')

Bu gün:


FutbolPress.Az | Respublika stadionu idman ocağı kimi

Respublika stadionu idman ocağı kimi


oxunma sayı: 2770 Paylaş:

FutbolPressTofiq Bəhramov adına Respublika Stadionu Azərbaycanın ən qədim futbol arenalarından biridir. Stadionun daha bir fərqli tərəfi bir hakimin adını daşımasıdır ki, bu da dünya futbolunda yeganə belə hadisədir.

Bəhramov 1951-ci ildən hakimliyə başlayıb. Dünya çempionatının oyununda da idarəçilik etmiş referi 1966-cı ilin mundialında verdiyi qərarla tarixə düşüb. İngiltərə - Almaniya oyununda yan xətt hakimi olan Bəhramov əsas vaxtı 2:2 başa çatan görüşün əlavə vaxtında ingiltərəli Ceff Herstin vurduğu qolu qeydə alıb. Bu, azərbaycanlı referini ingilislərin sevimlisinə çevirib. Epizod mübahisəli olsa da, laynsman Bəhramov təmkinli verdiyi qərar həlledici olub. Bəhramov bundan başqa, Avropa çempionatının final oyununda idarəçilik edən ilk sovet hakimidir.

Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci ilin sentyabrında istifadəyə verilib. İlk vaxtlar İosif Stalin və Vladimir Leninin adını daşıyan arena 1993-cü ildən görkəmli Tofiq Bəhramov adına Respublika stadionu adlanır. Arenada futbol meydançası ilə yanaşı, müxtəlif idman zalları da fəaliyyət göstərir.



1996-cı ildə UEFA-dan lisenziya alan arenada 2000-ci ilin mayında yeniyetmələrin II Respublika Oyunları baş tutub. Ümumilli Lider Heydər Əliyev arenada baş tutan mərasimin açılışında iştirak edib, fikirlərini söyləyib. 

2012-ci ilin avqustunda yenidənqurma işləri başlayıb. Prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Stadionun 85 min 700 kvadratmetr ərazisində təmir işləri görülüb. Oturacaq sayları artırılıb, meydançanın ot örtüyü dəyişdirilib. Arenanın ümumi sahəsi 20 hektardır.

Stadionun əsas futbol meydançasının ölçüləri 105x72 metrdir. Meydançanın ətrafında salınmış 8 zolaqdan ibarət atletika cığırının uzunluğu 400 metrdir. Stadionda bir neçə köməkçi zallar da mövcuddur. Buraya eni 25, uzunluğu 50 metr olan güləş zalı, eləcə də boks (25 m x 10 m), 2 ayrı futzal zalı, 1 açıq havada mini-futbol meydançası daxildir. Oturacaqların sayı 31 min 200-ə çatdırılıb.



Arenada idman yarışları ilə yanaşı, konsertlər də təşkil olunur. Son dövrlərdə bu baxımdan müraciət az olsa da, daha əvvəl Tarkan, Aygün Kazımova, Könül Xasıyeva kimi sənətçilərin konserti baş tutub. Beynəlxalq oyunlara da ev sahibliyi edən stadionda 2012-ci ildə U-17 qadınlararası dünya çempionatı zamanı Şakira, Elton Con kimi tanınmış müğənnilərin çıxışı olub.

Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" Futbol Klubunun avrokubok oyunları keçirilir. "Atlılar" doğma stadionu "Azərsun Arena"da təmir işləri olan zaman da çempionat və kubokda rəqiblərini məhz Bəhramovda qəbul edir. Burada eyni zamanda, müxtəlif idman növləri üzrə federasiyaların məşqləri təşkil edilir. Boks, güləş, yüngül atletikada hazırlaşan idmançılar burada hazırlıqlarını keçirlər. Arenanın ərazisində olan kiçik meydançalar futbol oynamaq istəyənlərin sərəncamındadır. Həvəskarlar müəyyən ödəniş qarşılığında stadionlarda asudə vaxtarını futbol oynayaraq keçirə bilərlər.



Respublika stadionunda hazırkı vəziyyətlə bağlı arenanın direktoru Şamil Quliyevlə danışdıq. Arena rəsmisi stadionda müxtəlif idman növləri üzrə hazırlıqlar keçirilməsi üçün lazım olan şəraitin yaradıldığını bildirdi. Onun sözlərinə görə, burada məşq keçmək ödənişsizdir:

"Demək olar bütün federasiyaların məşqləri arenada keçirilir. Güləş, cüdo, karate, boks, taekvondo, triatlon, yüngül atletika və s. sahələr üzrə hazırlıqlar təşkil olunur. Uşaq futbolu var, bu, hamıya məlumdur. Bəzən paralimpiyanın da üzvləri məşqlər edirlər. Stadion hər kəsin üzünə açıqdır. Onlar üçün istənilən şəraiti yaratmışıq. Düzdür, bunu direktor kimi mən desəm, düşünəcəklər ki, özümü tərifləyirəm. Amma şükür, bu günə kimi narazı olan qalmayıb. Çünki müraciət edən hər kəs üçün şərait təmənnasız yaradılır. Məşqlər üçün ödənişlər alınmır. Mən nə vaxta qədər buradayam, belə olacaq. Mən gedəndən sonra qaydalar necə olacaq, bilmirəm. Amma mənim olduğum vaxtda belə olacaq. Məşqlərin vaxtlarını bölmüşük və hər kəs rahat şəraitdə hazırlaşır. Arenada idmançılar üçün lazım olan şərait yaradılıb”.

