')

Bu gün:


FutbolPress.Az | Millilərdə son durum: "Hələ yolun başlanğıcındayıq"

Millilərdə son durum: "Hələ yolun başlanğıcındayıq"


oxunma sayı: 858 Paylaş:

FutbolPressAzərbaycanın əsas yığması son 5 oyunda qələbə qazanaraq, tarixi uğura imza atıb. Canni De Byazinin rəhbərlik etdiyi komanda Millətlər Liqasında Slovakiya, Belarus, Qazaxıstan, yoldaşlıq görüşlərində isə Moldova və Şimali Makedoniyanı məğlub edib. Millin son oyunlardakı nəticələri az da olsa, komandanın oyununda irəliləmə olduğunu göstərir. Bəs bir neçə il sonra bu yığmanın formasını geyinməli olan futbolçuların durumu nə yerdədir? Bu komandaların son oyunlarına nəzər salmazdan əvvəl onu qeyd edək ki, Azərbaycan futbolunun təməl problemlərindən birinə çevrilən uşaq futbolunda və aşağı yaş qruplarında vəziyyət heç də ürəkaçan deyil...

Azərbaycanın U-16 komandası

2021-ci ildən yığmanı İlham Yadullayev çalışdırır. Sözügedən milli 2022-ci ildə beynəlxalq arenada 4 oyun keçirib. İki dəfə Türkiyə, iki dəfə də Latviyadan olan həmyaşıdları ilə qarşılaşan milli cəmi bir qələbə qazanıb. Yığma ümumilikdə bu matçlarda 5 qol vurub, 4-nü isə buraxıb. Bir görüş qolsuz başa çatıb.

U-16-nın nəticələri:

Azərbaycan - Latviya - 3:0 (Yoldaşlıq oyunu)
Azərbaycan - Latviya - 1:1 (Yoldaşlıq oyunu)
Türkiyə - Azərbaycan - 3:1 (Yoldaşlıq oyunu)
Türkiyə - Azərbaycan - 0:0 (Yoldaşlıq oyunu).

U-17 millisi

Son matçında Azərbaycan futbolu tarixinə yazılacaq hesablardan birini əldə edən komandanı vaxtilə “Neftçi”də baş məşqçilik etmiş Füzuli Məmmədov çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv ötən ilin oktyabrında Avropa çempionatının ilkin mərhələsində Lixtenşteyndən olan həmyaşıdlarını 8 cavabsız qolla məğlub etməyi bacarıb. 4 komanda arasında 3 xalla 3-cü sırada yer alan yığmamız seçmə mərhələyə vəsiqə əldə edə bilməyib.

U-17-nin 2022-ci ildəki oyunları:

Azərbaycan - Ukrayna - 2:4 (Avropa çempionatı, ilkin mərhələ)
Bosniya və Herseqovina - Azərbaycan - 1:0 (Avropa çempionatı, ilkin mərhələ)
Lixtenşteyn - Azərbaycan - 0:8 (Avropa çempionatı, seçmə mərhələ)

U-19 millisi

Millinin keçmiş üzvü Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv də bundan əvvəlkilər kimi ötən ili uğursuz başa vurub. Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanda üç oyun keçirən yığma hər birini məğlub bitirib. Komanda ev sahibi Bolqarıstanla yanaşı, Türkiyə və Lüksemburqla da bacarmayıb. Xüsusilə, sonunculara məğlubiyyət “cırtdan” ölkədə belə futbolun inkişaf etdiyinə, bizdə isə yerində saydığına və ya geri getdiyinə işarədir. Nəbiyevin komandası sözügedən matçlarda bir qol vurubsa, 7-ni də buraxıb.

U-19-un 2022-ci ildəki oyunları:

Azərbaycan - Bolqarıstan - 0:1 (Avropa çempionatı, seçmə mərhələsi)
Türkiyə - Azərbaycan - 5:1 (Avropa çempionatı, seçmə mərhələsi)
Lüksemburq - Azərbaycan - 1:0 (Avropa çempionatı, seçmə mərhələsi)

U-21 millisi

Bir neçə il sonra əsas yığmanın üzvlərinə çevriləcək bu yaş kateqoriyasının futbolçularının durumu da qənaətbəxş deyil. Son olaraq Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçuların məcburi oynadılması ilə bağlı tətbiq edilən qayda artıq bu ildən ləğv olundu. Buna qədər komandalar gənclərə şans verir, məcburiyyətdən olsa da oynatdığı futbolçular üzə çıxır, U-21-ə dəvət alırdı. Lakin bundan sonrakı durum qaranlıqdır. Yığmanın baş məşqçisi Samir Əliyev də limitin ləğvindən sonra çətinliklər yaşadıqlarını bildirmişdi. Bunun nəticəsidir ki, yığma son yoldaşlıq görüşündə İsveçdən olan həmyaşıdlarına 1:8 hesabıyla uduzdu. U-21-i qarşıda daha çətin sınaq gözləyir. Əliyevin komandası 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq. Son seçmə mərhələni uğursuz başa vuran millinin bu “bacarığını” təkrarlayacağı ehtimal edilir. Qrupda əldə ediləcək hər bir xal xüsusi önəm kəsb edir ki, bu da ev oyunlarının ümidinə qalıb. U-21-in ötən il keçirdiyi matçlardakı nəticəsi sabiq baş məşqçi Milan Obradoviçin vəzifəsindən göndərilməsinə səbəb olmuşdu. Bu dəfə Samir Əliyevin üzərinə böyük yük düşür. Yerli mütəxəssisin komandada hansı nəticəni verəcəyini zaman göstərəcək.

