')

Bu gün:


FutbolPress.Az | ADBTİA-nın gənclərin inkişafında rolu 

ADBTİA-nın gənclərin inkişafında rolu 


oxunma sayı: 1356 Paylaş:

FutbolPressAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsası 1930-cu ildə qoyulub. Ali təhsil ocağının əsas vəzifəsi bədən tərbiyəsi üzrə müəllimlər, məşqçilər, müxtəlif idman sahələri üzrə ixtisaslı kadrlar hazırlamaq, bu peşəyə maraq göstərənlərin nəzəri və metodiki biliklərə yiyələnməsini təmin etməkdir.

İlk illərdə - 1936-cı ilə qədər Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu adlanan müəssisədə 1933-cü ildə 39 nəfərin buraxılışı olub. Onlardan 6-sı qız, 33-ü isə oğlan idi. 1936-cı ildən ali məktəbin adı Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlanıb (ADBTİ). 1999-cu ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası adı altında fəaliyyət göstərir. Akademiya yarandığı tarixdən bu yana 30 mindən çox kadr hazırlayıb.

Milli Qəhrəman adını qazanan məzunlar

1936-1999-cu illər aralığı akademiyanın fəaliyyətində müəyyən çətinliklə yaranıb. Xüsusilə, II Dünya Müharibəsi ərəfəsində təhsil ocağının şəxsi heyətindən 314 nəfər cəbhəyə yollanıb. İnsitutda qalan digər işçilər isə ordu üçün proqramlar hazırlayıblar. Kadrların bir qismi döyüşə çağırılanlara təlimlər keçib. Durğunluq dövründən sonra 1943-cü ilin iyulunda institutun fəaliyyəti bərpa olunaraq, yenidən öz işinə davam edib. 50-ci illərdən sonra akademiyanın işində ciddi inkişaf əldə edilib. 1952-ci ildə ADBTİ-dən 219 nəfər qız tələbə məzun olub. Həmin il SSRİ ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmiş və institutun tələbəsi Rəşid Məmmədbəyov Azərbaycana ilk gümüş medalı qazandırmışdır. Bundan sonra da akademiya ölkə idmanına uğurlu kadrların bəxş edilməsində əhəmiyyətli işlər görüb.

Müstəqilliyin bərpa edilməsindən sonra digər ali təhsil ocaqları kimi ADBTİ də öz fəaliyyətini genişləndirib. XX əsrin sonlarında erməni təcavüzünə məruz qalan Azərbaycan ağır günlərini yaşayırdı. Həmin vaxtlar orduya cəlb olunanlar arasında institutun tələbə və məzunları da var idi. Müharibənin ilk günlərində müəssisənin professorlarından olan Dilqəm Quliyevin rəhbərliyi ilə yaradılan "Qarabağ" qərargahına 200-dən çox tələbə müraciət etmişdi. Vətən torpaqlarının müdafiəsinə qalxan gənclər böyük igidlik və şücaət göstərənlər arasında olub. ADBTİ-nin iki məzunu - Əliyar Əliyev və İlqar İsmayılov Milli Qəhrəman adına layiq görülüb, 34 nəfər tələbə və məzun isə şəhidlik zirvəsinə ucalıb.

1993-cü ildə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra idmana olan qayğı və diqqət daha da artıb. Akademiyanın Gənclər və İdman Nazirliyinin tabeliyinə verilməsi uğurlu yolun əsasını qoyan amillərdən idi. Bundan sonra artıq Azərbaycanın idman həyatında yeni bir dövr başlayıb. 1999-cu ilin martında institutun adı dəyişdirilib və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası adlandırılıb.

2016-cı ildən idman sahəsində olan ciddi islahatlar sözügedən ali təhsil ocağına da təsirini göstərib. İdman Akademiyasında həmin ildən başlayaraq yeni infrastruktur yaradılıb, təhsil imkanları artırılıb, beynəlxalq əlaqələrin qurulmasına başlayıb. Akademiyada basketbol, gimnastika, voleybol, tennis zalları, futbol meydançası var.