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Gent”ə qarşı keçiridiyi oyuna ev sahibliyi arenada yeniliklər edildi. Böyük tablo quraşdırıldı, turniketlər yaradıldı. Həmsöhbətimiz arenada gələcək üçün müəyyən planlarının olduğunu, stadionda təmir işlərinə ehtiyac yarandığını söylədi. Direktor arenanın tutumunun artırılmasının çətinliyindən də söz açdı:

"Tablo yenilənib. Kifayət qədər yüksək keyfiyyətə malikdir. Turniketlər qurulub, daxili səs sistemi tamamilə nizamlanıb və təmiz işləyir. Bundan başqa stadionun ətrafında olan səs sistemi də qaydasına salınıb.

Arenanın tutumun artırılması nəzərdə tutulmayıb. Çünki bunun üçün yer yoxdur. Bizim arena tək futbol deyil, həm də olimpiya oyunları üçün nəzərdə tutulub. Tutumun artırılması üçün zolaqlar yığışdırılmalıdır ki, bu da indiki vəziyyətdə çətin məsələdir. Konsertlərlə bağlı təkliflər gəlmir. Koronavirus pandemiyasından əvvəl müəyyən müraciətlər olsa da, son illərdə bir yenilik yoxdur. Lakin nəsə müraciət olsa, dəyərləndirə bilərik. İdman zallarının açılması ilə bağlı planlarımız var. Stadionun kifayət qədər yaşı var, bəzi işlər görmək lazımdır".



Respublika stadionundan Azərbaycan Boks Federasiyası da istifadə edir. Burada bu idman növü üzrə məşqlər keçirilir, idmançılar yetişir. Təhsil İdman Mərkəzi və “Neftçi” İdman Klubunda boks məşqçisi olan Rafiq İsmayılovla əlaqə söhbətləşdik. Qadın boksçulardan ibarət Azərbaycan yığmasının məşqçilər heyətində yer alan İsmayılov ölkə boksunun hazırkı durumundan danışdı. Respublika stadionunda onlar üçün hər bir şəraitin yaradıldığını söyləyən məşqçi qadın boksunun inkişafından da bəhs etdi:

"Hazırda boksda vəziyyət əvvəlki dövrlərə nisbətən daha yaxşıdır. Müsbət mənada irəliləyiş var. Hər sahədə olduğu kimi, boksda da durğunluq yaşanmışdı, amma indi hər şey qaydasındadır. Gənclərdə həvəs var. Bu yaxınlarda qadınlardan ibarət yığmamızın üzvü Aynur Rzayeva dünya çempionatında yarımfinala yüksəldi. Bu, ölkə boksu tarixində ilk belə hadisədir. Rzayeva bürünc medal qazanaraq ilkə imza atdı.  Buna qədər Avropa çempionatında iki dəfə mükafatçılar sırasına düşmüşdük, amma bu nəticə ilkdir. Qadın boksu inkişafdadır".



Boks gənclərin fiziki tərbiyəsində, onların sağlam böyüməsində böyük rol oynayır. Müasir dövrdə pis vərdişlərin gənclər arasında daha tez yayılması, yeniyetmələrin gələcəklərini təhlükə altına alması ciddi problemə çevrilib. İsmayılov idmanın gənclərin həyatında oynadığı rola diqqət yetirdi:

"Bütün idman növləri kimi, boksun da gənclərin fiziki tərbiyəsində əhəmiyyətli rolu var. Hazırda gənc nəsilə baxanda başqa sahələrə daha çox meyilli olurlar. Bu da valideynlərdən və orta məktəblərdəki müəllimlərdən asılıdır. Məktəblərdə idman dərslərində müəllimlər uşaqları idmana yönəltmir, maraq yaratmır. Valideyn də övladının fərqli sahədə olmasını istəyir. Buna görə artıq onlar idmandan yayınmağa başlayırlar. Bu məsələni nizama salmaq lazımdır. Qarşılıqlı əlaqələr, birlikdə işlər olmalıdır. Bunun nəticəsində kütləvilik yaranacaq, boksa olan maraq artacaq”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu



oxunma sayı: 2770 | Paylaş:




?>