')

Bu gün:


FutbolPress.Az | Elə günü sabah...

Elə günü sabah...


oxunma sayı: 1655 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 2022/23 mövsümünün başa çatmasına 8 tur qalmış avrokuboklara vəsiqəni təmin edən “Sabah” tarixi uğura nail oldu.

Tarixi 2017-ci ildən başlayan “futuristlər” Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. APL-də çıxış etdiyi 5-ci mövsümündə buna nail olan gənc klub xüsusən bu mövsüm özü haqda inam yarada bilib.

Əvvəlki illərə nisbətən formalaşma prosesi baxımından daha sərrast addımlar atıldı və nəhayət, “Sabah” "özünə uyğun baş məşqçi tapmalıdır” aforizmini əmələ çevirə bildi. Murad Musayevin bu komandanın özünəməxsus dəsti-xəttinin yaranmasında və sabit çıxışında əhəmiyyətli rolu oldu.

Açığı, mövsümün gedişində gənc klubun bəzi naşı vəziyyətlərə düçar olmaq təhlükəsi ilə üz-üzə qaldığını da sezdik və yaxşı ki, bu dəfə ayıq-sayıqlıq baxımından axsaqlıq yaşanmadı. Ölkə kubokunda gözlənilməz uğursuzluqdan sonra toparlanmağı bacardılar və budur...

Təcrübə toplamış, peşəkar fikir və təkliflərə açıq, daim axtarışda olan rəhbərlik və bab məşqçi seçimi ilə buradək irəliləyən “Sabah”ın özü haqda formalaşdırdığı imic elədir ki, futbol ictimaiyyəti bu komandanın avrokubokda uğurlu çıxış edəcəyinə inanır.

Düzdü, mövsümboyu dəfələrlə, “bizdən çempionluq niyə tələb olunur” tipində reaksiyalar verən Musayev də sonradan anladı/qəbullandı ki, “Sabah”dan bunu gözləyənlərin məntiqi var və bu cür iddialardan yan qaçmaq xoş qarşılanmır. İstənilən halda, bütün bu enişli-yoxuşlu proseslərlə 2022/23 mövsümünün xüsusən “Sabah”ı püxtələşdirdiyini, böyütdüyünü görmək mümkündür.

***

Özü haqda formalaşdırdığı gözləntiləri doğrultmaq üçün klubun atmalı olduğu mühüm addımlar var. Tarixi uğura nail olduğu mövsümdə ən tutarlı addımlardan biri yanvarda Murad Musayevlə 3 illik yeni müqavilənin imzalanması oldu. Uğura doğru uğuru gətirən məşqçi ilə gedərlər – yanaşma prinsipi doğrudur. Ancaq heyətin güclü bir neçə ismi ilə müqavilə yayda bitir...

Abdulaye Ba
Con İrasabal
Zurab Oçiqava
Boyan Letiç
Bəxtiyar Həsənalızadə
Kristian de Fil
Aleksey Kaşuk

24 nəfərdən 7-si ilə müqavilə bitəcək və onlardan 5-i müdafiəçidir. Yarımüdafiədə, ümumən “qara” və “ağ” işdə ən faydalılardan olan Kaşukun da icarəsi sonlanır. Siyahıda adı olanların əksəri əsas heyətin üzvləridir. Onlarla bağlanan müqavilələrdə hansı şərtlərin qeyd olunduğundan xəbərsizik, ona görə də qalmaq/saxlamaq imkanı yüksək olan və olmayanlar barədə də fikir yürütmək çətindir. Bilinən odur ki, “Sabah” daha da güclənmək üçün yeni transferlər etməyə çalışacaq; həm bu, həm də izidivacı bitənlərin çoxluğu qayğıları artıran məqamdır. Necə deyərlər, günü sabahdan təxirəsalmaz addımlar və qərarlar qaçılmazdır.

Uğurlu APL mövsümünün ardınca, getdikcə daha sürətlə böyümək kimi müsbət portfolio avrokubokda yaxşı startla zənginləşdirilməlidir.

Kamil Əhməd,  “FutbolPress”


oxunma sayı: 1655 | Paylaş:




?>