlamağın tərəfdarı deyiləm. Hədəfə çatanda hər kəs sevinəcək. İndidən ümid vermək fikirim yoxdur və bu, yaxşı alınmaz. Hədəfimizi içimizdə saxlayırıq".

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


 


oxunma sayı: 1114 | Paylaş:




?>