')

Bu gün:


FutbolPress.Az | Diniyev - fobiya - Diniyev

Diniyev - fobiya - Diniyev


oxunma sayı: 780 Paylaş:

FutbolPress“Səbail”in baş məşqçisi Şahin Diniyev “Turan Tovuz”la heç-heçə nəticələnən (1:1) oyundan sonra deyib ki, məndə də, oyunçularda da uduzmaq qorxusu var.

Bu fikrin səbəbini anlamaq çətin deyil.  AFFA dəfələrlə bəyan edib ki, bu mövsüm sonuncu yeri tutan komanda elitadan düşəcək; “Səbail” hələ də sonuncu pillədədir...

Güman ki, Şahin müəllim qorxudan bəhs edərkən bu vəziyyəti nəzərdə tutur. Qorxunun benəlxalq termin ifadəsi fobiyadır. Yunan sözü olub, mənası “qorxu, həyəcan” deməkdir. Əslində, qorxu ilə fobiya mənaca birəbir eyni deyil. Fobiya - insanın gündəlik yaşayışına təsir edən amillərdən sistematik narahatlıq keçirməkdir.

Söhbət qəlizləşməmiş Diniyevin toxunduğu qorxu/narahatlıq məsələsi ətrafında bir az  söhbət açaq.

***

“Səbail”in işləri heç yaxşı getmirdi. Qış fasiləsi ərəfəsində baş məşqçi Mahmud Qurbanovla yolları ayıran “gəmiçilər” Şahin Diniyevi bu vəzifəyə gətirdi. Diniyev təyinatından sonra iki mühüm açıqlama ilə yadda qalmışdı. Onlardan biri nəticənin əvvəlkindən yaxşı olacağı, digəri isə qış fasiləsində transferə ehtiyac duyulmaması idi. Daha dəqiq desək, transfer xatirinə transfer etməmək... Yeni gələnlər İlkin Muradov və David Qomis isə komandanı gücləndirə bilmədi...

Əcəba, Diniyev klubun  APL-i tərk edəcəyini hiss edirmiş ki, bir neçə transferlə güclənməyə can atmadı?

Fobiya dedik – bəlkə baş məşqçinin aqorafobiyası var? – çox adam olan yerdən qorxmaq... Bəlkə elə bu səbəbdən köməkçisi də öz oğlunu götürdü? Hm?

***

“Dənizçilər”in 8 milyon büdcəsinin olduğu haqda daim yazılır/deyilir. Bu, APL-də iştirak edən 10 komanda arasında 4-cüdür. Bu haqda xəbərlər hələ mövsümün əvvəlindən yayılsa da, zaman göstərdi ki, maddi imkanı ikiqat az olan komandaların heç də talassofobiyası olmadı – yəni dənizdən qorxmadılar. Nəinki talassofobiya, hətta limnofobiya da – göldən qorxu belə hiss edilmədi. Ona görə də onlarn hamısı “dənizçilər”dən yuxarı pillələrdə qərarlaşıblar...

Ümumiyyətlə, fobiyaların siyahısına baxsanız, “Səbail”in hazırkı vəziyyətinə bəlkə də çoxunu tam, bir hissəsini də qismən aid edə bilərsiniz. Lakin o siyahıda  bir fobiya adı da var, onu heç cür aid etmək olmaz – antidaefobiya – bir ördək tərəfindən izlənilmə qorxusu. Ümumiyyətlə, bu nə fobiyadır...

Diniyevi çox yaxşı anlamağa çalışıram. Məsələn, o, mükəmməl olmamaq və ya ola bilməmək qorxusu adlanan atelofobiyanın verdiyi narahatlıqda var-gəl edərkən dekstrofobiyaya düçar ola bilər. Bu, sağ tərəfdə qərar tutan hər şeydən qorxu fobiyasıdır. Niyə də yox?!

Baxıram siyahıya, burda desidofobiya da var – qərar verə bilməmə. Qış fasiləsində transfer edə bilməmək bundan da qaynaqlana bilər. Siyahıda olan fobiya adlarından biri də fronemofobiyadır – düşünmək qorxusu. Sonuncu pilləyə düşəndən sonra Diniyevin qəribə açıqlamaları olub. Məsələn, bir dəfə komanda ikinci hissəyə gecikmişdi, səbəbi soruşulanda demişdi ki, qapının kilidində problem yaranmışdı. Sonra başqa bir maraqlı fikirlə diqqətləri çəkmişdi: “Uduzduqca nə edəcəyimizi daha yaxşı şəkildə görürük” – bu hansı fobiyaya aid edilə bilər? – adı hələ kəşf olunmayıb.

***

Fobiyalar siyahısındakı hamısını bura düzüb, yorucu yazı əmələ gətirmək fikrində deyiləm. Bunun özü də fobiyadır – verbofobiya – sözçülük...

Diniyevə fobiyalardan uzaq olmağı arzuladıq, lakin bir fobiya var ki, mütəxəssisimizdə buna ehtiyac var. Bu, loqofobiyadır – bəzi sözlərin və cümlələri işlətməkdən çəkinmək...

Elçin Cəlilov


oxunma sayı: 780 | Paylaş:




?>