U-21-in 2022-ci ildəki oyunları:

Azərbaycan - Estoniya - 3:0 (Avropa çempionatı, seçmə mərhələsi)
Azərbaycan - Belarus - 1:3 (Avropa çempionatı, seçmə mərhələsi)
Estoniya - Azərbaycan - 0:5 (Avropa çempionatı, seçmə mərhələsi)
Finlandiya - Azərbaycan - 3:0 (Avropa çempionatı, seçmə mərhələsi)
Norveç - Azərbaycan - 3:0 (Avropa çempionatı, seçmə mərhələsi)
Azərbaycan - Moldova - 0:0 (Yoldaşlıq oyunu)
Macarıstan - Azərbaycan - 3:0 (Yoldaşlıq oyunu)
İsveç - Azərbaycan - 8:1 (Yoldaşlıq oyunu)

"Mövcud durum göstərir ki, çox çalışmalıyıq"

Aşağı yaş qruplarında əldə edilən xoşagəlməz nəticələr bütün futbol ictimaiyyətini narahat edən məsələdir. Yığmanın texniki direktoruvə aşağı yaş qrupları üzrə kordninatoru Cahangir Həsənzadə ilə mövzu haqda danışdıq. Funksioner aşağı yaş qruplarında nəticədən çox, futbolçunun yetişməsi, onun inkişafının daha vacib olduğunu söylədi:

"Nəticələri götürsək, sözsüz ki, ürəkaçan deyil. Bu, heç kimə sirr deyil. Amma aşağı yaş qruplarının əsas məqsədi nəticə hesab olunmur. Hədəfimiz keyfiyyətli futbolçu yetişdirib, Premyer Liqa klublarına, əsas milli komandaya hazırlamaqdır. Bu yol müsbət nəticələrlə keçərsə, daha yaxşı olar. Amma mövcud durum göstərir ki, daha çox çalışmalıyıq. Aşağı yaş qruplarında toplanışlar az olur. Çalışırıq, beynəlxalq oyunları çox edək ki, təcrübələri artsın. Hansı ki, onlar klublarında daha çox inkişaf etməlidirlər. Biz aşağı yaş qruplarında oyun saylarını ötən ilə nisbətən artırmışıq. İstəyirik ki, illik yüklənmələr, praktikalar çox olsun. Bu inkişaf prosesi 1-2 ilin məsələsi deyil. Klublarla sıx əməkdaşlıq edirik. Çalışırıq? onlara öz tövsiyəmizi verək, onlardan nələrsə alaq. Birlikdə iş görmək lazımdır".



Həsənzadə inkişafa nail olmaq üçün qarşıda uzun vaxt olduğunu qeyd etdi. Onun sözlərinə görə, akademiyalarda və klubların aşağı yaş komandalarında məşq şəraitlərinin, hazırlıq səviyyələrinin artırılması inkişafa öz müsbət təsirini göstərəcək:

"Bir şeyi də nəzərdən qaçırmayaq ki, koronavirus pandemiyası bizi bir il məşqsiz qoydu. Tədricən qalxacağıq. Gördüyüm budur. İlldən-ilə uşaqlarda da irəliləyiş görünür. Amma yenə deyirəm, bu inkişaf 1-2 illik deyil.

Yerli komandalarda cavan futbolçunun oynaması təqdirəlayiqdir. Premyer Liqada oynayan klublar nəticəyə köklənir və bunun üçün istənilən addımı ata bilər. Akademiyalardan əvəzedici komandalara qədər hər bir yaşda hazırlıq şəraiti artırılmalıdır. İnkişaf buradan başlayır. Özünü göstərə bilən əsas komandaya qədər yüksəlir və bu, müsbət haldır. Akademiyaların infrastrukturunun yaxşılaşdırılması, təlim-məşq prosesinin daha təkmilləşdirilməsi lazımdır".

"10 ildən sonra daha güclü olacağıqmı?"

Vaxtilə Azərbaycan yığmasının da şərəfini qoruyan Cahangir Həsənzadə gələcəkdə daha güclü milli komanda görəcəyinə inandığını söylədi. O, bunun üçün ilk növbədə aşağı yaş qruplarında inkişaf üçün atılan addımların doğru olmasının vacibliyini vurğuladı. Həsənzadə hələ yolun başlanğıcında olduqlarını və doğru istiqamətdə inkişaf etmək istədiklərini söylədi:

"Biz hələ yolun başlanğıcındayıq. Bu gün mən deyə bilmərəm ki, gələcəkdə necə olacaq. Biz doğru yolda irəliləmək istəyirik. İnkişaf üçün addımlar atırıq. Digər federasiyaların təcrübəsindən, akademiyaların təcrübəsindən yararlanaraq bəzi addımlar atırıq. 10 ildən sonra daha güclü olacağıqmı? İnanıram ki, hə. Düzgün addımlar inkişafa aparacaq. Əminəm ki, daha güclü yığma komanda və keyfiyyətli oyunçulara sahib olacağıq".

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu



oxunma sayı: 858 | Paylaş:




?>