Akademiyada bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq mümkündür. Müəssisənin tərkibində Tələbə Gənclər Təşkilatı (TGT) fəaliyyət göstərir. 2005-ci ildən yaradılan TGT-yə gənclər arasında mütəmadi idman yarışlarının, intelektual oyunların, debat turnirlərin, idmançılarla görüşlərin təşkili işləri həvalə edilib. Təşkilatın nəzdində hazırda 11 maraq klubu fəaliyyət göstərir. Akademiyanın rektoru Fuad Hacıyevdir. O, 2015-ci ildən bu yana sözügedən vəzifəni icra edib. Hacıyev buna qədər - 2006-2015-ci illərdə gənclər və idman nazirliyində aparat rəhbəri kimi çalışıb.

"İdmanın oyun növləri" kafedrası

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında hazırda bir neçə kafedra var. Bunlar İdmanın oyun növləri, İdmanın təkmübarizlik növləri, İdman tibbi və reabilitasiya, Gimnastikanın nəzəriyyəsi və metodikası, Sosial elmlər, İdman menecmenti və kommunikasiya, Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası, Tibbi-bioloji elmlər, Kütləvi və tədbiqi idman növləri kafedrasıdır. Akademiyada Məşqçi, fiziki tərbiyə, idman menecmenti, idman tibbi və reabilitasiya və idman jurnalistikası ixtisasları üzrə kadrlar hazırlanılır.

Akademiyanın fəaliyyəti, görülən işlər və inkişaf istiqamətləri ilə bağlı "İdmanın oyun növləri" kafedrasının müdiri İlqar Əliyevlə danışdıq. Kafedrada futbol, voleybol, basketbol, həndbol, şahmat və stolüstü tennis üzrə dərslər təşkil olunur.

Biologiya üzrə fəlsələ direktoru, dosent Əliyev son illərdə akademiya məzunlarının müxtəlif müəssisələrdə uğurla çalışdıqlarını söylədi. İdmanda olan inkişafı qeyd edən həmsöhbətimiz təhsil ocağını bitirənlərin müəllim olmaq üçün verilən qəbul imtahanlarında yüksək bal topladıqlarını bildirdi:

"Bu sahənin mütəxəssisi olaraq hazırladığımız kadrların işini müsbət qiymətləndirirəm. Məzunlarımızı qəbul edən təşkilatlar daha doğru rəy verə bilərlər. Lakin son islahatlardan sonra hazırladığımız mütəxəssislər orta səviyyədən yüksək səviyyəyə yüksəlib.

İdman sahəsində inkişaf var. Təhsildəki islahatlardan sonra hər şey müsbət istiqamətdə gedir. Əvvəl tək bədən tərbiyəsi və idman ixtisası var idi, amma indi idmanda reabilitasiya, idmanda menecmentlik kimi sahələr də yaranıb. Artıq keyfiyyətli mütəxəssislər hazırlanır. Təhsil ocaqlarına göndərdiyimiz kadrlarla maraqlanırıq. Bizdə Karyera Mərkəzi var. Həm bakalavr, həm magistratura üzrə təhsil alanlar bu sahə üzrə istiqamətləndirilir. Onların hazırlıq səviyyəsi yaxşıdır və işə qəbul olunurlar. Son zamanlar məktəblərə müəllim qəbulu da imtahanlarla olur. Bizim kadrlarımız bu səddi də uğurlu keçirlər. Son dövrlərdə bizdən gedən məzunların əksəriyyəti yüksək bal toplayırlar. Bakının müxtəlif nöqtəsində məzunlarımız müəllim kimi fəaliyyət göstərir".



Əliyev ADBTİA-nın gənc və yeniyetmələrin inkişafında oynadığı roldan da bəhs etdi. Onun fikrincə, son zamanlarda gənclərin sosial şəbəkələrə olan maraqlarının artması, aktiv həyat tərzi keçirməməsi gələcəkdə problemlərə səbəb ola bilər. İlqar bəy, ilk növbədə bu məsələni aradan qaldırmaq üçün yolların tapılmasının vacibliyini vurğuladı:

"Kafedramızda idman oyunları növləri üzrə həm müəllim, həm də tələbə hazırlanılır. Burada fənnlər üzrə nəzəri dərslər keçirilir. Ayrı-ayrı fənnlər üzrə də tədris gedir. Şükürlər olsun, böyük problemlərimiz yoxdur. Bizim akademiyanı bitirənlər ən yüksək səviyyədə peşəkar idman fəaliyyətində yüksək nəticələr əldə edirlər. Tədris prosesində kifayət qədər mütəxəssisimiz var.

Akademiya gənclərin inkişafında böyük rol oynayır. Onların hər biri məktəblərdə fiziki tərbiyə dərslərinə cəlb olunurlar. Məcburi proses olması ilə yanaşı, artıq yeniyetmələrdə idmana böyük maraq var. Bizim məzunlarımız məktəblərdə tədrislə məşğul olur. Eyni zamanda, Uşaq Gənclər İdman Məktəbləri də var ki, kadrlarımız orada iştirak edir. Məşqçilər bizim məzunlarımızdır. Akademiyanın fəaliyyəti yüksəkdir.

Qloballaşan dünyada uşaqlar artıq daha çox texnologiya ilə maraqlanır, sosial şəbəkələrə daha meyillidirlər. Bu, tək bizim deyil, dünyanın problemidir. Orta məktəblərdə bu sahədə daha ciddi işlər aparılmalıdır. Yüksək səviyyətə buna diqqət etmək, iş aparmaq lazımdır. Gəncləri hərəkətsizlikdən çıxarmaq lazımdır. İdman olduğu yerdə fiziki inkişaf da olur. Gəncləri aktiv həyat tərzinə keçirmək üçün ciddi işlər görülməlidir. Cəmiyyətin böyük bir problemidir və bunu həll etmək lazımdır".



Kafedra müdiri idman sahələrindən ən çox futbola axın olduğunu söylədi. Basketbol və voleybolun da inkişaf etdiyini bildirən Əliyev idmançı üçün təhsilin vacibliyindən söz açdı:

"İdman növünün ölkədə populyarlığına görə oraya axın çox olur. Bizdə bu sahəyə maraq böyükdür. Lakin yaş kateqoriyaları ilə məhdudlaşdığı üçün problemlər yaranır. Çempionatların sayı çox azdır. Uşaqlar aşağıdan gəlir, lakin bir yaşdan sonra artıq klubsuz qalır. Buna görə yarışların sayı artmalıdır. ÖLkəmizdə hazırda basketbol üzrə güclü çempion keçirilir. Tələbələr arasında voleybol, basketbol yarışları təşkil olunur. Uzun müddət idi az fəaliyyətdə olan həndbolda da inkişaf var. Təbliğat gücləndirilsə, liqaların sayı artırılarsa hər bir sahədə inkişafa nail olmaq mümkündür.

İstedad olmayan yerdə yüksək nəticələrə nail olmaq mümkün deyil. Bacarıqlı uşaqları üzə çıxarmaq lazımdır. Təhsil bütün idman növlərində vacibdir. Daha istedadlı, yoxsa daha təhsilli idmançı lazımdır? Son zamanlarda bu sual daha çox müzakirə olunur. İntelekti güclü olan uşaqlarla nəticə əldə etmək ehtimalı daha yüksəkdir. Təhsil əsas rol oynayır. İntelektual səviyyənin gücləndirilməsindən sonra istənilən sahədə uğur qazanmaq olar".

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1356 | Paylaş:




?>